Dünya çempionatının ikinci günündə rusiyalı gimnastlar fərqləniblər



Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının ikinci günündə - sentyabrın 17-də iki dəst medal sahibini tapıb.
"Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın ikinci günündə əvvəlcə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayıblar.
Milli komandamızın heyətində Zöhrə Ağamirova və Veronika Qudis xalça üzərinə çıxıblar. Hər iki gimnastımızın çıxış etdiyi A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə altında topla proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 29 gimnast mübarizə aparıb. Ümumilikdə, fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışıblar.
Gimnastların iki alət üzrə əldə etdikləri xallara görə sıralamasında ilk səkkizlikdə qərarlaşan idmançılar final mərhələsinə yüksəliblər. Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər.
Dünya çempionatının rəsmi səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı Yana Batırşina yarışın final mərhələsini açıq elan edib.
Əvvəlcə gimnastlar fərdi proqramda halqa ilə final yarışlarında güclərini sınayıblar. Dünya çempionatının medalları uğrunda Dina Averina (Rusiya), israilli Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, israilli Nikol Zelikman və Boriana Kaleyn (Bolqarıstan) mübarizə aparıblar.
Rusiya gimnastı Yekaterina Seleznyova Bakının ev sahibliyi etdiyi dünya çempionatının ilk qızıl medalını qazanıb. Gimnastın final yarışındakı çıxışı hakimlər tərəfindən 23,500 xalla qiymətləndirilib. Çempionatın gümüş medalına 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə digər rusiyalı idmançı Dina Averina (23,350 xal) sahib olub.
Daha sonra fərdi proqramda top ilə final yarışlarında rusiyalı əkiz bacılar Dina və Arina Averinalar, bolqarıstanlı Boriana Kaleyn, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israilli) və ABŞ idmançısı Evita Qriskenas xalça üzərinə çıxıblar.
Bu dəfə Milli Gimnastika Arenasında rusiyalı əkiz bacılar fərqləniblər. Belə ki, Dina Averina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun bacısı isə 23,050 xalla gümüş medal qazanıb. İlk üçlüyü israilli gimnast Linoy Aşram (22,400 xal) tamamlayıb.


Bu yazı

3548 dəfə oxunub

Tarix

2019-09-18 11:42:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev