Azərbaycan millisi “Gündoğar ölkə”də 16 cüdoçu ilə mübarizə aparacaq


Avqustun 25-dən sentyabrın 1-dək Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Yarışda 149 ölkədən 866 (524 kişi, 342 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparacaq. Rekord sayda idmançının iştirak edəcəyi çempionatda Azərbaycan yığması 16 (9 kişi, 7 qadın) cüdoçu ilə təmsil olunacaq. Komandamız ilin ən nüfuzlu yarışında qızlar arasında Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Günel Həsənli (70 kq), İrina Kindzerska (+78 kq) ilə mübarizə aparacaq. Oğlanların yarışlarında isə Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) güclərini sınayacaqlar. Mundial 1964-cü ildə Tokio Yay Olimpiya Oyunlarında cüdo yarışlarının keçirildiyi "Nippon Budokan” arenasında təşkil olunacaq. Dünyanın ən güclü cüdoçuları Tokio-2020-yə lisenziya əldə etmək üçün bütün qüvvələrini səfərbər edəcəklər. Olimpiya Oyunlarının formatına tam uyğun qaydada keçiriləcək dünya çempionatı səkkiz gün davam edəcək. Yeddi gün ərzində keçiriləcək fərdi mübarizələrdən sonra sentyabrın 1-də qarışıq komanda yarışı keçiriləcək.
Xatırladaq ki, sonuncu dünya çempionatı ötən ilin sentyabrında Bakıda keçirilib. 800-dək cüdoçunun mübarizə apardığı həmin mundialda Azərbaycan idmançıları 1 gümüş və 1 bürünc medal qazanıblar.



Bu yazı

8338 dəfə oxunub

Tarix

2019-08-20 17:00:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev