İdman kompleksləri idmanın kütləviliyində mühüm rol oynayır


Uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sağlam gələcəyin təməlini qoyur. Bu istiqamətdə yaradılan əlverişli infrastuktur da mühüm rol oynayır. Sevindirici haldır ki, hazırda yeniyetmə və gənclərin peşəkar mütəxəssislərin köməkliyi ilə arzuladıqları idman növlərinin sirlərinə yiyələnmələri üçün ölkəmizdə hər cür şərait var. Paytaxt və bölgələrdə fəaliyyat göstərən Olimpiya idman kompleksləri də idmanın kütləviləşməsində böyük əhəmiyyətə malikdir. Onlardan biri də Hövsan Olimpiya İdman Kompleksidir. Adıçəkilən idman qurğusunun tikintisinə 2007-ci ildə başlanılıb və iki il sonra, yəni 2009-cu ildə istifadəyə verilib. Kompleksin ümumi ərazisi 4,5 hektardır. Üçmərtəbəli binanın ümumi sahəsi 19 min kvadratkilometrdir. Burada üzgüçülük hovuzu, müxtəlif yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün iki universal zal, soyunub-geyinmə otaqları və kafe var. Bir müddət əvvəl kompleksin fəaliyyəti ilə yerində tanış olmaq üçün kompleksin direktoru Elşən Əliyevlə görüşdük. Müsahibimiz söhbət zamanı bildirdi ki, Hövsan Olimpiya İdman Kompleksində müxtəlif idman növləri ilə 500-ə yaxın idmançı məşğul olur. "Kompleksimizdə futbol, cüdo, sambo, boks, kikboksinq, karate, bədii gimnastika, qaydasız döyüş və üzgüçülük bölmələri fəaliyyət göstərir. Burada müxtəlif yaş qrupları üzrə həm oğlan, həm də qızlar məşğul olurlar. Təbii ki, təkmübarizlik idman növləri və futbolla daha çox oğlanlar maraqlanır. Qızlar əsasən, gimnastika, üzgüçülük və rəqs bölmələrimizə üz tuturlar. Qeyd edim ki, cüdo və sambo məşqlərini eyni müəllim keçir. O, kifayət qədər təcrübəyə və peşəkarlığa malikdir. Cüdo, boksa və kikboksinqə böyük maraq var. Doğrudur, yay fəsli olduğu üçün idmançıların sayında azalma müşahidə olunur. Bu, həmişə belə olur. Ancaq ümumilikdə bu idman növləri öz kütləviliyi ilə seçilir. Zallarımız, idman avadanlıqlarımız yüksək standartlara cavab verir. Yəni Hövsan Olimpiya İdman Kompleksində gələcəyin titullu idmançılarının yetişməsi üçün hər cür şərait var” , - deyə Elşən müəllim bildirdi.

Keçirilən məşqlərin keyfiyyətini göstərən ən başlıca amil, sözsüz ki, əldə olunan nəticələrdir. Başqa sözlə desək, titullu idmançılar təmsil etdikləri idman kompleksinin güzgüsüdürlər. Elşən müəllimlə söhbət zamanı məlum oldu ki, Hövsan Olimpiya İdman Kompleksinin nüfuzlu yarışlarda böyük uğurlar qazanan yetirmələri kifayət qədərdir. Onlardan biri karate-do üzrə dünya və Avropa çempionu Elton Əliyevdir. "Elton illərdir ki, Hövsan Olimpiya İdman Kompleksində məşq edir. O, ilk vaxtlardan özünün nizam-intizamı, bacarığı ilə seçilib. Həqiqətən, çox əziyyət çəkir və əldə etdiyi uğurlarla sübut edir ki, heç bir zəhmət nəticəsiz qalmır. Qeyd edim ki, Tbilisidə keçirilən beynəlxalq yarışda Elton zədə almasına baxmayaraq, iki müxtəlif çəkidə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdı. Bununla yanaşı, komandamız bir müddət əvvəl Ruminiyada keçirilən beynəlxalq yarışda uğurla iştirak etdi. Fevral ayında karateçilərimiz İranda təşkil edilən daha bir beynəlxalq turnirdə qüvvələrini sınadılar. Elton Əliyev, Həsən Əhmədov, Cansu Əhmədzadə, Natiq Cəfərov və Əli Vəliyev həmin yarışdan qızıl medalla qayıtdılar. Amil Xəlilov isə yalnız finalda məğlub olaraq ikinciliklə kifayətləndi. Kikboksinqçilərimiz bir müddət əvvəl Ağcabədidə keçirilən yarışda uğurla təmsil olunublar. Onlar da parlaq qələbələr əldə ediblər. Bunlar, demək olar, sonuncu mühüm yarışlar idi. Bildiyiniz kimi, yay aylarında, demək olar ki, yarışlar keçirilmir. Sentyabrdan idmançılarımız yenə də respublikada və beynəlxalq arenalarda öz sözlərini deməyə çalışacaqlar”, - deyə Elşən müəllim əlavə edib.
Elşən müəllimlə söhbətdən sonra Hövsan Olimpiya İdman Kompleksinin boks üzrə məşqçi-müəllimi, respublika dərəcəli idman ustası Vüqar Hüseynovla danışdıq. Vüqar müəllim bildirdi ki, boks kifayət qədər çətin idman növüdür və heç də hamı bu idman növü ilə peşəkar formada məşğul ola bilmir: "Pəşəkar boksçu olmaq insandan gərgin zəhmət, böyük iradə tələb edir. Bu səbəbdən də, bəzən yeniyetmə və gənclər boksla məşğul olmaq istəmirlər. Doğrudur, peşəkar boksda zədə, demək olar ki, qaçılmazdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bir çox idman növləri kimi boks da insanda xarakter formalaşdırır, əzmkarlıq yaradır. Boksla məşğul olanlar mübariz ruhda tərbiyə olunurlar. Mən 2009-cu ildən, yəni Hövsan Olimpiya İdman Kompleksi fəaliyyətə başladığı gündən burada çalışıram. On il ərzində bacarıqlı, titullu idmançıların yetişməsi üçün öz bacarığımı nümayiş etdirmişəm. Məsələn 91 kq çəki dərəcəsində mübarizə aparan Şahin Musayev gənclər arasında Avropa üçüncüsüdür. 2012-ci ildə Avropa çempionatında qüvvəsini sınayan Dərbənd Əliyev də mənim şəxsi yetirməmdir. Belə titullu tələbələrim kifayət qədərdir. Onların hər biri ilə fəxr edirəm.”

Gələcək planlar barədə danışan Vüqar müəllim onu da qeyd etdi ki, qarşıda onları çox ciddi sınaqlar gözləyir. "İyul ayında Dağıstanda məşhur idmançı Əli İdrisovun xatirəsinə həsr edilmiş turnir təşkil ediləcək. Bizə də dəvətnamə gəlib. Artıq hazırlıqlara başlamışıq. Ola bilsin ki, digər klubların idmançıları da mənim rəhbərliyim altında Dağıstanda qüvvələrini sınasınlar. Çalışacağıq ki, maksimum nəticə ilə qayıdaq”, -deyə respublika dərəcəli idman ustası qeyd etdi.
Vüqar müəllimlə söhbətdən sonra Hövsan Olimpiya İdman Kompleksinin cüdo bölməsinin məşqçisi, cüdo və sambo üzrə idman ustası Fərəc Ələkbərzadə ilə danışdıq. Fərəc müəllim bildirdi ki, idmanla məşğul olmaq yeniyetmə və gəncləri təkcə fiziki cəhətdən yox, həm də mənəvi cəhətdən inkişaf etdirir, onlarda möhkəm xarakter yaradır. "Biz təkcə idmançıların texniki-taktiki biliklərinin inkişaf etməsinə, fiziki güclərinin artmasına çalışmırıq, eyni zamanda onları psixoloji cəhətdən hazırlayırıq. Bu, çox mühümdür. Əfsuslar olsun ki, bəzən psixoloji hazırlıq arxa plana atılır. Əslində isə özünəinam hər şeydən vacibdir. Əgər bədəni zəif olan bir idmançı özündən ağır, güclü rəqibinə qalib gələ bilirsə, bu, məhz düzgün psixoloji hazırlıq hesabınadır. Əslində psixoloji hazırlıqla ayrıca mütəxəssis məşğul olmalıdır. Ancaq bir məşqçi-müəllim kimi çalışıram ki, hazırlıqları kompleks şəkildə keçim. Qazandığımız nəticələr göstərir ki, məşqlərimiz, həqiqətən, keyfiyyətli keçir. İdmançılarımız dünyada, Avropada öz sözlərini deməyi bacarırlar. Məsələn tələbələrimdən Nazir Talıbov Asiya ikincisidir. Əmrah Səlimov Avropa Kubokunun qalibi və qitə yarışının bürünc mükafatçısıdır. Onların hər ikisi dəfələrlə respublika və paytaxt çempionu olublar. Hazırda yeni gənc nəsil yetişir. İndiki tələbələrimdən Aliyə İsmayılzadəyə, Fatimə Əliyevaya böyük ümidlərim var. İnanıram ki, tələbələrim gələcəkdə onlara bəslənilən ümidləri doğruldacaqlar.
Qələbəyə gedən yolda psixoloji hazırlığın mühüm rol oynadığını deyən müsahibimiz fikrini yetirmələrindən birinin - Fatimə Əliyevanın timsalında əsaslandırdı: "Fatimə bir neçə ildir ki, mənim rəhbərliyim altında cüdo ilə məşğul olur. O, keçən il ard-arda bir neçə dəfə zədə aldı. Amma ruhdan düşmədi, mübarizə apardı. Məşqlərini davam elətdirdi və nəticədə Bakı üçüncüsü oldu. Bax, bu əsl xarakterdir. Fikrimcə, Fatimə öz xarakteri, mübarizliyi ilə çoxlarına nümunə olmalıdır”.
Fərəc müəllimin tələbələrindən Aliyə İsmayılzadə bizimlə söhbətində bildirdi ki, o, gələcəkdə Zülfiyyə Hüseynova, Kifayət Qasımova kimi tanınmış idmançılardan olmaq istəyir: "Mən beş ildir ki, cüdo ilə məşğulam. İdmana böyük həvəsim var. Düşünürəm ki, həvəs mənə əlavə güc verir. 2017-ci ildə Bakı çempionatının bürünc medalını qazandım. Keçən il Bakı çempionu və Azərbaycan üçüncüsü oldum. Qazandığım qələbələrdə həm məşqçinin, həm də mənim zəhmətim var”.
2012-ci ildən cüdo ilə məşğul olan Hüseyn Niftəliyev isə düşünür ki, idman ilk növbədə sağlamlıq üçündür. O, 2016-cı ilə kimi Naxçıvanda bu idman növünün sirlərinə yiyələnməyə başlayıb. Sonradan isə Fərəc müəllimin məşqlərinə yazılıb. Hüseynin fikrincə, idmançıya lazım olan əsas keyfiyyətlərdən biri səbrdir. "Gərək səbrli olasan ki, istədiyin pilləyə qalxa biləsən. Fərqlənməyə o qədər can atmıram. Müəllimimin tapşırıqlarını qüsursuz və cəld yerinə yetirməyə çalışıram. Bilirəm ki, əgər məşqlərim səmərəli olarsa, nəticə də olacaq”, - deyə H.Niftəliyev qeyd edib.
Göründüyü kimi, Hövsan Olimpiya İdman Kompleksində idmana böyük həvəs və maraq var. Məşqçi-müəllimlər maksimum dərəcədə keyfiyyətli məşq keçməyə, idmançılar isə göstərilən etimadı doğrultmağa çalışırlar. Bunlar isə böyük qələbələrə, tarixi nailiyyətlərə yol açır.
Kənan Novruzov


Bu yazı

4263 dəfə oxunub

Tarix

2019-07-17 16:10:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev