İki boksçumuz Dünya Çempionatının dörddəbir finalındadır



Sentyabrın 17-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında dörd boksçumuz səkkizdəbir final mərhələsində çıxış edib.
Avropa Oyunlarının qalibi, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Dominqes Alfonso dörddəbir finala gedən yolda avstriyalı Umar Cambekovla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb. D. Alfonso rəqibini 4:1 hesabı ilə məğlub edib.
O, dörddəbir finalda özbəkistanlı Dilşodbek Ruzmetovla münasibətinə aydınlıq gətirəcək.
D. Alfonsonun uğurunu 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də davam etdirib. Misirli Yosri Rezk Mustafa ilə döyüşən boksçumuz 3:2 hesablı qələbə qazanıb.
M.Abdullayev dörddəbir finalda avstraliyalı Justis Huni ilə gücünü yoxlayacaq.
Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) 1/8 final qarşılaşmasında məğlub olublar.
Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı "EXPO Arena”da baş tutacaq yarışın təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 9-dan 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.




Bu yazı

3283 dəfə oxunub

Tarix

2019-09-18 10:25:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev