DIN IC idmançılsrı bu ilin birinci yarısında 189 medal qazanıblar



Daxili İşlər Nazirliyinin (DİN) "Dinamo” İdman Cəmiyyəti 2019-cu ilin birinci yarısında idman və bədən tərbiyəsinin inkişafı istiqamətində görülən işləri davam etdirərək bir sıra uğurlara imza atıb. Cəmiyyətdə fəaliyyət göstərən idman bölmələrində təlim prosesinin təşkili, qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsi və idmançıların qarşıdakı yarışlara hazırlıqlarının təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilib.
DINIC-dən verilən məlumata görə, cari ilin 6 ayı ərzində daxili işlər orqanlarında xidmət edən 100-dən artıq əməkdaş tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda qazanılmış 24 medaldan 15-i ölkənin milli komandalarının tərkibində beynəlxalq arenalarda, Avropa və dünya çempionatlarında əldə olunub. Bu ilin birinci yarısında DİN-in İdman Cəmiyyətinin təmsilçiləri tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 189 medal qazanılıb. Onların 77-si qızıl, 42-si gümüş, 70-i isə bürüncdür. Bu medalların 86-sı yeniyetmələrin, 43-ü gənclərin, 60-ı isə böyüklərin payına düşür. Medallardan 47-si beynəlxalq miqyaslı, 142-si isə respublika əhəmiyyətli birincilik və çempionatlarında qazanılıb.
Ümumi nəticələrə gəldikdə, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komanda Azərbaycan çempionatında birinci, gənclər isə ikinci yeri tutub. Yunan-Roma güləşi və cüdo üzrə böyüklərdən ibarət komandalar Azərbaycan çempionatında ikinci olublar. Cəmiyyətin boksçuları böyüklər arasında keçirilmiş yarışlarda birinci, gənclər və yeniyetmələrin ölkə birinciliyində ikinci yerləri tutublar. Kikboksinq üzrə Azərbaycan birinciliyində isə cəmiyyətin gənclərdən ibarət komandası birinci, yeniyetmələrin komandası ikinci olub.
İyunun 21–30-da Minskdə keçirilən ikinci Avropa Oyunlarının sambo yarışlarında uğurla çıxış edən DİN idmançısı Mehman Xəlilov (57 kq) bürünc medal qazanıb.
İyulun 21–27-də Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında DİN-in İdman Cəmiyyətinin üzvləri də uğurla çıxış ediblər. Sərbəst güləşçi Sabir Cəfərov (60 kq), Kənan Heybətov (51 kq) qızıl, Mərziyyə Sadıqova (61 kq) gümüş, Nigar Mirzəzadə (65 kq) bürünc medal qazanıblar.
Ötən aylar ərzində keçirilmiş yarışların yekunlarına əsasən Cəmiyyətin 100-ə yaxın təmsilçisi müvafiq idman növləri üzrə ölkənin milli komandalarının heyətinə cəlb edilib.
Hazırda İdman Cəmiyyətinin Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərləri üzrə regional qurumlarında idmanın 16 növü üzrə 500-dək yeniyetmə və gənc məşğul olur ki, onlardan da təqribən 65-70 faizi DİN əməkdaşlarının ailə üzvləridir. Cəmiyyətdə böyük ənənələri olan sərbəst və yunan-Roma güləşi, cüdo, boks və taekvondo əsas dayaq idman növləri sayılır.
Cari ilin müvafiq dövründə idman cəmiyyətinin məşqçi-müəllim heyəti ilə keçirilən iclaslarda idman bölmələrində təlim-məşq prosesinə, idmançılarla tərbiyəvi işin təşkilinə, həm zallarda, həm də yarış arenalarında nizam-intizama, nümunəvi davranış qaydalarına ciddi əməl olunmasına nəzarət və tələbkarlığın daha da artırılması barədə göstərişlər verilib.
Bu ilin birinci yarısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, dövlət bayramlarına həsr edilən, həmçinin idmanın kütləviliyinin artırılması məqsədilə keçirilən yarışlarda 800-dək idmançı iştirak edib. Mükafatçılar sırasında yer alan idmançılar Cəmiyyətin yığma komandasının tərkibinə daxil ediliblər. Ölkə və beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlərə imza atmış idmançılara rəhbərlik tərəfindən müavinətlər ayrılıb.
Cari ilin müvafiq dövründə Cəmiyyətin ölkə və beynəlxalq miqyaslı yarışlarda fərqlənmiş idmançılarından 20 nəfər birinci dərəcə, 4 nəfər idman ustalığına namizəd, 6 nəfər idman ustası dərəcə normativlərini doldurublar. Respublikanın idman həyatında göstərdiyi yüksək nailiyyətlərə görə Vüsal Gözəlov (boks) Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülüb.



Bu yazı

9358 dəfə oxunub

Tarix

2019-08-07 17:31:04

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev