Yığma komanda: Biz topla deyil, azarkeşlərin əsəblərilə oynayırıq



Milli komandalarımız iyun ayında da bizə böyük hərarət gətirdi. Ardıcıl məğlubiyyətlərdən, özü də doğma azarkeşlər qarşısında futbolun həyəcanını yaşadıq. Bir qrup futbolçudan ibarət «yığmamız» ölkəmizin futbolsevərlərinə xatırlatdı ki, hələ uzun illər boyu futbolda qələbə ümidində olmasınlar. İllərdən bəri ənənələr dəyişmir. U-21 yığmamızın səfərdə lixteynşteynli rəqiblərinə - 1:0 uduzması Azərbaycan futbolunda yayın ən qızmar hadisəsi oldu. Ardınca əsas yığma komandamız Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzdu. Burada mediada da tez-tez hallanan «biabırçılıqdan» söz belə gedə bilməz. Çünki ilk dəfə deyil ki, biz mili komandalarımız biz qələbə sevinci yaşamaq hissindən məhrum edirlər, necə deyərlər artıq öyrəncəliyik. Stadionlarımızda daim «istefa» şüarları səslənir. Kimə ünvanlanır bu şüar? Kim məsuliyyəti öz üzərinə götürür? Yenə baş məşqçi? Nə haraydı, bu məşqçi təzə gəlib axı. Hamı dəllallığı futbolumuzun üzərində öyrənir. İmkan verək ki, Nikola Yurçeviç də bir sənət sahibi olsun, ailəsini dolandırsın. Onsuz da bu «İstefa»nın yiyəsi çıxmayacaq. Nəticədə, Azərbaycan futbolunda tənəzzül davam edəcək. Məsələn, otüstü hokkey kimi…
Viktorina: O hansı mili komandadır ki?
Hər zaman televiziyada intellektual verilişləri izləyirik. Orada idmanla bağlı suallar veriləndə çalışırıq cavabı hamıdan əvvəl tapaq. Bəzən tapırıq, bəzən də səhvə yol veririk. Tamaşaçıları daha çox futbolla bağlı suallar maraqlandırır. Hansı komanda neçə dəfə çempion olub? Müxtəlif yarışlarda ən çox qol vuran futbolçu kimdir? Milli komandalar arasında beynəlxalq yarışlarda ardıcıl qələbə qazanan yığma hansıdır? Hansı məşqçi yığma komandada göstərdiyi yüksək nəticələrə görə tarixə adını qızıl hərflərlə yazdırıb və s. Belə verilişlərdə suallar çox səslənir. Lakin ola bilər ki, dünyanın hansısa ölkəsində sual-cavab viktorinalarında Azərbaycan futbolu ilə bağlı suallar yer alsın.
- Tapın görək o hansı yığma komandadır ki, qələbəsindən çox məğlubiyyəti var?
- Dünyada hansı milli komanda daha çox azarkeşlərini məyus edir?
- Hansı ölkənin gənclərdən ibarət komandası legioner uşaqlardan təşkil olunub?
- Hansı milli komandanın futbolçuları qələbə qazanmadığı təqdirdə bahalı maşınlar sürür, özlərini dünya ulduzları kimi aparır?
- Hansı mili komandanın futbolçularına mənasız yoldaşlıq görüşündəki qolsuz heç-heçəyə görə 5000 min manat mükafat verilir?

- Və sairə…
Yəqin ki, hamı bu sualların bir cavabı olduğunu yaxşı bilir. Çox təəssüf ki, bu suallar super mükafatı qazanmaq üçün həmin iştirakçılara verilməyəcək. Viktorinda heç olmasa bir xal qazanmaq üçün və yaxud ilk mərhələdə iştirakçını həvəsləndirmək məqsədilə belə suallardan istifadə oluna bilər. Əgər həmin suallar ardıcıl düşsə, iştirakçı birini tapıb, sonra bütün cavabların eyni olduğuna görə həm heyrətlənəcək, həm də…
Niyə axı belə olmalıdır?
Qürur insanı yaşadan və onu uğura aparan bir dəyərlidir. Qürur olmadan heç nə mümkün deyil. Milli komandamız bizim qururumuzdur. İstəsək də, istəməsək də bu, belədir. Yığmanın qələbəsi üçün canını fəda etmək istəmirsənsə, hansı qürurdan danışmaq olar? Aşağı yaş qruplarında legioner uşaqlar oynayırsa, onlardan hansı vətənpərvərlik gözləmək olar? Azərbaycan futbolunda bu qədər uğursuzluğa baxmayaraq, yenə valideynlər övladlarını futbol bölmələrinə yazdırırlar. Lakin onlar nə qədər istedadlı olmsalar da, milli komandada oynamaq şansı heçə bərabərdir. Onların arxasında himayəçisi olmasa çətin yığmada yer ala bilsin. Futbol qurumu bilirsiz nə vaxt elə uşaqlarla maraqlanır? Burada özünə qarşı dəyər və diqqət hiss etməyən uşaqlar ölkə hüdudlarından kənarda, yada düşəcək ki, filankəs azərbaycanlıdır. Burada doğulub, boya-başa çatıb. Amma ailəsi onun futbol sevgisini nəzərə alaraq xaricə aparıb. Orada futboldan anlayışı olanlar bu istedadı lazımi qədər dəyərləndiriblər. Həmin vaxtdan sonra xəbər göndəriləcək onun ailəsinə. Ona müxtəlif vədlər veriləcək. Niyə axı belə olmalıdır? Futbolu sevən hər bir vətəndaşımızı bir sual maraqlandırır? Eddi Silvester Pasqual necə oldu ki, Eddi İsrafilov oldu? Maraq üçün deyək ki, bu futbolçu İspaniyada anadan olub, atası anqolalı, anası isə azərbaycanlıdır. Ümumilikdə Eddi İsrafilov da daxil olmaqla Dmitri Nazarov, Riçard Almeyda, Anton Krivotsyuk, Pavel Paşayev və digərləri görəsən hiss edirlərmi ki, ölkəmizin adından çıxış edirlər. Onların geydikləri formanın üzərindəki üçrəngli bayraq üçün vətən övladları canlarını qurban verib? Onları maraqlandıran bu deyil, böyük mükafatlardır. Bərbad və mənasız oyuna görə aldıqları böyük pullar onlar üçün hər şeydən üstündür. Bax, buna görə də, milli komandalarımız Avropada ən zəiflərdən biridir. Azərbaycanla bir qrupda çıxış edən komandalar bu yığmaya «6 xal» gözü ilə baxır və həmişə baxacaqlar. Bizə isə məyusluq və təəssüf hissləri qalacaq.

Yurçeviç Azərbaycan dilində yeni bir söz öyrəndi
Xorvatiyalı məşqçi Nikola Yurçeviçi qınamaq olmaz. Onun əlində lazımi xammal yoxdu ki, o da istifadə etsin. Onu maraqlandıran müqaviləsi və vəd olunan mükafatlardır. İnsafən, Yurçeviç belə gözləmirdi. Düşünürdü ki, Avropa çempionatının seçmə mərhələsində heç-heçə edib, AFFA-dan «nəmər»in alacaq. Ardıcıl 3 utandırıcı məğlubiyyətdən sonra xorvatiyalı baş məşqçi buraya gəldiyinə peşman olub. Bu komanda ilə tezliklə o, yəqin ki, müflisləşəcək. Ən əsası işində dönüş olmasa öz postundan uzaqlaşacaq. Belə olduğu halda onun pul qazanmaq karyerası düyünə düşəcək. Çətin ki, ona başqa bir ölkədə bu cür məsuliyyətli işi tapşırsınlar. Yurçeviç hazırda çox narahatdır. Öz iş yerini yalnız yerli azarkeşlərdən üzr istəməklə qorumaq istəyir. Azarkeşlər isə susmur ki, susmur. Artıq Nikola Yurçeviç Azərbaycan dilində daha bir söz öyrəndi. Həmin sözu ona stadionlara toplaşan minlərlə azarkeş bir ağızdan öyrətdi - «İstefa!» Cənab Yurçeviç, narahat olmayın, bu söz ümumilikdə milli komandaya və Federasiyaya da aiddir. Siz də öz payınızı nə qədər lazımdırsa, götürün. Ölkəmizə elə buna görə gəlməmisinizmi?



Bu yazı

5637 dəfə oxunub

Tarix

2019-06-13 10:50:26

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev