On ikinci Afrika Oyunları keçirilir



Mərakeşdə, Rabatın şahzadə Mulay Abdulla adına idman kompleksində Afrika Oyunlarının təntənəli açılış mərasimi təşkil edilib. Bu, qitə tarixində 12-ci yarışlar olacaq.
Müasir rəqəmsal texnologiyanın tətbiq olunduğu, populyar müğənni və rəqs kollektivlərinin iştirak etdiyi rəngarəng şounu tribunaya toplaşan minlərlə tamaşaçı izləyib. Fəxri qonaqlar kürsüsündə ölkə kralının qardaşı, şahzadə Mulay Rəşid, Afrika İttifaqı komissiyasının sədri Musa Faki Mahamat və digər yüksəkvəzifəli şəxslər əyləşiblər.
Mərasimdə Afrika İttifaqının himni, Olimpiya himni və Mərakeşin milli himni səsləndirilib. Şahzadə Mulay Rəşid avqustun 31-dək davam edəcək Afrika Oyunları – 2019-un açılışını elan edib.
Kral VI Məhəmmədin himayədarlığı ilə keçiriləcək yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 6400-ə yaxın idmançı iştirak edir. Onlar idmanın 29 növündə, o cümlədən yüngül atletika, basketbol, güləş, velosiped idmanı, voleybol, həndbol, gimnastika, kanoyda avarçəkmə, cüdo, karate, atçılıq idmanı, üzgüçülük, tennis, qılıncoynatma, futbol, şahmat və s. növlərdə medallar uğrunda mübarizə aparacaqlar. İdmanın 17 növündə isə Tokio Yay Olimpiya Oyunlarına lisenziyalar oynanılacaq.
Yarışlar altı şəhərdə - Rabat, Sale, Kasablanka, Bensliman, Temara və Əl-Cədiddə keçiriləcək. Ümumafrika şahmat çempionatı ekspertlərin və azarkeşlərin ayrıca diqqətini çəkir. Çempionat Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayədarlığı ilə Oyunlar çərçivəsində avqustun 23-dən 28-dək Kasablankada təşkil olunacaq.
Qeyd edək ki, Afrika Oyunları ilk dəfə 1965-ci ildə Brazzavildə (Konqo Respublikası) təşkil olunub. Mərakeşdə daha əvvəl qitə yarışları keçirilməyib. Oyunların Təşkilat Komitəsi qonaqlara kömək məqsədilə iki midən artıq könüllü cəlb edib.


Bu yazı

4405 dəfə oxunub

Tarix

2019-08-21 12:14:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev