Minsk-2019-a yollanacaq idmançılar və nümayəndə heyəti ilə görüş keçirilib


İyunun 10-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Minsk-2019 ikinci Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Fərid Mansurov, Minsk-2019 Avropa Oyunlarının Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov, Minskə yollanacaq idmançılar, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, tədbirin təşkil olunmasında əsas məqsəd nümayəndə heyətini vacib məsələlərlə bağlı məlumatlandırmaqdır.
Yarışa böyük nümayəndə heyəti ilə yollanacaqlarını vurğulayan Çingiz Hüseynzadə qeyd edib ki, Oyunların açılış mərasimində idmançıların paradında Azərbaycan 80 nəfərlə təmsil olunacaq.
Sonra tədbir iştirakçılarına komanda üzvlərinin Minskdə qarşılanmaları və yarışda iştirak məsələləri barədə bir sıra məlumatlar verilib.
Təqdimatda həmçinin, Atletlər Kəndi, idman obyektləri komandamızın qalacağı yer və könüllülər barədə də ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanı Oyunlarda atletlərlə yanaşı, 6 könüllü təmsil edəcək.
Tədbirdə çıxış edən Minsk-2019 Avropa Oyunlarının Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov isə Minskə ilk olaraq yollanacaq komandalar barədə məlumat verib. «Komandamız iyunun 18-də Minskə yollanacaq. Qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışındadırlar. İyunun 8-də Oyunların keçiriləcəyi məkana yollanan qadın güləşçilərimiz Minskdə yerli komanda ilə birgə toplanışını davam etdirir. Bundan başqa, Belarusa Bakıdan ilk olaraq cüdo, boks və atıcılıq üzrə yığma komandalarımız gedəcək”, - deyə Anar Bağırov qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşı Lalə Hacıyeva Minsk-2019 üçün Antidopinq məsələləri və istifadəsi qadağan olunmuş dərman və məhsullar haqqında məlumat verib.
Tədbir sual-cavab sessiyası ilə başa çatdı.
Məlumat üçün bildirək ki, iyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan komandası 11 idman növü üzrə 82 idmançı ilə təmsil olunacaq.


Bu yazı

6120 dəfə oxunub

Tarix

2019-06-10 15:48:49

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev