Dünya çempionatında daha üç dəst medal sahiblərini tapıb



Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının dördüncü günündə - sentyabrın 19-da üç dəst medal sahibini tapıb.
"Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın dördüncü günündə əvvəlcə gimnastlar fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində güclərini sınayıblar.
Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan xalça üzərinə çıxıb. Hər üç gimnastımızın çıxış etdiyi A qrupunda Y.Luzan 1-ci, V.Qudis 3-cü, Z.Ağamirova isə 5-ci nömrə altında gürzlərlə proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparıb. Ümumilikdə, fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışıblar.
Gimnastların iki alət üzrə əldə etdikləri xallara görə sıralamasında ilk səkkizlikdə qərarlaşan idmançılar final mərhələsinə yüksəliblər. Azərbaycan təmsilçiləri finala vəsiqə qazana bilməyiblər.
Dünya çempionatının rəsmi səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı Yana Batırşina yarışın final mərhələsini açıq elan edib.
Əvvəlcə gimnastlar fərdi proqramda gürzlərlə final yarışlarında güclərini sınayıblar. Dünya çempionatının medalları uğrunda rusiyalı əkiz bacılar Arina və Dina Averinalar, israilli Linoy Aşram, Nikol Zelikman, Ukrayna təmsilçisi Vlada Nikolçenko, İtaliya gimnastı Aleksandra Aqiurqiukulese, belaruslu Katarina Halkina və Alina Harnasko mübarizə aparıblar.
D.Averina proqramını uğurla icra edərək hakimlərdən 23,800 xal alıb və bu, onun dünya çempionu adını qazanmasına yetərli olub. Çempionatın gümüş medalına 23,300 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə Ukrayna idmançısı Vlada Nikolçenko (22,350 xal) sahib olub.
Daha sonra fərdi proqramda lentlə final yarışlarında Rusiyanı təmsil edən Dina Averina, Yekaterina Seleznyova, israilli Linoy Aşram, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Belarus idmançıları Anastasiya Salos, Alina Harnasko və ABŞ idmançısı Laura Zenq xalça üzərinə çıxıblar.
Bu dəfə də Milli Gimnastika Arenasında fəxri kürsünün ən yüksək pilləsinə D.Averina qalxıb. Onun çıxışı hakimlər tərəfindən 21,800 xalla qiymətləndirilib. L.Aşram (20,750 xal) çempionatın gümüş, Y.Seleznyova (20,650) isə bürünc medalına sahib olub.
Çempionatın dördüncü günündə komanda yarışlarının da qalibləri müəyyənləşib. Ümumilikdə 186,500 xal toplayan Rusiya komandası bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. İsrail yığması 174,750 xalla dünya çempionatını ikinci pillədə başa vurub. Belarus seçməsi isə 168,550 xalla yarışın bürünc medalına layiq görülüb. Azərbaycan komandası 147,050 xalla dünya çempionatını 13-cü pillədə başa vurub.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında fərqlənən idmançılara medalları Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü Xesus Karbalo Martines, FIG-in Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana təqdim ediblər.
Gün ərzində çempionatın çoxnövçülük yarışlarının finalçıları da müəyyənləşib. Yüz on altı gimnastın mübarizə apardığı yarışda təmsilçimiz Zöhrə Ağamirova 60,050 xalla 21-ci olub və finala vəsiqə qazanıb. Yarışda ilk 26 yerdə qərarlaşan idmançılar finala adlayıblar. Hər ölkədən maksimum iki gimnast finalda gücünü sınayacaq. Çoxnövçülüyün final yarışlarında Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, ABŞ, Belarus, İtaliya, Yaponiya 2, Azərbaycan, Özbəkistan, Macarıstan, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Sloveniya 1 gimnastla təmsil olunacaq.
D.Averina Bakının ev sahibliyi etdiyi dünya çempionatının fərdi proqramında topla və gürzlərlə yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib. Gimnast, həmçinin Rusiya millisinin heyətində komanda yarışlarının da qalibi olub.
"Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda 61 ölkədən 300-dən artıq gimnast 9 dəst medal uğrunda mübarizə aparır.
Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə "Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.



Bu yazı

3418 dəfə oxunub

Tarix

2019-09-20 12:11:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev