“İdrak” liseyi gələcəyə işıq saçır



Təhsil hər millətin gələcəyi, işıqlı sabahınin təminatçısıdır. Dövlətimizə layiqli vətəndaşlar, peşəkar kadrlar yetişdirmək üçün ölkəmizdə yüzlərlə təhsil müəssisəsi fəaliyyət göstərir. Bu gün onların əksəriyyətində yüksək ixtisaslı pedaqoji kollektiv çalışır vəhəmin məktəblər müntəzəm olaraq çəkilən zəhmətin bəhrəsini görür, uğurlar əldə edirlər. Onlardan biri də "İdrak” liseyidir. Lisey 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb. 2014-cü ildən isə Bakı filialı fəaliyyətə başlayıb. Elə həmin vaxtdan etibarən liseyin Bakı filialının şagirdləri nəinki təhsildə, eləcə də, idmanda, incəsənətdə müntəzəm olaraq uğurlar qazanırlar. Bu yaxınlarda adı çəkilən təhsil ocağının onuncu sinif şagirdi Nazim Həsənov məşğul olduğu kikboksinq idman növü üzrə respublika çempionu olub. Bu, məktəbin hələ ki, sonuncu nailiyyətlərindəndir.
Bir neçə gün əvvəl haqqından danışdığımız liseydə olub, təhsil müəssisəsinin qazandığı uğurlar, idman həyatı, həmçinin Nazimin dərsləri, ona olan münasibətlə bağlı məlumat aldıq. Məlum oldu ki, yeniyetmə idmançı dərslərinə də həvəslə, məsuliyyətlə yanaşır.

Əvvəlcə, liseyin direktor müavini Nilufər Əliyeva ilə həmsöhbət olduq. Onun sözlərinə görə uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı təhsil ocağının qarşısına qoyduğu əsas məqsədlərdəndir. "Sevindirici haldır ki, hər il "İdrak” liseyinin yetirmələri maksimum nəticə göstərərək, ali məktəbə qəbul olurlar. Liseyimizdə müntəzəm olaraq müxtəlif viktorinalar, bilik yarışları təşkil olunur. Şagirdlərimiz riyaziyyat və məntiq üzrə keçirilən "Kenquru” yarışlarında hər dəfə yaxşı nəticələr əldə edirlər. Bu, bizim bütün pedaqoji kollektivin uğurudur. Ancaq qeyd etmək istərdim ki, biz təkcə elmi biliklərlə kifayətlənmir, həm də şagirdlərin fiziki hazırlığına diqqət edirik. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar. Mütəxəssislər də təsdiq edirlər ki, şagirdlərin aydın təfəkkürə, analitik düşüncəyə malik olmaları üçün onların idmanla məşğul olmaları vacibdir. Bu məqsədlə liseyimizdə tennis, futbol, basketbol, üzgüçülük, şahmat, karate və digər idman növləri üzrə məşqlər keçirilir. Liseyimizin şagirdləri arasında idmana maraq böyükdür. Onlardan biri də Nazim Həsənovdur. Əlbəttə, Nazimin hər bir uğurunun arxasında gərgin zəhmət dayanır. Bəzən düşünürlər ki, yeniyetmə həm idmanda, həm də təhsildə fərqlənə bilməz. Lakin Nazim özünün əzmkarlığı ilə göstərir ki, inam, istək olan yerdə hər şey mümkündür. Yəni o, dərslərində də fəaldır. Biz hamımız şagirdimizlə fəxr edirik” - deyə direktor müavini qeyd etdi.
Sağlamlıq isə birbaşa idman və bədən tərbiyəsi ilə bağlıdır. Nilufər xanım onu da dedi ki, məktəbin şagirdləri arasında Nazim kimi bacarıqlı idmançılar kifayət qədərdir. Nuray və Ayla Əliyevə hələ azyaşlı olmalarına baxmayaraq, perspektivli idmançılardır. Onlar gimnastika üzrə böyük nəticələr qazanıblar. Məlumdur ki, nizam-intizam hər bir qələbənin əsas açarıdır. Böyük ədib Ceyhun Hacıbəylinin dediyi kimi, tərbiyə insan həyatında ən başlıca amildir. Gərək insan intizamlı olub, verilən tapşırıqları qüsursuz və vaxtında yerinə yetirsin ki, konkret sahədə uğur qazana bilsin. Liseyin tərbiyə işləri üzrə direktor müavini Rübabə Hacıyeva bu haqda danışarkən vurğuladı ki, "İdrak”çıların təlim-tərbiyələrinin yüksək səviyyədə olmalarında onların əksəriyyətinin müxtəlif idman bölmələrində məşq etmələri müstəsna rol oynayır. "Bildiyiniz kimi, idman insanları təkcə fiziki cəhətdən inkişaf etdirmir. Həm də onlarda bir çox mənəvi keyfiyyətlər, o cümlədən böyüklərə hörmət, çalışqanlıq aşılayır. Şagirdlərimizin böyük bir hissəsinin idmanla məşğul olmaları onların davranışlarında, hərəkətlərində özünü göstərir. Hazırda aşağı siniflərdən 84, yuxarı siniflərdən isə 70-ə yaxın şagird tennislə məşğuldur. Futbolçu şagirdlərimizin sayı isə 100-ə yaxındır. Üzgüçülüyün sirlərini öyrənənlərin sayı nisbətən azdır. Çünki liseyimizdə aşağı siniflər üçün üzgüçülük məşqləri keçirilmir. Şahmat ən sevilən idman növlərindəndir. Kənan Əsgərli, Fərid Qəribov bu idman növü üzrə fərqlənən şagirdlərdəndirlər. Müəllimlərin fikrincə, onlar gələcəkdə ölkəmizi hətta beynəlxalq arenalarda təmsil edə bilərlər” - , deyə Rübabə xanım fərəh hissi ilə şagirdlərindən danışdı.
Təcrübələr göstərir ki, idmanla məşğul olanlar həm də analitik düşüncə tərzlərinə, daha tez və sürətli qərar qəbul etmə bacarıqlarına görə həmyaşıdlarından fərqlənirlər. Onlar daha məqsədyönlü hərəkətlər edir, qətiyyətli addımlar atırlar. Nazimin riyaziyyat müəllimi Mənzər Bağırova da bu fikirdədir ki, idmanla məşğul olandan sonra Nazim dərslərinə daha məsuliyyətlə yanaşmağa başlayıb. "Nazim mənim sevimli şagirdlərimdən biridir. Onun pozitiv əhval-ruhiyyəsi, dostlarına olan mehriban münasibəti, incə yumor hissi riyaziyyat kimi çətin fənni çox rahat şəkildə mənimsəməsinə kömək olur. Riyaziyyata olan böyük marağı, qabiliyyəti nəticəsində verilən tapşırıqları asanlıqla, sürətlə, bəzən hətta şifahi həll etməyə nail olur. Nazim eyni zamanda dərsdən kənar fəaliyyətə qoşularaq riyaziyyat olimpiadalarında, intellektual yarışlarda, müsabiqələrdə fəal iştirak edir. Mən sevimli şagirdimin parlaq gələcəyinə inanıram. Digərlərinə məsləhət görürəm ki, onlar da idmanla məşğul olsunlar. Çünki idman hamı üçün vacibdir”, - deyə Mənzər müəllimə öz fikirlərini bildirdi.

Liseyin tarix müəlliməsi Aynurə İsmayılova bildirdi ki, bir müddət Nazimə tarix fənnindən dərs deyib. "Nazim ilk gündən özünü məsuliyyətli, savadlı və intizamlı şagird olduğunu təsdiqlədi. Tarixi çox sevir və dərslərinə yaxşı hazırlaşır. Bu mənada bir müəllim kimi fəxr edirəm ki, onun kimi şagirdim olub”.
Müəllimləri Nazim haqqında xoş sözlər dedilər. Bəs, görəsən, o, sinif yoldaşları ilə münasibətdə necədir? Bu suala cavab tapmaq üçün respublika çempionunun sinif yoldaşlarından bir neçəsi ilə həmsöhbət olduq. Sevindirici haldır ki, onlar da Nazimi əsl dost kimi xarakterizə etdilər. Şagirdlərdən Rəsul Nağıyev Nazim haqqında bunları dedi: "Nazim mənim ən yaxın dostlarımdan biridir. Tez-tez bir-birimizə dərslərimizdə kömək edir, məsləhətləşirik. Çox sevinirəm ki, onun kimi dostum var”.
Nazimin daha bir sinif yoldaşı İlqar Xıdırovun fikrincə isə, Nazim sinifin liderlərindən biridir. "Tez-tez Nazimdən məsləhət alırıq. Bəlkə də, fəallığı bəzən ona mane olur. Ancaq hər şeyə rəğmən hamı Nazimi çox istəyir.”
Bütün bunlar bir şagird, bir idmançı, gələcəyin layiqli vətəndaşı barəsində deyilən ən xoş sözlərdir. Hesab edirik ki, yazının qəhrəmanı əldə etdiyi nailiyyətlərlə cəmiyyətimizdə layiqli mövqe tutacaq. Bunu zaman göstərəcək.

Kənan Novruzov



Bu yazı

11864 dəfə oxunub

Tarix

2019-05-14 10:01:19

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev