Yunan-Roma güləşçimiz dünya çempionu oldu


Azərbaycan yunan-Roma güləşçisi Nihad Məmmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanıb.
Çempionatın beşinci günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Nihad Məmmədli (55 kq) ilk görüşdə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionumuz daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus idmançısını da vaxtından əvvəl üstələyən N.Məmmədli yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Özbəkistan güləşçisini məğlub edən həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn N.Məmmədli dünya çempionu olub.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Ziya Babaşov (48 kq) əvvəlcə bolqarıstanlı güləşçini məğlub edib. Dörddəbir finalda Cənubi Afrika təmsilçisinə qalib gələn Z.Babaşov yarımfinala yüksəlib. Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən güləşçimiz adını finala yazdırıb. Həlledici görüşdə iranlı güləşçi ilə mübarizədə son dəqiqədə üstünlüyü əldən verən idmançımız gümüş medalla kifayətlənib.
Digər güləşçimiz Xasay Həsənli (65 kq) təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkmədən qalib gəlib. O, növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq X.Həsənli dörddəbir finalda iranlı rəqibinə minimal fərqlə uduzub.



Bu yazı

2662 dəfə oxunub

Tarix

2019-08-03 11:43:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev