“Hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur”


Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və müdrikliyi sayəsində müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu, dünyanı heyrətləndirən bugünkü gerçəkliklərin, gələcəyə aparan uğurlu yolun parametrləri müəyyənləşdirildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi "Əbədiyaşar lider" zirvəsinə yüksəldən də onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır.
Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müasir müstəqil Azərbaycan ulu öndərin şah əsəridir.
Ümummilli lider hər bir sahədə olduğu kimi, idmanda da böyük nailiyyətlərin əldə olunmasına böyük diqqət yetirmişdir. Azərbaycanın böyük idman uğurları bu dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə əldə edilmişdir.
Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlarından olub. Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyətindən bəhs edərək qeyd edirdi: "İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir”.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, bədən tərbiyəsi və idmanın inkişafına dövlət tərəfindən qayğı olmadan müasir tələblərə cavab verən səviyyədə heç bir nailiyyət əldə etmək mümkün deyil.
Müstəqil Azərbaycan Respublikası beynəlxalq idman aləmində layiq olduğu yeri tutmağa səylə çalışır. Uzun illərdən bəri yaşadığımız müharibə şəraitinin ağırlığına-yurd yuvasından qaçqın düşən soydaşlarımızla bağlı çətinliklərə, iqtisadi məsələlərə baxmayaraq, idmançıların bütün problemlərinin həllində hər zaman dövlət qayğısı hiss olunur.
Tarixə nəzər salsaq görərik ki, Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nümunəvi nizamnaməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına yeni impuls verdi. Həmin nizamnamədə deyilir: gənclərin mədəni-məişət şəraitini yaxşılaşdırmaq üçün təşkilatlar tədbirlər görür, onların sağlamlığının möhkəmləndirilməsi və fiziki tərbiyəsinin gündəlik qayğısına qalır.
Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını yalnız məyusluq mənbəyi adlandırmaq ədalətsizlik olardı. Xüsusilə 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda və idmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflic etsə də kütləvi bədən tərbiyəsi sahəsində müəyyən irəliləyişlər şəksizdir. Bu heç də böyük əzmi, iradəsi, fitri istedadı ilə bütün baryerləri aşaraq, dünya idmanı tarixinə parlaq səhifələr yazan idmançılarımızın uğurlarının əhəmiyyətini azaltmır. Ötən onilliklərdə dövlətimiz bu sahəyə xeyli vəsait yönəltmişdir. Hər rayonun, şəhərin qəsəbənin, kəndin, məhəllənin, məktəbin, müəssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır.

Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində Respublikanın bədən tərbiyəsi və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Həmin yığıncaqda respublikada bədən tərbiyəsi və idman işinin vəziyyətinə ətraflı və işgüzar təhlil verildi.
Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
"Dostluq-84” yarışlarında dünyanın 50 ölkəsindən 2364 idmançı çıxış etmişdi. Yarışlar ölkəmizin və xarici ölkələrin Ümumittifaq və beynəlxalq dərəcəli (1.100) hakimləri tərəfindən idarə olunurdu. "Dostluq-84”yarışlarının təşkilat komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. "Dostluq-84”yarışlarının idarə olunmasına Azərbaycanın bir sıra görkəmli hakimləri də dəvət olunmuşdu. Bu yarışlarda həndbol üzrə E.Əsgərova və avar çəkənlərimiz qızıl medal qazanmışlar.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət dəyişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahəyə məsul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə Milli Məclis tərəfindən "Bədən Tərbiyəsi və İdman Haqqında” Qanun qəbul edildi (23.12.1997). 18 aprel 2001-ci ildə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirliyi (ARGİTN) yarandı.


1972-2000-ci illər ərzində xalqımızın ümummilli lideri Heydər Əliyev beş dəfə Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir-dua verib (XX Yay Olimpiya Oyunları, 1972-Münhen, XXI Yay Olimpiya Oyunları, 1976-Monreal, XXII Yay Olimpiya Oyunları, 1980-Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney). Həmin Olimpiya Oyunlarında olimpiyaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu bir yerdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir: "... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi”.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya Hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili
adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik”.
Ümummilli lider Heydər Əliyev səhiyyə işçiləri ilə görüşündə demişdir: "Hər bir adam üçün, elə cəmiyyət üçün də cansağlığından böyük sərvət yoxdur. Adamların cansağlığının mühafizəsi və möhkəmləndirilməsi birinci əhəmiyyəti olan işdir”. Xalqın cansağlığı ölkənin sərvətidir. Heydər Əliyev Azərbaycan gənclərinin sağlamlığını "dövlət əmlakı” adlandırır və ona görə Azərbaycan dövləti insanların sağlamlığının keşiyində dayanır, adamların cansağlığının möhkəmləndirilməsini birinci dərəcəli vacib məsələ sayır.
Heydər Əliyev idmançıların sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə yüksək nailiyyətlər əldə etmiş idmançılara mükafat və təqaüdlərin verilməsi ilə bağlı sərəncam və fərmanlar imzalamışdır.
Ulu öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə dövlət büdcəsinin ehtiyat fondundan şahmatçıların hər birinə vəsait ayrılmışdır. "İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsininz ki, bu qayğını daim hiss edəcəksiniz” - söyləyən ümummilli lider Heydər Əliyev axıra kimi idmançılarımızın qayğısına qaldı. Belə ki,
dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1995-2002-ci illərdə 24 "Şöhrət” ordeni, 45 "Tərəqqi” medalı, 21 "Əməkdar müəllim”, 10 "Xüsusi Olimpiya təqaüdü” və 21 "Fərdi təqaüd” verilmişdir.
1994-2003-cü illərdə Azərbaycan idmançıları Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatlarında 89 medal qazanmışlar (onlardan 32 qızıl, 22 gümüş, 35 bürünc).
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) növbəti sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev MOK-un prezidenti seçilmişdir. 1997- ci il MOK-un fəaliyyətində əsas dönüş ili kimi tarixə düşüb. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti cənab Jak Roq vermişdir: "Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olmalıdır, Azərbaycan MOK-dan nümunə götürməlisiniz”. O, bunu dünyanın digər milli olimpiya komitələrinə müraciətində demişdir.
Son 28 ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 50-yə yaxın olmuşdur. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır”. FİDE-nin sabiq prezidenti K.İlyumjinov xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın bütün növləri inkişaf edir: "Şahmata marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur.
Prezident İlham Əliyevin idmana dövlətə qayğısı və diqqəti nəticəsinədə Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor





Bu yazı

7805 dəfə oxunub

Tarix

2019-05-07 13:52:35

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev