“Elə yaşamalıyıq ki, geriyə baxanda peşman olmayaq”


Şahmat insan zəkasının köməyi ilə bəşəriyyətə verilən ən böyük töhfədir. Ruhun sağlamlığı üçün açar olan zəka oyunu sağlam bədən amilindən də yan keçmir. İnsan beyninin məhsulu olan şahmat uşaq və gənclərdə intellekt və dünya görüşünü paralel inkişaf etdirir. Əsrlərin yaddaşından süzülüb gələn, milyonların marağına səbəb olan şahmata ölkəmizdə böyük diqqət göstərilir. Bu gün paytaxtla yanaşı, bölgələrimizdə də bu zəka oyununun sehrinə düşən kifayət qədər yeniyetmə və gənclərimiz var. Onların bu sahədə uğur qazanmasında isə bilavasitə müəllimlərin və peşəkar mütəxəssislərin rolu əvəzsizdir.
Bu gün haqqında danışacağımız mütəxəssilərdən biri də təcrübəli şahmat mütəxəssisi Ağalar Cavadovdur. İmişli Uşaq Gənclər Şahmat İdman Məktəbində müəllim, daha sonra isə direktor vəzifəsində çalışan Ağalar müəllimin bu yaxınlarda 60 yaşı tamam olub. Redaksiyamızın qonağı olan yubilyarla söhbət zamanı İmişli rayonunda şahmatın inkişafı, bu növə olan maraq və digər məsələlərə də toxunduq. Müəllim və direktor vəzifəsində çalışdığı illərdə işini şərəflə yerinə yetirən Ağalar Cavadov bir sıra yeniyetmə və gənclərə bu idman növünün sirlərini öyrədib. Müsahibimiz şahmata gəlişini və bu sahədə yaşadığı rayonda gördüyü işləri belə xatırlayır: "Şahmata gəlişim 6 yaşıma təsadüf edib. 3-4-cü sinifdə oxuyanda isə artıq bu idman növü ilə daimi məşğul olmağa başladım. Yadıma gəlir ki, hər gün saatlarla qonşumuzun uşaqları ilə şahmat oynayardıq. Orta məktəbdə oxuyanda həm şahmatla məşğul olur, həm də başqa sahələrdə aktiv iştirak edirdim. Möhübbət Paşayev və Saleh İmanov kimi müəllimlərimiz bizdə idmana böyük maraq yaratmışdı. Hərbi xidmətdə olduğum illərdə bu maraq daha da artdı. Hərbi xidmətimi başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışmışam. Bu müddətdə əsasən, gənclərlə işləyirdim. Həmişə çalışmışam ki, gənc nəslə idmanı aşılayaraq, bacardığım qədər bu sahənin inkişafına öz töhfəmi verim.
2015-ci ilin aprel ayından, 2017-ci ilin sentyabr ayına kimi İmişli Uşaq Gənclər Şahmat İdman Məktəbində direktor vəzifəsində çalışmışam. Bundan əvvəl isə həmin məktəbdə bir müddət şahmat müəllimi kimi fəaliyyət göstərmişəm. Qısa müddət ərzində İmişli Uşaq Gənclər Şahmat İdman Məktəbindən 3 şahmatçının adı FİDE-nin reytinq cədvəlində yer aldı. Bir məsələni qeyd edim ki, mən hər zaman çalışdığım illərdə kəmiyyətin deyil, kefiyyətin dalınca qaçmaq prinsipi ilə işləmişəm. İstəyirdim ki, hər zaman həqiqi nəticələr olsun. Bizim məktəbin əvvəlki məzunları arasında Kənan Vəlixanov şahmat bəstəçiliyi üzrə Olimpiya çempionu olub. O, bir neçə dəfə məktəbimizdə uşaqlara seans keçib. Məktəbin məzunları arasında Elnur Mehdiyevin də adını qeyd etmək olar. İstedadlı şahmatçı ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də fəxri kürsüdə yer alıb. Bundan başqa məktəbin uşaqlarını bölgələrdə və paytaxtda keçirilən şahmat yarışlarına aparırdım. Uşaqlarda şahmata qarşı o qədər böyük maraq yaranmışdı ki, hətta istirahət günlərində belə, məktəbə gələrək şahmatla məşğul olmağa çalışırdılar. Şahmat sanki onların canına hopmuşdu. Təbii ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə deyil, idmana meyl etməsi mənim üçün böyük uğur idi. Uşaqlarda maraq oyatmaq üçün mütəmadi olaraq yarışlar təşkil edir, iştirakçılara mükafatlar təsis edirdim. Həmin yarışlarda diplom, medal və suvenirlərlə təltif olunan şahmatçılarda böyük maraq yaranırdı. Bir sözlə, qısa vaxt ərzində İmişlidə şahmat idman növü ilə məşğul olanların sayı da artdı. Məktəbə gündəlik olaraq 72 nəfər uşaq gəlirdi. Bu həmin vaxt üçün böyük rəqəm idi”.


"Şahmat yeniyetmə və gənclərin həyatında böyük rol oynayır”

Ölkəmizdə idmana da böyük diqqət və qayğı göstərildiyini qeyd edən müsahibimiz paytaxtla yanaşı, bölgələrdə yerləşən bir sıra məktəblərdə şahmatın inkişafı üçün pilot proqramlar tətbiq edildiyini bildirdi. "Bu gün Azərbaycanda orta məktəblərin əksəriyyətində şahmat dərnəkləri təşkil olunur. İmişlidə də bir sıra məktəblərdə şahmatın inkişafı üçün pilot layihə həyata keçirilir. Əgər orta məktəblərdə şahmatı dərindən bilən şagirdlər yetişdirilərsə, ixtisaslaşdırılmış şahmat məktəblərinin də seçimi asan olacaq. İnanıram ki, gələcəkdə hər bir insan şahmatın təhsilin səviyyəsinə necə təsir göstərdiyini başa düşəcək. O məktəblərdə ki, şahmatla məşğul olurlar, nəticələr digər məktəblərə nisbətən yüksək olur. Bu nəticələr yalnız riyaziyyatda yox, digər fənlərdə də özünü göstərir. Şahmat uşaqları düşünməyə sövq edir. Zəka oyunu ilə məşğul olan məktəbli müəyyən məsələlərə öz fikrini düşünərək bildirir. Bir sözlə, şahmat yeniyetmə və gənclərin həyatında böyük rol oynayır. Yəni insan böyüdükcə şahmat onun şəxsi keyfiyyətlərinə müsbət təsir göstərir. Bu gün zəka sahiblərimiz ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edirlər”, - deyə Ağalar Cavadov qeyd etdi.


"Azərbaycanda
idmana marağı olan istedadlı gənclər
kifayət qədərdir”

İstənilən idman növünün inkişafı üçün güclü təbliğat və düzgün seçimin vacibliyini qeyd edən Ağalar müəllim çalışdığı müddətdə bu məsələlərə ciddi yanaşdığını dedi. Təcrübəli mütəxəssis peşəkar idmanın məhəllələrdən başladığını qeyd edərək uşaq idmanının inkişafına diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırdı. "Braziliya futbolunun kütləvi hal alması və inkişafı məhz küçə futbolunun və uşaq idmanının inkişafına söykənir. Azərbaycanda da bu, belə olmalıdır. İstənilən nəticəni əldə etmək üçün uşaq idmanını inkişaf etdirmək lazımdır. Şahmatda isə bu, ailədən başlamalıdır. Əgər ailədə valideynlər şahmat oynamağı bacarırsa onların övladları da bu idman növü ilə məşğul olacaqlar. Təbii ki, bunun üçün valideyn öz övladı ilə müntəzəm olaraq şahmatla məşğul olmalıdır. Bu gün valideynlər uşaqlarını şahmata və digər idman bölmələrinə yazdırmağa daha çox meyllidirlər. Bu sevindirici haldır. Azərbaycanda idmana marağı olan istedadlı gənclər kifayət qədərdir. Sadəcə olaraq, həmin gəncləri aşkara çıxarmaq lazımdır”, - deyə Ağalar müəllim bildirdi.
Bu yaxınlarda 60 illik yubileyni qeyd edən təcrübəli mütəxəssis söhbət zamanı qeyd etdi ki, insanın həyatda qazandığı ən böyük uğur ona bəxş olunan ömür payını şərəfli və alnıaçıq şəkildə yaşamasıdır. "Çalışıb elə yaşamalıyıq ki, geriyə baxanda peşman olmayaq. Əgər övlad atasının adı çəkiləndə, ata da övladın adını eşidəndə fəxr edirsə, bu böyük uğurdur. Elə yaşamalısan ki, gördüyün işlərə görə utanmayasan. Hər iki nüansa görə özümü çox xoşbəxt hiss edirəm. Mənim üçün bundan böyük uğur ola bilməz. Həmişə çalışmışam ki, işlədiyim yerlərdə intizamlı olum”, - deyə Ağalar Cavadov bildirdi.

Anar Əhmədov,
Azər Əlizadə



Bu yazı

1987 dəfə oxunub

Tarix

2019-10-07 15:23:03

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev