Serbiya millisi ikinci dəfə Avropa çempionu oldu



Sentyabrın 8-də Serbiya milli komandası Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa Çempionatının qalibi olub.
Çempionluq uğrunda Ankarada təşkil olunan final oyununda Serbiya millisi Türkiyə yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda serbiyalı voleybolçular 3:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə qitənin ən güclüsü adını qazanıblar.
Bürünc medal uğrunda görüşdə isə İtaliya millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.
Çempionatın "C” qrupunda mübarizə aparan millimiz Xorvatiya və Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə "A” qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.
Serbiya millisi ilk çempionluğunu 2011-ci ildə qazanıb. Serbiya və İtaliyanın birgə ev sahibliyi etdiyi qitə birinciliyinin finalında meydan sahibləri Almaniya seçməsini üstələyiblər. İki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında da qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.


Bu yazı

6143 dəfə oxunub

Tarix

2019-09-09 11:12:25

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev