Fiziki imkanları məhdud insanların hüquqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparılıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Bu, İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə ilə Komitənin prezidenti İlqar Rəhimovun görüşündə müzakirə edilib.
Görüşdə fiziki imkanları məhdud insanların hüquqlarının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
A.Mustafazadə qeyd edib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu əlilliyi olan şəxslərin hüquqlarının tam şəkildə təmin olunması istiqamətində komitə ilə əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluq və müyəssərliyin təmin edilməsi istiqamətində ola bilər. Bu gün Bakıda və ölkəmizin digər regionlarında əlilliyi olan şəxslərin qarşılaşdığı başlıca problemlər müyəssərliklə bağlıdır. Fiziki məhdudiyyəti olan insanların şəhərdə və müxtəlif obyektlərdə rahat hərəkət edə bilmələri üçün müyəssərliyin təmin edilməsi vacibdir.
Qeyd olunub ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu bu sahədə təbliğat istiqamətində bir sıra işlər görüb. Lakin AMPK ilə əməkdaşlıq görülən işlərin daha səmərəli olması üçün faydalıdır.
Rəhbərlik etdiyi qurum barədə məlumat verən İ.Rəhimov qeyd edib ki, AMPK idman təşkilatı olsa da, ölkədə əlil şəxslərlə bağlı fəaliyyət göstərən ən böyük qurumdur. Əsas hədəfimiz əlilliyi olan şəxslərin
idman vasitəsilə cəmiyyətə inteqrasiya olunmasıdır. Biz əlilliyi olan şəxslərin digər problemləri ilə də məşğul oluruq. Küçələrdə, universitetlərdə, məktəblərdə və yarışların keçirildiyi idman arenalarında müyəssərliyin olmaması, əlil idmançıların fəaliyyətinə maneələr yaradır. Həmin problemlərin həlli istiqamətində də işlər görməli oluruq.
İ.Rəhimov ölkəmizdə infrastruktur obyektlərinin əlillər üçün müyəssər olması üçün iş aparıldığını vurğulayıb. Bildirib ki, bu sahədə ekspertlərin hazırlanması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq davam edir.
Görüşdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə AMPK arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.



Bu yazı

2284 dəfə oxunub

Tarix

2019-10-02 12:30:13

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev