Baş məşqçi 2 min 500 avroya lent aldı


Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində sentyabrın 18-də Milli Gimnastika Arenasında hərrac təşkil olunub.
Dünya çempionatının rəsmi səfiri, dəfələrlə Avropa və dünya çempionu olan, Atlanta-1996 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşinanın lenti hərraca çıxarılıb.
Y.Batırşina bu lentin ona uğur gətirdiyini deyərək bildirib: "Mən bu lentlə 1997-ci ildə Yunanıstanda təşkil olunan Avropa çempionatında birinci olmuşam. Həmin il Hollandiyada keçirilən Qran-Pri yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Bu lent mənim üçün çox özəldir. Həmin vaxtlar istədiyimiz kimi lentlər sifariş verə bilmirdik. Bu lenti özüm xüsusi rənglərlə boyamışam”.
Başlanğıc qiyməti 100 avro olan lent hərracda 2 min 500 avroya bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva tərəfindən alınıb. M.Vasileva lentin ona uğur gətirəcəyinə əminliyini bildirərək deyib: "Bu gün gimnastlarımız dünya çempionatının fərdi proqramında lentlə hərəkətləri icra edəcəklər. Düşünürdüm ki, bu hərracda qalib gəlsəm lent mənə uğur gətirəcək. Ancaq bu lentin Y.Batırşina üçün nə qədər önəmli olduğunu bilirəm. Bunu nəzərə alaraq lenti onun özünə hədiyyə edirəm”. Daha sonra üzərində Y.Batırşinanın şəkli olan idman geyimi hərraca çıxarılıb və azyaşlı gimnastlardan birinin valideyni tərəfindən 100 manata əldə edilib.
Hərracdan əldə edilən gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.



Bu yazı

3756 dəfə oxunub

Tarix

2019-09-19 14:34:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev