Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub

Bədii gimnastlarımız Tokio-2020 Olimpiadasına lisenziya əldə ediblər



Bakıda bədii gimnastika üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan 37-ci dünya çempionatına yekun vurulub. "Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan çempionatda dünyanın 61 ölkəsindən 300-dən artıq gimnastın iştirakı ilə keçirilən çempionatda 9 dəst medal sahibini tapıb. Azərbaycan gimnastı Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 Olimpiadasına lisenziyanı təmin edib.
Azərbaycanı dünya çempionatında 9 gimnastımız -Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova, qrup hərəkətlərində isə Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina təmsil edib.
37-ci dünya çempionatının ilk qızıl medalını Rusiya gimnastı Yekaterina Seleznyova qazanıb. Gimnastın fərdi proqram üzrə halqa ilə final yarışlarındakı çıxışı hakimlər tərəfindən 23,500 xalla qiymətləndirilib. Çempionatın gümüş medalına 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə digər rusiyalı idmançı Dina Averina (23,350 xal) sahib olub. Fərdi proqram üzrə gürzlər və lentlə təsnifat yarışlarında gimnastlarımız Z.Ağamirova 18.700, V.Qudis 17.150, M.Səfərova isə 10.450 xal toplayıblar.
Çempionatın dördüncü günündə, sentyabrın 19-da bədii gimnastlar fərdi proqram üzrə gürzlər və lentlə təsnifat mərhələsində qüvvələrini sınayıblar. Həmin gün gürzlər, lentlə və komanda hesabında qaliblərin adlarına aydınlıq gəlib. Dina Averina fərdi proqramda gürzlərlə final yarışında hakimlərdən 23,800 xal alıb. Bu onun dünya çempionu adını qazanmasına yetərli olub. Çempionatın gümüş medalına 23,300 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə Ukrayna idmançısı Vlada Nikolçenko (22,350 xal) sahib olub.

Daha sonra fərdi proqramda lentlə final yarışlarında Rusiyanı təmsil edən Dina Averina, Yekaterina Seleznyova, israilli Linoy Aşram, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı Milena Baldassarri, Belarus idmançıları Anastasiya Salos, Alina Harnasko və ABŞ idmançısı Laura Zenq xalça üzərinə çıxıblar. Bu dəfə də Milli Gimnastika Arenasında fəxri kürsünün ən yüksək pilləsinə D.Averina qalxıb. Onun çıxışı hakimlər tərəfindən 21,800 xalla qiymətləndirilib. L.Aşram (20,750 xal) çempionatın gümüş, Y.Seleznyova (20,650) isə bürünc medalına sahib olub.
Azərbaycan idmançısı Zöhrə Ağamirova Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının çoxnövçülük yarışlarının finalına yüksəlib və Tokio-2020 Olimpiadasına lisenziyanı təmin edib. 116 gimnastın mübarizə apardığı yarışda təmsilçimiz 60,050 xalla 21-ci olub və finala vəsiqə qazanıb. Yarışda ilk 26 yerdə qərarlaşan idmançılar finala adlayıblar. Hər ölkədən maksimum iki gimnast finalda gücünü sınayıb.
Komanda yarışlarının qalibi adını ümumilikdə 186,500 xal toplayan Rusiya komandası qazanıb. İsrail yığması 174,750 xalla dünya çempionatını ikinci pillədə başa vurub. Belarus kollektivi isə 168,550 xalla yarışın bürünc medalına layiq görülüb. Azərbaycan komandası 147,050 xalla dünya çempionatını 13-cü pillədə başa vurub.
Rusiya gimnastı Dina Averina lentlə yarışlarda 21,800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsrailli Linoy Aşram 20,750 xalla gümüş medal qazanıb. İlk üçlüyü digər Rusiya gimnastı Yekaterina Seleznyova (20,650 xal) tamamlayıb.
37-ci dünya çempionatının çoxnövçülük yarışlarının nəticəsinə əsasən, rusiyalı əkiz bacılar Dina və Arina Averinalar dünya çempionatının ilk iki pilləsində qərarlaşıblar. D.Averina 91,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və üçqat dünya çempionu adını qazanıb. Onun bacısı 91,100 xalla gümüş medala sahib olub. İsrailli gimnast Linoy Aşram isə 89,700 xalla çempionatı üçüncü pillədə başa vurub. Azərbaycan gimnastı Zöhrə Ağamirova 78,725 xalla 16-cı olub.
Ümumilikdə, Dina Averina 37-ci dünya çempionatının beş medalını qazanıb. O, topla və gürzlərlə yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib. Lentlə final yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan rusiyalı gimnast komanda yarışlarının da qalibi olub.
Yarışların sonuncu günündə qrup hərəkətləri komandaları arasında 3 halqa və 2 cüt gürzlə final yarışlarının qalibi müəyyənləşib. Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü Yaponiya (29,400 xal) və İtaliya (29,200) milliləri tamamlayıb. Azərbaycan komandası 26,450 xalla çempionatı 7-ci pillədə başa vurub. Qrup komandamız Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanıb. Komandamız iki növ üzrə yarışlar nəticəsində 53.100 bal toplayıblar. Gimnastlarımız 5 top ilə hərəkətlərdə 26.700 xal, 3 halqa və 2 cüt gürzlərlə hərəkətlərdə 26.700 xal qazanıblar.

Beş topla yarışlarda isə Rusiya, Bolqarıstan, Yaponiya, Belarus, Ukrayna, İtaliya, İsrail və Çin komandaları xalça üzərinə çıxıblar. Dünya çempionu adını qazanan yaponiyalı gimnastların kompozisiyası hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya (28,150) isə bürünc medala sahib olub.

* * *
Sentyabrın 22-də Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub.
Mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər.
On dörd ildən sonra ölkəmizin bədii gimnastika üzrə dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib: "Yüksək rəqabət şəraitində keçən çempionatda gimnastların maraqlı çıxışlarını izlədik. Tokio-2020 Yay Olimpiya Oyunlarından əvvəl Bakıda təşkil olunan lisenziya xarakterli dünya çempionatı böyük əhəmiyyət daşıyırdı. Artıq idmançıların həyəcanı geridə qaldı. Dünya çempionatı cari il ölkəmizdə gimnastika üzrə keçirilən sonuncu beynəlxalq turnir idi. Növbəti irimiqyaslı yarışlarda görüşənədək”.
Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Morinari Vatanabe deyib: "Nağıllar - hətta ən yaxşıları belə bitməlidir. Bir həftəlik yarışlardan sonra nağıl kitabımızı bağlamaq vaxtıdır. Bütün gimnastları gözəl çıxışlarına görə təbrik edirəm. Nağıl bəzi gimnastlar üçün Tokio-2020 Yay Olimpiya Oyunlarında davam edəcək. Azərbaycan Gimnastika Federasiyası və dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvlərinə yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlığımı bildirirəm. Həmçinin gələcək nəslə gimnastika məşəlini ötürməyə kömək edən dünya çempionatının rəsmi səfiri Yana Batırşinaya da təşəkkürümü çatdırıram. Növbəti il Olimpiya Oyunlarının möcüzəsini yaşadan daha bir nağılı dinləmək üçün hamınızı Tokioda yenidən görməyə şad olarıq”, - deyə FİG-in prezidenti əlavə edib.
Sonra Marinari Vatanabe bədii gimnastika üzrə 37-ci dünya çempionatını bağlı elan edib.
Gənc gimnastımız Ceyla Əlizadə FİG-in bayrağını İsmayıl İsmayılova təqdim edib. Gənclər və idman nazirinin müavini bayrağı FİG prezidentinə verib. FİG-in prezidenti isə bayrağı dəfələrlə Avropa və dünya çempionu
olan, Atlanta-1996 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşinaya təhvil verib.
Sonda dünya çempionatının ulduz səfiri, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol” mahnısını ifa edib.


Bu yazı

2473 dəfə oxunub

Tarix

2019-09-23 15:59:08

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev