Rza Əliyev: “Komandada milli kadrların və idmançıların sayı kifayət qədər artıb”



Kişi idman gimnastikası üzrə yığmanın baş məşqçisi Rza Əliyevlə MGA-da, məşq prosesində görüşdük. Təcrübəli məşqçi qəzetimizə gimnastikaya gəlişindən, məşqçi karyerasından, yetirmələrindən danışdı.

- Valideynlərim məni gimnastikaya ilə lap kiçik yaşlarında gətiriblər. Hardasa 5-6 yaşım olardı. Uşaqlıqda çox dəcəl olmuşam, evdə sındırmadığım əşya, mebel qalmayıbmış (gülür). Atam da, qardaşım da idmançı olublar. Atam boks, qardaşım isə üzgüçülüklə məşğul olub. Hələ ADBTİA-da təhsil alanda məşqçiliyə böyük həvəsim var idi. 2-ci kursdan başlayaraq məşqçi köməkçisi işlədim. Artıq 17 ildir ki, məşqçilik fəaliyyəti ilə məşğul oluram. Bu sahə üzrə 2-ci beynəlxalq dərəcəli mütəxəssisəm. Mən həm də kişi idman gimnastikası üzrə 1-ci, qadın idman gimnastikası üzrə 2-ci beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərirəm. Yeri gəlmişkən, həm qadın, həm də kişi gimnastikasında hakimlik edənlərin sayı barmaqla sayılacaq qədər azdır. Yetirmələrim beynəlxalq yarışlarda uğurlar qazanır, mükafatalayiq yerləri tuturlar.

- Məşqçilik həm çətin, həm də şərəfli peşədir?

- Məşqçilik insandan səbr, dözüm və zəhmətsevərlik tələb edir. Təbii ki, çətin olduğu qədər də, şərəfli peşədir. Qeyd edim ki, biz işə sıfırdan başlayandaçox çətin idi. Komandada yerli idmançılar azlıq təşkil edirdi. Hazırda komandada milli kadrların və idmançıların sayı kifayət qədər artıb. Gənclərdə ancaq bir legionerimiz var. Hər il məktəblərdən yığmaya perspektivli idmançılar cəlb olunur, zalların sayı artır. İdmançıların məşq etmələri üçün MGA-da yüksək səviyyədə şərait yaradılıb. Federasiya rəhbərliyinin köməyi və dəstəyi ilə ildən-ilə uğurlarımızın sayını artırır, nəticələri yaxşılaşdırırıq.

- MGA-da birgə təlim-məşq toplanışları bizə nə verir?

- Milli Gimnastika Arenası həm də birgə təlim-məşq toplanışlarının keçirildiyi gözəl məkandır. Arenamız müxtəlif ölkələrdən gələn idman həvəskarlarını valeh edir. Qazaxıstan, İsrail, Səudiyyə Ərəbistanı, Misir və başqa ölkələrdən bura gəlirlər. Biz təcrübə mübadiləsi aparırıq. Necə deyərlər, onlar bizdən, biz də onlardan öyrənirik.

- İdmançının və məşqçinin karyerasında ən yüksək zirvə hansıdır?

- Əlbəttə ki, idmançı üçün Olimpiya çempionu olmaq ən yüksək zirvədir. Olimpiya çempionu yetişdirən məşqçi isə mənim fkrimcə, dünyanın ən xoşbəxt insanıdır. İdmançı qələbə qazanırsa, demək ki, məşqçi əziyyət çəkib.

- XV Avropa Gənclər Olimpiya Festivalında qazanılan gümüş medal idman gimnastikasının inkişafını bir daha təsdiqləyir.

- EYOF-a hazırlıqlara xeyli vaxtdır ki, start vermişdik. Buna qədər idmançılarımız Macarıstanda, Almaniyada keçirilən yarışlarda, sonra buyaxınlarda idman gimnastikası üzrə dünya çempionatında iştirak etmişdilər. Sevinirəm ki, əvvəlcədən də gözlədiyimiz kimi Səməd Məmədli medalsız qalmadı. Gələn il ölkəmizdə Avropa çempionatı keçiriləcək. EYOF-dan dərhal sonra biz həm də bu yarışlara hazırlaşacağıq.

- Tokio-2020 Olimpiadasına hazırlıqlar hansı səviyyədə gedir?

- Perspektivli idmançılarımızdan Nikita Simonovun adını çəkə bilərəm. O, Dünya kuboku yarışlarında yaxşı nəticə göstərib. İdmançımız olimpiadaya lisenziya verən dünya çempionatında iştirak edəcək. Rəqiblər çox güclüdür, amma ümid edirik ki, nəticəmiz olacaq. İvan Tixonov da bacarıqlı gimnastlarımızdandır. O, çoxnövçülükdə qüvvəsini sınayır və Minsk-2019 Avropa Oyunlarında və XXX Ümumdünya Yay Universiadasında finala düşməyə müvəffəq olub. Biz əlimizdən gələni edirik, sonrasını zaman göstərəcək.

Səadət Hakıyeva



Bu yazı

10516 dəfə oxunub

Tarix

2019-08-08 13:26:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev