Zamiq Əliyev: “Dostlarımı “dünya səhnələri”ndə görəndə qürur hissi keçirirəm”



Bu yaxınlarda SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olundu. Yubilyarı təbrik edənlər arasında onun yaxın dostu Xalq artisti, məşhur tarzən Zamiq Əliyev də var idi. Bundan istifadə edərək həm dəyərli sənətkarımızı, həm də təcrübəli mütəxəssisi redaksiyamıza dəvət etdik. "Sənətçi idman, idmançı sənət haqqında” rubrikasının qonaqları, onlara ünvanlanan sualları səmimi cavablandırdılar.«Olimpiya dünyası» qəzetinin yeni sayında dərc olunan yazını sizlərə təqdim edirik.

"Özümü həmin
insanların sırasında
görürəm”

- Zamiq müəllim, bildiyimizə görə idmana böyük marağınız var. Hansı idman növünü daha çox sevirsiniz?
- Mən incəsənət nümayəndəsi olsam da, idmana böyük həvəsim var. Əsasən də futbolu sevirəm. Mənim atam da futbolu çox sevirdi. İndikindən fərqli olaraq, biz o vaxt dünya futbolunu deyil, sovet futbolunu izləyirdik. Atam "Neftçi” komandasının azarkeşi idi. Yadıma gəlir ki, həmin vaxtlar ürəyindən əməliyyat olunmuşdu. Həyəcanlandığı üçün oyunlara evdə oturub, baxa bilmirdi. "Neftçi”nin oyunu başlayanda, həyətə çıxırdı. Hər 15 dəqiqədən bir, pəncərəni döyüb, hesabı soruşurdu. Yəni çox həyəcanlanırdı. Heç kimə sirr deyil ki, futbol komanda idman növüdür. Bütün dünya bu idman növünün aşiqidir. Mən də bu dünyanın sakini olduğum üçün, özümü həmin insanların sırasında görürəm.


- Futbolu bu qədər sevdiyiniz halda, yaxın dostunuzdan biri futbolçu deyil, ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis Vahid Nəzərovdur. Görünür, bu dostluq təsadüfi tanışlığın nəticəsində yaranıb.
- Razıyam. Vahid müəllimlə dostluq əlaqələri təxminən 80-ci illərə təsadüf edir. Onunla qohumlarımdan birinin sayəsində tanış olmuşam. Sonralar isə Olimpiya kateqoriyalı güləş hakimi, Hicran Şərifovla tanış oldum. Bu tanışlıq qohumluq əlaqələrinə çevrildi. Hər ikisinə böyük hörmət bəsləyirəm. Məhz onların sayəsində idmana bir qədər də yaxınlaşdım. Mən həm Vahid Nəzərovun, həm də Hicran Şərifovun idmandakı və şəxsi həyatdakı uğurlarına görə çox sevinirəm. Hicran Şərifov 50 illik yubileyində məni Milli Olimpiya Komitəsinə dəvət etdi. Həmin tədbirdə iştirak etdim, ona ürək sözlərimi çatdırdım. Həm qohum, həm də dost kimi onun uğurlarına sevinməmək qeyri-mümkündür. Etiraf edim ki, Milli Olimpiya Komitəsinin mənzil-qərargahına daxil olarkən, oradakı idman ab-havasını görüb, böyük zövq alıram. Bu yaxınlarda isə həmin binada Vahid Nəzərovun 60 illik yubiley tədbiri keçirildi. Tədbirə dəvətlilər arasında mənim də adım var idi. Çıxış üçün söz veriləndə, ürəyimdən gələn xoş sözləri onun ünvanına çatdırdım. Vahid özünəməxsus xarakteri olan insanlardan biridir.


Düzdür, bir müddət əvvəl onun səhhətində ciddi problemlər yaranmışdı. Hamımız ona görə çox narahat idik. Allaha çox şükür, artıq hər şey qaydasındadır. Bir daha qeyd edim ki, Vahid müəllim çox yaxşı insan və çox təcrübəli mütəxəssisdir. Mən əminəm ki, Vahid Nəzərov gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarında hakim kimi ölkəmizi təmsil edəcək. Bir neçə gündən sonra o, dünya çempionatına yollanacaq. Hər şey Tailandda öz təsdiqini tapacaq. Yarışdan sonra olimpiadaya vəsiqə əldə edən hakimlərin arasında onun da yer alacağına inanıram. Vahid müəllimdən xoş xəbərlər gözləyirik. Bu gün dostlarımı musiqiçi dili ilə desəm, "dünya səhnələri”ndə görəndə qürur hissi keçirirəm.

- Vahid müəllimin timsalında özünüz üçün hansı xarakteri müəyyənləşdirmisiniz?
- Vahid Nəzərovu tanıyan insanların əksəriyyəti deyir ki, o, çox ötkəm insandır. Lakin elə insanların ürəyi çox yumşaq olur. Əgər bu insan öz haqqını tələb edirsə, bu, bəzi insanlarda qıcıq yaradır. Lakin sonradan insanlar onun haqlı olduğunu dərk edirlər. Vahid insanlara qarşı çox mülayimdir.

- İdman və incəsənətin oxşar cəhətlərini nədə görürsünüz?
- İdmanla incəsənət biri-biri ilə vəhdət təşkil edir. Güləşçilər yarış zalına cəngi sədaları altında çıxanda onlarda böyük ruh yüksəkliyi yaranır. Siz, cənginin zəhminə baxın ki, insanlarda necə hiss yaradır. Musiqilərimizdə də belədir, lirik notlar var, cəngavərlik musiqiləri var. Bu, eyni zamanda muğamlarımızda da öz əksini tapır. Məsələn, "Humayun” muğamı hüznlü janrdadır, "Segah” isə daha çox ürəyəyatımlıdır. "Çahargah”, "Mahur” muğamları isə insanları sanki döyüşə ruhlandırır. İdmançıya da musiqinin təsiri məhz buradan gəlib. İdman ictimaiyyəti arasında musiqiyə həvəsi olan insanlar da çoxdur. Buna misal olaraq, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovu qeyd edə bilərəm. O, tarda çox yaxşı ifa etməyi bacarır. Onunla bir neçə dəfə dostlar arasında musiqi məclislərində olmuşuq. Həmişə deyirdim ki, İsmayıl müəllim, Siz idmançısınız, musiqi aləmində nə işiniz var? Təbii ki, bütün bunlar incəsənətə, musiqiyə olan həvəsdən irəli gəlir. Hərdən idmançılara paxıllığım tutur. İdmançılar uğur qazananda Azərbaycanın üçrəngli bayrağı dalğalanır, himnimiz səslənir. Lakin incəsənət adamlarında bu hal olmur. Biz nə qədər konsertlər versək, uğurlar qazansaq ölkəmizin himni səsləndirilmir. Bu hal məndə bir növ yaxşı mənada qısqanclıq yaradır. Ona görə də mən həmişə idmançıların uğuruna sevinirəm, onları alqışlayıram.


"Uğur qazanmaq üçün zəhmət,
iradə,səbr lazımdır”

- Xalqın sevgisini qazanmaq istənilən sənət sahibi, xüsusilə sənətkar üçün böyük xoşbəxtlikdir.
- 50 ildir ki, bu sənətdəyəm. Xalqın gözünün qarşısında inkişaf edərək bu zirvəyə gəlib çatmışam. Xalq səni qəbul edirsə, deməli, sən, həqiqətən də, xalq artistisən. Hər adam uğur qazana bilməz. Uşaq vaxtı tarzən olmağıma atam icazə vermirdi. Atam mənə deyirdi ki, sən Hacı Məmmədov, Əhsən Dadaşov olacaqsan? Deyirdim, xeyr. Deyirdi ki, bəs nəyə görə tarın arxasınca gedirsən? Yəni demək istəyirəm ki, bu gün heç kim, heç kimi əvəz etmir. Mən sadəcə olaraq, Zamiq Əliyev olaraq, musiqidə öz imzamı qoydum. Uğur qazanmaq üçün zəhmət, iradə, səbr lazımdır. Həmişə tələbələrimə də bunu aşılayıram. Həmçinin idman sahəsində də belədir.

- İdmançı dostu olmaq sizdə hansı hissləri yaradır?
- Əlbəttə. Mən necə ki, Xalq artisti adını alanda Vahid müəllim sevinirdi, eləcə də, onun uğurları mənə sevinc, qürur hissləri verir. Vahid Nəzərovla dost olduğum üçün qürur duyuram. Kənardan baxan insanlar soruşurlar ki, sən, doğrudan, Vahid Nəzərovla yaxın dostsan? Bütün bunlara sahib olmaq üçün birinci özün sağlam əqidəli insan olmalısan. Bəzən insanlar dostluq əlaqələrini təmənnada, maddiyatda görürlər. Lakin bizdə bu belə deyil. Dostluğu gərək qazanasan.

- Vahid Nəzərov həqiqəti bəzən bir qədər mübahisəli üslubda deyir. Onunla aranızda musiqi barədə mübahisəniz olurmu?
- Vahid adından göründüyü kimi təkdir. Bizim Əliağa Vahidimiz də o vaxtı tək idi. O vaxtı onu bəyənmirdilər. Amma bu gün o, Azərbaycan ictimaiyyətinin qəlbindədir. Elə bir xanəndə yoxdur ki, Vahiddən bir qəzəl oxumasın. O, sübut etdi ki, Vahiddir, təkdir. Eləcə də, Vahid Nəzərov ağırlıqqaldırma idman növündə təkdir. Hərdən maşınla yol gedərkən zəng edir ki, Hacı, eşidirsən, mən nəyə qulaq asıram? Eşidirəm ki, mənim ifalarıma qulaq asır. Bu, sevgidən, hörmətdən, dostluğa verilən dəyərdən irəli gəlir.

- Özünüz, ifa etdiyiniz musiqilərə qulaq asırsınız?
- O qədər də yox. Mənim tarda həm solo ifalarım, həm də bəstələdiyim mahnılar var. Həmin mahnıları bu gün gündəmdə olan sənətkarlarımız ifa ediblər. Yəni hərdən dinləyirəm.


Vahid Nəzərov:
"Musiqi məktəbindən qaçıb, zala gedirdim”


Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən hakimimiz Vahid Nəzərov xalq artisti Zamiq Əliyevlə söhbətdə ona ünvanlanan sualları cavablandırıb. «Sənətçi idman, idmançı sənət haqqında» rubrikası altında dərc olunan yazıda idman mütəxəssisi incəsənətdən, sənət dostlarından və dostluqdan söz açıb. Bu yazıda eləcə də Vahid müəllim təkcə idmanla deyil, həm də incəsənətlə bağlı xatirələrini oxucularla bölüşüb.

- Vahid müəllim, Siz necə, təkcə Zamiq Əliyevə qulaq asırsınız?
- Xeyr, yaxşı musiqini, tanınmış müğənniləri dinləyirəm. Lakin, çox vaxt Zamiq Əliyevin ifalarına qulaq asıram. Bununla stress və yorğunluqdan yaxa qurtarmağa çalışıram. Mən özüm də musiqi ilə məşğul olmuşam. Musiqinin, xüsusilə, mükəmməl musiqinin nə olduğunu yaxşı bilirəm. Bu, mənim musiqi təhsilimin olması ilə də əlaqədardır. 5 il musiqi məktəbində qarmon dərsinə getmişəm. Ümumiyyətlə, bizim ailədə musiqiyə böyük hörmət var. Zamiq müəllimlə və onun sənəti ilə çoxdan tanışıq. Tez-tez Zamiq müəllimin ifa etdiyi musiqiləri avtomobilimdə və evimdə dinləyirəm.

- Qeyd etdiniz ki, bir müddət musiqi ilə məşğul olmusunuz. Maraqlıdır, musiqidən ağırlıqqaldırmaya necə keçdiniz?
- Qeyd etdiyim kimi, mən Səttar Bəhlulzadə Adına Mədəniyyət Sarayında musiqi məktəbinə gedirdim. Mənim müəlliməm bəstəkar, ilk qadın tarzən Hökümə Nəcəfova idi. O, mənə "solfecio”dan dərs deyirdi. Musiqi məktəbinin yaxınlığında idman zalı var idi. Mən də tez-tez qaçıb, həmin zala gedirdim. Beləcə, məndə ağırlıqqaldırma idman növünə maraq yarandı. Hətta atam buna görə bir dəfə məni cəzalandırmışdı. Buna baxmayaraq, mən ağırlıqqaldırma idman növü üzrə məşqlərə davam etdim. Sonda əmilərim atama dedilər ki, onun həvəsi musiqiyə yox, ağırlıqqaldırmayadır, imkan ver, nəyə həvəsi var, o sahə ilə də məşğul olsun. Beləcə, ağırlıqqaldırma idman növünə olan həvəs bu idman növünün arxasınca getməyimə səbəb oldu.

- İdmançı ilə incəsənət adamları bir araya gələndə söhbət əsasən nə ilə bağlı olur?
- Həm idmandan, həm də incəsənətdən söhbət açırıq. Hərə öz sahəsi üzrə danışır. Hərdən mən də incəsənət barədə öz fikirlərimi bildirirəm. Mənim incəsənət sahəsi ilə məşğul olan yetərincə dostlarım var. Xalq artisti, aktyor Rafiq Əzimov da mənim bağ qonşumdur. İncəsənət adamı ilə söhbət edəndə, musiqiyə qulaq asanda insanda ruh yüksəkliyi yaranır, yorğunluq çıxır.

- Bir yerdə olarkən mahnı ifa edirsinizmi?
- Xeyr, hələ ki, belə bir hadisə olmayıb. Lakin mənim 50 illik yubileyimdə Zamiq müəllim bizi feyzyab edib. İnşallah, nə vaxtsa Zamiq müəllimlə birlikdə bir mahnı da ifa edərik.


- Vahid müəllim, sonuncu dəfə nə vaxt qarmonda ifa etmisiniz?
- Evdə boş vaxtım olan kimi qarmonda özüm üçün ifa edirəm. Yəni idmanla məşğul olsam da, musiqidən tam uzaqlaşmamışam. Hərdən qarmonu dilləndirib, keçmiş günləri yada salmağa çalışıram. Həyat, doğrudan da, gözəldir. Onu gərək ürəyincə, örnək olaraq yaşayasan. Bax onda, yaşın 60, 70 ya da 100 olması şərt deyil. Bir sözlə, gərək, həyatdan və yaşamaqdan zövq alasan.

Anar Əhmədov,
Azər Əlizadə











Bu yazı

8104 dəfə oxunub

Tarix

2019-09-24 12:03:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev