Kikboksinqçilər Naxçıvanda bir araya gəliblər



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr və kadetlər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirinə yekun vurulub.
Turnirdən öncə Naxçıvan Muxtar Respublika Stadionunda məşqçi-müəllimlər və hakimlər üçün seminar təşkil olunub. Seminarda çıxış edən yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi, WAKO beynəlxalq dərəcəli hakim Elnur Alıyev yeni qaydalar haqqında məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə Bakı şəhəri, "Neftçi”, "Teyd”, "Qarabağ”, "Zirvə”, "Alliqator”, "Ağsu”, "Ağcabədi” və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, İran İslam Respublikasının və Rusiya Federasiyasının komandaları da mübarizə aparıb.
Turnirdə 100-ə yaxın idmançı rinqə çıxıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra turnir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansamblının bir-birindən rəngarəng ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində final görüşlərinə start verilib.
Əvvəlcə rinqə kadetlər (10-13 yaşlılar) çıxıb. Şahin Əfəndiyev (26 kq), Ramal Qəribli (28 kq), Sübhan Məmmədov (32 kq), Kənan Cəfərov (37 kq), Vüqar Məmmədov (42 kq), Əsgər Musayev (47 km) və Zeynalabdin Musayev (+47 kq) öz çəki dərəcələrində bütün rəqiblərini üstələməyi bacarıblar.
13-15 yaşlı yeniyetmələrin mübarizəsində isə Azər Zamanlı (39 km), Nicat Abbasov (42 kq), İsmayıl Yaqubov (47 kq), Əli Qasımov (52 kq), Fərid Məhərrəmov (57 kq), Ərşia Əhmədian (63 kq, İran), Nəriman Nərimanov (69 kq) və Şakir Həmzəyev (+69 kq) hamıdan güclü olublar.
15-17 yaşlı yeniyetmələr arasındakı görüşlər isə daha maraqlı idman mübarizəsi şəraitində keçib. Bu yaş qrupunda Mehran Salehian (57 kq, İran), Kian Rzazadə (60 kq, İran), Aqşin Hacızadə (71 kq), Qədir Məmmədrza (75 kq, İran) və Rza Rəhimpur (91 kq, İran) turnirin qalibi adını qazanıblar.
Qızların mübarizəsində isə Xədicə Mustafayeva (32 kq) rinqdə bütün rəqiblərinə qalib gəlməyi bacarıb.
Komanda hesabında isə bütün çəkilərdə uğurlu nəticə göstərən "Neftçi” komandası "Heydər Əliyev kuboku” turnirinin qalibi olub və kubokla mükafatlandırılıb.
Elnur Alıyev, Könül İsmayılova və Təbriz İmanov Naxçıvanda kikboksinqin inkişafına göstərdikləri dəstəyə görə muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi mükafatla təltif olunublar.


Bu yazı

12800 dəfə oxunub

Tarix

2019-06-11 17:41:57

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev