Xərçəng xəstəliyinə qalib gələn idmançı dayanmadan iki gün üzüb

 
Amerikalı üzgüçü, 37 yaşlı Sara Tomas La-Manş boğazını dörd dəfə fasiləsiz olaraq üzüb keçən ilk insan kimi tarixə düşüb.
Sentyabrın 15-də səhər saatlarında Fransadan üzməyə başlayan idmançı dayanmadan 54 saat üzərək İngiltərənin Dover limanına çatıb. O, sol ayağında qıcolma hiss etsə də məsafəni uğurla başa çatdırıb.
Sahilə çıxan üzgüçü BBC-yə açıqlamasında deyib: "Çox yoruldum. Bunu bacardığıma inana bilmirəm”.
Sara Tomas bu qələbəsini xərçəng xəstəliyindən əziyyət çəkən və ona qalib gələn insanlara həsr etdiyini deyib. Amerikalı marafon üzgüçüsünə 2017-ci ildə xərçəng diaqnozu qoyulub. O, bir il davam edən müalicədən sonra bu xəstəliyə qalib gəlib. Sara Tomas bundan əvvəl 2007-ci, 2012-ci və 2016-cı illərdə La-Manş boğazını üzərək keçib.
Fransa ilə Böyük Britaniyanı ayıran La-Manş boğazı Şimal dənizini Atlantik okeanı ilə birləşdirir. Uzunluğu 558 kilometr olan boğazın eni 33,3 kilometrdən 240 kilometrədək dəyişir.



Bu yazı

2731 dəfə oxunub

Tarix

2019-09-18 12:16:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev