“Qo-o-o-ol” kitabını oxumağa dəyər



Milyonların sevimlisi olan futbola hamı azarkeşlik edir. Amma yaşıl meydançalarda baş verən incə hadisələri və məqamları əbədiləşdirmək, baş verənləri analitik təhlil edərək milyonların diqqətinə çatdırmaq yüksək peşəkarlıq və parlaq istedad tələb edir. Futbol və bu sahədə baş verənlər haqqında analitik mülahizələri və təhlilləri ilə idmansevərlərin diqqətini cəlb edən imzalardan biri də istedadlı qələm sahibi Mobil İsmayılovdur.
Müəllifin indiyədək müxtəlif mövzularda bir neçə kitabı nəşr olunub. Əsasən, publisistik janrda yazılan bu kitablar oxucular tərəfindən rəğbətlə qarşılanıb. İxtisasca hüquqşünas Mobil İsmayılovun buyaxınlarda çapdan çıxan "Qo-o-o-ol” adlı kitabında yer almış məqalələr qeyri-adi, maraqlı üslubda yazılmaqla, peşəkar və analitik təhlilə əsaslanıb. Fərqli üslubu və özünəməxsus dəsti-xətti ilə seçilən Mobil müəllimin müəllifi olduğu bu kitabdakı məqalələr dolgunluğu, obyektivliyi, samballılığı ilə diqqət çəkir. Kitabda müəllif futbolla, "ulduz”larla bağlı maraqlı düşüncələrini sadə dillə oxucuya çatdırmağa çalışır. Kitabla tanış olduqca anlayırsan ki, müəllif futbolda baş verənləri, futbolçuların psixologiyasını gözəl bilir. Müəllifin həm azarkeş, həm futbol yazarı, həm də futbol mütəxəssisi kimi real və inandırıcı müşahidələri diqqətəlayiqdir. Mobil İsmayılov yazılarında müqayisəli təhlil aparmaqla
oxucusuna futbolun bugünkü aktual problemlərindən də söhbət açır.
Gələcəkdə xarici dillərə tərcümə olunması nəzərdə tutulan "Qo-o-o-ol” kitabında Mobil İsmayılovun futbolla bağlı demək istədiklərinin yalnız bir hissəsi daxil edilib. İnanırıq ki, sehrli futbol dünyasının maraqlı məqamlarının yer aldığı bu kitabı oxuyan hər kəs bu dünyanın gözəlliklərinə bir daha yaxından bələd olacaq və müəllifin yeni kitabının ərsəyə gəlməsini səbirsizliklə gözləyəcəklər.
154 səhifədən ibarət "Qo-o-o-ol” kitabı "Elm və təhsil” Nəşriyyatında işıq üzü görüb. On məqalənin yer aldığı kitabın ilk yazısı "Həmin o Eysebio və yaxud çöldə bitən çiçək” adlanır. Ümumiyyətlə, burada Eysebiodan başqa, Maradona, Ronaldinyo, Messi və s. "ulduz”lar barədə maraqlı xatirələr, düşüncələr öz əksini tapıb. Kitabın sonunda müəllifin ekzklüziv müsahibəsi və futbolla bağlı düşündürücü lətifələr, deyimlər verilib.
Bu maraqlı və diqqətinizi cəlb edəcək kitabı şəhərin istənilən kitab mağazalarından əldə emək mümkündür.











Bu yazı

18862 dəfə oxunub

Tarix

2019-06-20 18:27:33

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev