Cüdoçularımız Avropa çempionatına uğurla başladılar



Finlandiyanın Vantaa şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Yarışların birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev yarışa səkkizdəbir final mərhələsindən başlayıb. İtaliyalı idmançını məğlub edən R.Əliyev dörddəbir finalda avstriyalı Daniel Leutgebi üstələyib. Yarımfinalda Rusiya idmançısı Abu-Muslim Parçiyevə qalib gələn cüdoçumuz finalda türkiyəli Salih Yıldıza uduzaraq gümüş medalla kifayətlənməli olub.
Bu çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Əhməd Yusifov isə dörddəbir finalda məğlub olaraq təsəlliverici görüşdə avstriyalı Daniel Leutgebə qalib gəlib. İtaliyalı Alessandro Aramunu üstələyən Ə.Yusifov komandamızın aktivinə bürünc medal yazdırıb.
Yarışda 66 kiloqram çəki dərəcəsində İbrahim Əliyev və Davud Abaslı mübarizə aparıblar. Dörddəbir finalda fransalı Benjamin Qomezə məğlub olan D.Abaslı təsəlliverici görüşdə Slovakiya təmsilçisi Bruno Banskini üstələyərək bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.
İbrahim Əliyev isə onaltıdabir finalda israilli Amit Boboviçə qalib gəlib. Səkkizdəbir finalda macarıstanlı, dörddəbir finalda isə xorvatiyalı rəqiblərini məğlub edən İ.Əliyev yarımfinalda Giorgi Tutaşviliyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada İ.Əliyev D.Abaslını məğlub edib.
Qızların yarışında isə 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva səkkizdəbir finalda Martina Kastaqnolaya qalib gəlib. Dörddəbir finalda kiprli Sofiya Asvestanı məğlub edən G.Məmmədəliyeva yarımfinalda serbiyalı Nadejda Petroviçə uduzub. Təsəlliverici görüşdə Yasmin Cavadiana məğlub olan cüdoçumuz çempionatı beşinci yerdə tamamlayıb.
Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 358 cüdoçu iştirak edir. Gənclərdən ibarət Azərbaycan yığma komandası çempionata 9 oğlan və 5 qız cüdoçu ilə qatılıb.


Bu yazı

4102 dəfə oxunub

Tarix

2019-09-13 10:34:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev