Zülfüqar Süleymanov: “Fəxr edirəm ki, belə bir ailədə dünyaya gəlmişəm”

"Olimpiya dünyası” qəzeti olaraq oxucularımıza hər zaman müxtəlif idman növləri və atletlərimizin uğurları barədə məlumatlar veririk.
Azərbaycanda iz qoyan idmançı ailələr də az deyil.
Belə ki, Süleymanovlar ailəsi Azərbaycanda, bəlkə də, bütün dünyada ən böyük idmançı ailəsi sayıla bilər. Süleymanovlar ailəsində güləş və ağırlıqqaldırma üzrə müxtəlif beynəlxalq yarışların qalibləri var. Bu yaxınlarda həmin ailənin üzvü, Avropa çempionatlarının mükafatçısı, III İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Zülfüqar Süleymanov redaksiyamızın qonağı oldu. O, suallarımıza səmimi cavab verdi.


- Zülfüqar, əvvəlcə oxucularımıza nailiyyətlərin barədə məlumat verərdin.
- İdmanla 1989-cu ildən məşğul olmağa başlamışam. Böyük qardaşımın tövsiyəsi ilə 10 ilə yaxın yunan-Roma güləşi ilə məşğul oldum. Amma o vaxtlar bu idman növündə maddi vəziyyət çox pis idi, hətta yarışlara da öz hesabımıza gedirdik. Bu səbəbdən 5-6 ay həm güləş, həm də ağırlıqqaldırma ilə məşğul oldum. Sonradan isə peşəkar fəaliyyətimi ağırlıqqaldırma idman növündə davam etdirməyi qərara aldım. 2007-ci ilin aprel ayında keçirilən böyüklər arasında Avropa çempionatında təkanla qaldırmada üçüncü yeri tutdum. 2008-ci ildə qitə çempionatında böyüklər arasında yarışda yenə eyni nəticəni təkrarladım. Həmin il İranda Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq turnirdə həm birdənqaldırma, həm təkanlaqaldırma, həm də ümumi nəticədə üç qızıl medal qazandım. Buna baxmayaraq, məni Olimpiya Oyunlarına aparmadılar. Mənim əvəzimə aparılan idmançının isə heç bir nəticəsi olmadı. Olimpiya Oyunlarında o, heç sıralamaya da düşmədi. Sonradan baş məşqçi özü də məni yarışa aparmadığına görə peşman olduğunu etiraf etdi. Lakin bu heç nəyi dəyişmədi. Mənim ən böyük arzum Olimpiya Oyunlarında iştirak etmək idi. Karyeramın ən pik vaxtında buna mane oldular. 2009-cu ildə yenidən böyüklər arasında Avropa çempionatında iştirak etdim və həmin yarışda ikinci yeri tutdum. Dünya çempionatında isə dördüncü oldum.


Həmin yarışda medal qazanmaq üçün böyük şansım olsa da, məşqçinin səhvinə görə mükafatlardan kənarda qaldım. Həmin vaxtı təlim-məşq toplanışı zamanı dünya rekordu müəyyənləşdirmişdim. Bu nəticə onu göstərirdi ki, mən dünya çempionatında medal qazanmalı idim. Lakin bolqarıstanlı mütəxəssisin səhv qərarına görə medalı əldən verdik. Onun tapşırığı ilə 125 kq çəkini qaldırdım. Halbuki məşqdə 145 kq qaldırırdım. Bu isə o deməkdir ki, dünya çempionatında ən azı 135 kq-dan başlamalı idim. Bu səhv qərar təkanla qaldırmada da özünü göstərdi. 2010-cu ildə keçirilən Avropa çempionatında bürünc medala layiq görüldüm. Bir il sonra isə dopinqə düşdüm. 2012-ci ilin sonunda məni əfv etdilər. Həmin il paytaxtımızın ev sahibliyi etdiyi Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku yarışında üçüncü pillədə qərarlaşdım. 2013-cü ildə Albaniyanın Tirana şəhərində təşkil edilən Avropa çempionatında bürünc medal qazandım. Bu yarışda Azərbaycan iki idmançı ilə təmsil olunurdu. Komanda yoldaşım Valentin Xristov ən yaxşı nəticəni göstərərək çempion oldu. 2013-cü ildən İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında üçüncü oldum. Biz 2013-cü ildən Avropa Oyunlarına hazırlaşmağa başladıq. Lakin elə bu vaxtlarda dedilər ki, bütün yığma komanda dopinqə düşüb. 2014-cü ildən yenidən beynəlxalq yarışlarda çıxış etməyə başladım. Həmin ilin sonlarından isə dopinq səbəbindən idmandan ömürlük uzaqlaşdırıldım. Halbuki beynəlxalq kodekslərdə də göstərilir ki, dopinqə görə heç bir idmançıya ömürlük cəza verilə bilməz. Bununla bağlı Beynəlxalq Ağır Atletika Federasiyasına və WADA-ya müraciətlər ünvanlamışam. İnanıram ki, bu müraciətlərə baxılacaq.

- Qeyd etdin ki, 10 il yunan-Roma güləşi ilə məşğul olub, sonra ağır atletikaya keçmisən. Buna görə peşman deyilsən ki?
- Sonrakı peşmanlıq fayda verməz. Mənə elə gəlir ki, əgər bir az səbr etsə idim, güləşdə böyük nailiyyətlər qazana bilərdim. Çünki güləşdə ağırlıqqaldırmada olduğu kimi haqsızlıqlar, dopinq problemi olmur.

- Hazırda məşqçi kimi fəaliyyət göstərməyinə icazə verilir?
- Məşqçi-müəllim kimi əslində çalışmaq olur. Azərbaycanda da dopinqə düşən elə idmançılar var ki, yığma komandada məşqçi kimi çalışırlar. Həmin idmançılara federasiyada şərait yaradılır. Yəni Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə dopinqə düşən idmançılar məşqçi kimi fəaliyyət göstərirlər.

"İdmanı bir
növ qazanc mənbəyinə çeviriblər”

- Ağırlıqqaldırma idman növündə dopinqdən daha çox istifadə olunduğu üçün bu idman növünü Olimpiadanın proqramından çıxarmaq istəyirlər.
- Əslində nəinki ancaq ağırlıqqaldırma, bütün idman növləri ilə məşğul olan idmançılar bəzən dopinqdən istifadə edirlər. Sadəcə, bəziləri bunu gizlədərək, özlərini təmizə çıxarırlar. Hər bir idman növündə dopinqə düşən idmançı olub. Dopinq idmanın bəlasıdır. Bir sözlə, idmanı bir növ qazanc mənbəyinə çeviriblər.


"Mən dopinqlə
mübarizəni dəstəkləyirəm.
Bir şərtlə ki...”

- Zülfüqar, dopinq qəbul etmədən idmanda böyük uğurlar qazanmaq mümkündür?
- O halda mümkündür ki, bütün dünya qadağan edilmiş preparatlardan imtina etsin və hamı sırf öz gücünün hesabına mübarizə aparsın. Əgər rəqiblərimiz gücləndirici maddələrdən istifadə edirsə, digər idmançıların bu dərmanları qəbul etmədən onlarla yarışaraq nəticə qazanması real görünmür. Dopinq insan sağlamlığına böyük ziyan vurur. Mən dopinqlə mübarizəni dəstəkləyirəm. Bir şərtlə ki, şərait eyni olsun və hamı bundan imtina etsin.


"İdmançının
da gücü müəyyən
bir yerə qədərdir”

- Sizdən əvvəlki idmançılar da bərpaedici dərmanlardan istifadə ediblər...
- Doğrudur. Ancaq o vaxtkı dərmanların tərkibi ilə indikilər arasında ciddi fərq var. Yəqin ki, əvvəllər vitaminlər daha keyfiyyətli idi. Bizdən əvvəlki idmançıların asanlıqla ram etdiyi çəkilərə indiki idmançılar yaxın düşə bilmirlər. Kateqoriyaların tez-tez dəyişilməsinə səbəb də elə budur. Çünki dünya və Avropa rekordlarını təzələyən idmançılar yoxdur. İdmançının da gücü müəyyən bir yerə qədərdir. Bunun dayanacaq bir nöqtəsi olur. İnsan bədəninin qaldıra biləcək bir kütləsi var. O da pik səviyyəyə çatandan sonra kateqoriya mütləq dəyişilir ki, yenidən rekordlar müəyyənləşdirmək mümkün olsun.

- Bəs bərpaedici maddələri təbii yolla qəbul etmək olurmu?
- Əslində olar. Belə ki, müasir dövrümüzdə müxtəlif ərzaq məhsullarına da qadağan olunmuş maddələr əlavə edirlər ki, daha uzun müddət istifadəyə yararlı olsun. Nəticədə həmin məhsuldan istifadə edən idmançı özü belə fərqində olmadan dopinqə düşə bilər. Bir neçə dəfə belə hallar olub. Əgər təbii yolla bərpaedici vasitələrdən istifadə etmək istəyiriksə, onda gərək hər şeyin təbiiliyinə əmin olaq.

- İdmanla məşğul olduğun vaxtlarda yemək rasionuna necə əməl edirdin?
- Mənim çəkim həmişə artmağa meyilli olub. Ona görə də çalışmışam ki, un məmulatlarından, o cümlədən çörəkdən, şirniyyatdan istifadə etməyim. Orqanizm üçün lazım olan vitaminləri daha çox ətdən və düyüdən almağa üstünlük vermişəm. Evdə də həmişə bunu nəzərə alıblar.

"Mən dünyaya
gələndə medalım
özümlə gəlib”

- Süleymanovlar qardaşlarının idmandakı nailiyyətlərini ayrı-ayrılıqda necə xarakterizə edərsən?
- Bizim ailəmiz 13 uşaqdan ibarətdir. 9 qardaş, 4 bacı. Fəxr edirəm ki, belə bir ailədə dünyaya gəlmişəm. Mən ailənin 10-cu uşağıyam. Anam "qəhrəman ana”dır. O qəhrəman ana kimi qızıl medalı mənə görə alıb. SSRİ dövründə 10-cu uşağa görə anaya qızıl medal təqdim olunurdu. Belə deyək ki, mən dünyaya gələndə medalım, necə deyərlər, özümlə gəlib. İdmana yönlənməyimizin ən böyük səbəbkarı böyük qardaşım Hafiz olub. O, uğurlar qazandıqca bizi də ardınca apardı. Hafiz iki dəfə dünya, beş dəfə Avropa çempionudur. O, dəfələrlə dünya mükafatçısı və rekordçusudur. Əməkdar məşqçi adına layiq görülüb. Bir müddət qadınlardan ibarət yığma komandamızın baş məşqçisi kimi çalışıb. Onun tələbələri arasında titullu idmançılar var. Hazırda Türkiyənin Adana şəhərində çalışır. Rəhmətlik qardaşım Mübariz, əvvəlcə, yunan-Roma güləşi ilə, sonra isə ağırlıqqaldırma ilə məşğul olub. Azərbaycan çempionu olub. İdman ustası idi. Aydın Süleymanov yunan-Roma güləşi ilə məşğul olub. Əməkdar məşqçi və idman ustasıdır. O, Qarabağ müharibəsinə görə 21 yaşında idmanı atıb və könüllü olaraq müharibəyə yollanıb. Döyüşlərdə aldığı zədələr və qəlpə yaraları onun idmançı karyerasına son qoydu. O, bundan sonra fəaliyyətini məşqçi kimi davam etdirdi. Hazırda Abşeron İdman Olimpiya Kompleksində çalışır. Məşqçi kimi özünü doğruldub. Onun yetirmələri arasında Avropa və dünya çempionları var. Elxan Süleymanov isə ağırlıqqaldırma ilə məşğul olub. Avropa kubokunun qalibidir. Dəfələrlə qitə çempionatının mükafatçısı olub. Beynəlxalq dərəcəli, A kateqoriyalı hakimdir. Azərbaycanda Hakimlər kollegiyasının 5 üzvündən biridir. Məndən böyük qardaşım Elbrus yunan-Roma güləşi ilə məşğul olsa da, idmandan tez uzaqlaşıb. Çoxuşaqlı ailə olduğumuz üçün maddi təminat lazım idi. Buna görə də o, ticarətlə məşğul olaraq çalışırdı ki, ailəyə maddi baxımdan kömək olsun. O, idman ustalığına namizəddir. Mən isə söhbətimizin əvvəlində qeyd etdiyim kimi 4 dəfə Avropa mükafatçısı olmuşam - 3 dəfə bürünc, bir dəfə gümüş medal qazanmışam. Həmçinin III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıyam. Məndən balaca qardaşım Sərdar yunan-Roma güləşi üzrə idman ustasıdır. Azərbaycan çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Ən balaca qardaşım Qadir isə yunan-Roma güləşi üzrə dünya birinciliyində gümüş medal qazanıb. Türkiyədə keçirilən tələbələrin universiada yarışlarında fəxri kürsünün üçüncü pilləsində yer alıb.

- Dünyaya gəlişinlə anana orden verilib. Bəs idmançı kimi bunu etmək ürəyindən keçibmi?
- Əlbəttə. Lakin unutmaq olmaz ki, idmanda şans amili də var. Bundan sonra, bəlkə də, veteranlar arasında yarışlarda bu arzuma çataram və qazandığım qızıl medalı anamın boynundan asaram. Bununla da anama olan övladlıq borcumun bir faizini də olsa qaytarmaq istəyərəm.

- Bütün ailə bir yerə yığışanda, yəqin ki, əsas mövzu idman olur.
- Bəli, əvvəllər belə idi. Müxtəlif yığıncaqlarda idman uğurlarımız, karyeramız haqqında danışırdıq. Hamımız ailə həyatı qurduqdan sonra isə ailəmiz daha da genişləndi. Hətta indi hamımız bir araya gələndə bir evə yerləşmirik. İndi əsas müzakirə mövzumuz daha çox övladlarımızın gələcəyi ilə bağlıdır.


"İdmandan kənarda
qalmaq mənə
pis təsir edir”

- Yeri gəlmişkən, övladlarınla bağlı planların nədən ibarətdir?
- İdmanda gördüyüm haqsızlıqlara görə onların idmançı olmasını o qədər də istəmirəm. Uşaqlarımın gələcəyi üçün onların təhsilin, elmin arxasınca getməsini istəyirəm. Ömrümün 25 ilini idmana vermişəm. Hazırda idmandan kənarda qalmaq insana pis təsir edir. Uşaqlarım da yaxşı oxuyaraq həm də idmanla məşğul olsalar, buna etirazım olmaz.

- İdmandan başqa hansı sahəyə marağın var?
- Uşaqlıqdan ingilis dilinə böyük həvəsim var. Çox istəyərdim ki, bu dili təmiz bilim, ya müəllim, ya da tərcüməçi kimi çalışım. Bundan başqa jurnalistika ilə məşğul olmaq, ana dilimizi düzgün təbliğ etmək də mənim üçün çox xoş olardı. Bəzən efirlər də görürəm ki, jurnalistlər adi danışıq qaydalarına əməl etmirlər. Yaxud da altyazıda hansısa hərf səhvinə rast gəlirəm. Bunlar insanı qıcıqlandırır. Çünki dil hər bir ölkəni beynəlxalq səviyyədə tanıdan əsas amillərdən biridir. Dilimizi nə qədər gözəl, dəqiq bilsək, ölkəmiz haqqında da bir o qədər çox, ətraflı məlumatlar verə bilərik.

- Hazırda harada fəaliyyət göstərirsən?
- Hazırda idman sahəsi ilə heç bir əlaqəm yoxdu. Sadəcə bəzən yarışlara hakim qismində dəvət olunuram. 2013-cü ildən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətinin əməkdaşı kimi çalışıram. 2016-cı ilə kimi həm də məşqçi-müəllim kimi fəaliyyət göstərirdim. Sonradan isə bunun üçün o qədər də şərait yaradılmadı.

- Bəs gələcəkdə yenidən məşqçi kimi çalışmaq istəyərsən?
- Əlbəttə, istəyərəm. Həm ixtisasım budur, həm də peşəkar idmançıyam. Çox istəyirəm ki, öz bilik və bacarıqlarımı gənc nəsillə bölüşüm. Sadəcə indiki işimlə paralel alınmadığına görə 2016-cı ildə məşqçilikdən uzaqlaşdım. Qeyd edim ki, yetirmələrim arasında Azərbaycan çempionları, mükafatçıları, hətta yığma komandada olan idmançılar var. Ağırlıqqaldırma elə bir idman növüdür ki, müəllimsiz bu idman növü il məşğul olmaq çətindir. Əgər mənə idman zalı qurmaq üçün yer ayrılsa bir ağırlıqqaldırma klubu yaradıb yenidən məşqçi-müəllim kimi çalışmaq istəyərəm.

Anar Əhmədov,
Azər Əlizadə









Bu yazı

17999 dəfə oxunub

Tarix

2019-09-05 12:53:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev