Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edir



Mayın 2-də Bakı İdman Sarayında yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnirin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Azərbaycanda idman siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, məhz bu uğurlu siyasət nəticəsində ölkəmizin möhtəşəm qələbələrə imza atdığını vurğulayıb. Qeyd edilib ki, idmançılara dövlət qayğısı ilə yanaşı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ən müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Təqdirəlayiq haldır ki, idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə parlaq nailiyyətlərə imza ataraq Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirirlər. Azərbaycan ən nüfuzlu idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir.
Sonra çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən stolüstü tennisin inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və ulu öndər Heydər Əliyevin ildönümü ilə əlaqədar keçirilən turnirdə iştirak edən idmançılara uğurlar arzulayıb.
Sonra yarışlara start verilib.
Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyadan olan 70-dən çox stolüstü tennisçi medallar uğrunda mübarizə aparır. Turnirdə 2004-2007 və 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak edirlər.
Yarışa mayın 3-də yekun vurulacaq.



Bu yazı

16960 dəfə oxunub

Tarix

2019-05-02 17:00:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev