“Judo Club 2012”də karateçilərin kumite üzrə seminarı keçirilib



Bu yaxınlarda Azərbaycanda səfərdə olan Küveytin karate üzrə yığma komandasının keçmiş baş məşqçisi Elnur İbrahim "Judo Club 2012”nin qonağı olub. Hazırda Küveytin "Al Shabab” klubunda baş məşqçi vəzifəsində çalışan həmyerlimiz "Judo Club 2012”nin dəvəti ilə klubun yeniyetmə və gənc karateçiləri üçün seminar keçib. İyulun 3-dən 9-dək keçirilən seminarda təcrübəli mütəxəssis karate üzrə öz bilik və bacarıqlarını idmançılarımızla bölüşüb. Tələbələrə öz ustalığını nümayiş etdirən mütəxəssis müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələrini verib, həmçinin idmançılarımızın suallarını cavablandırıb.
Seminar idmançılar üçün faydalı olmaqla yanaşı, yeniyetmə və gənc karateçilərin yaddaşında unudulmaz hadisə kimi qalıb.
Tədbirin sonunda "Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və baş məşqçisi Namiq Pirverdiyev klubun rəhbərliyi adından dəvəti qəbul edib gəldiyi üçün Elnur İbrahimə minnətdarlığını bildirib.
Seminarın sonunda klubumuzun qonağı olan Elnur İbrahim "Judo Club 2012”nin saytına fikirlərini bildirib. Müasir standartlara cavab verən klubda məşq etmək üçün hər cür şəraitin yaradıldığını qeyd edən təcrübəli mütəxəssis klubun yetirmələrinin gələckdə böyük uğurlara nail olacağına əminliyini ifadə edib: "Klubun çox böyük potensiala malik karateçiləri var. Onlar öz nəticələri ilə bunu təsdiq edirlər. Klubun məşqçisi Namiq Pirverdiyevin yetirmələrindən Fərid Ağayev, Kənan Babayev, Fidan Dadaşova, Nuri Əliyev və Abbas Dadaşov təcrübələri və yüksək hazırlıq səviyyələri ilə məni təəccübləndirdilər. Yeniyetmə karateçilər də məşq zamanı özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Sevindirici haldır ki, Azərbaycanda gələcək üçün böyük potensial vəd edən belə güclü karateçilər yetişir. Təbii ki, yüksək şərait olmadan buna nail olmaq mümkünsüzdür. Klubda həqiqətən də məşq etmək üçün çox yüksək şərait var. Küveytdə olsam da mütəmadi olaraq Azərbaycanın idman uğurlarını izləyirəm. Yaponiyanın cüdo üzrə milli komandası dünya çempionatına hazırlıq səviyyəsini "Judo Club 2012”nin məşq zalında keçibsə, bu, klubun böyük uğurundan xəbər verir. İnanıram ki, gələcəkdə Küveytin cüdo üzrə milli komandası da belə bir zalda klubun yetirmələri ilə birgə hazırlıq prosesində iştirak edəcəklər. Sonda fürsətdən istifadə edib, "Cudo Klub 2012” İctimai Birliyinin sədri Azər Əsgərova və klubun direktoru Hafis Hacıyevə minnətdarlığımı bildiriəm”.
Məlumat üçün qeyd edək ki, Elnur İbrahim 2002-2007-ci illərdə Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi vəzifəsində çalışıb. O, 2007-2008-ci illərdə Türkiyənin Antalya şəhərində "Kamikadze” klubunun, 2009-2014-cü illərdə isə Küveytin karate üzrə milli komandasının baş məşqçisi olub.
Onun hazırladığı azərbaycanlı tələbələr Avropa və dünya çempionatlarının qalib və mükafatçısı olublar. Küveytdə çalışdığı müddətdə Elnur İbrahimin yetirmələri Asiya çempionu, Asiya Oyunlarıın qalibi, Körfəz çempionatının və digər turnirlərin qalib və mükafatçısı adını qazanıblar.



Bu yazı

3728 dəfə oxunub

Tarix

2019-07-13 11:37:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev