Paytaxtımız beynəlxalq turnirə uğurla ev sahibliyi etdi


Bakı İdman Sarayında badminton üzrə "Azerbaijan International 2019" turniri təşkil olunub. Beynəlxalq turnir Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Badminton Federasiyasının (ABF) təşkilatçılığı, Dünya Badminton Federasiyasının və Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə keçirilib.
Ümumi mükafat fondu 25 min ABŞ dollar olan "Azerbaijan International 2019" turnirində 39 ölkədən 248 idmançı birincilik uğrunda mübarizə aparıb. Bu Tokio - 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran "International Challenge” kateqoriyalı yarışlar üçün rekord göstəricidir.
Bakı yarışı, həmçinin iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarından əvvəl badmintonçular üçün sonuncu ciddi sınaq olub.
Azərbaycan bu beynəlxalq turnirdə 20 badmintonçu ilə təmsil olunub.
Turnirdə 5 kateqoriya üzrə qaliblərin adları məlum olub.
Kişilərin şəxsi yarışında finalda isveçli Feliks Burestedtə 2:0 (21-13,21-12) hesabı ilə qalib gələn Danimarka badmintonçusu Ramsus Genke turnirin qalibi adını qazanıb.
Qadınların şəxsi yarışında Tailand badmintonçusu Pittayaporn Çaivan hamıdan güclü olub. O, həlledici görüşdə Belçika təmsilçisi Lian Tan üzərində 2:0 (21-15,21-16) hesablı qələbə qazanıb. Qarışıq qoşa yarışlarda fransalı Tom Jikel-Delfin Delru tandem alman Mark Lamsfuss-İzabel Hertriç cütündən güclü olub 2:1 (9-21,23-21,21-15). Qadınların qoşa yarışında ingiltərəli Kloe Börç-Lauren Smit cütü Rusiya idmançıları
Yekatirina Bolotova-Alina Davletova 2:0 (21-18,21-12) hesabı ilə qalib gəlib.
"Azerbaijan International 2019" turnirinə kişilərin qoşa yarışı ilə yekun vurulub. Bu kateqoriya üzrə həlledici görüşdə İngiltərə badmintonçuları Markus Ellis-Kris Lanqric almaniyalı Mark Lamsfuss-Marvin Seidel cütünə 0:2 (17-21,21-23) hesabı ilə uduzub.
Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Türkiyə Badminton Federasiyasının prezidenti Murad Özmekik, Azərbaycan Badminton Federasiyasının vitse-prezidentləri Balaş Qasımov, Mirzə Orucov və Emin Zeynalov, Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev qaliblərə medal və müvafiq pul mükafatları təqdim ediblər.



Bu yazı

1929 dəfə oxunub

Tarix

2019-06-09 10:25:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev