Karate Federasiyasının prezidentinə yeni vəzifə həvalə olunub


Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov daha bir təşkilatın məsul vəzifəsində çalışacaq. O, artıq Dünya Karate Federasiyası (WKF) tərəfindən rəsmən tanınan Dünya Şotokan Federasiyasının (WSF) 1-ci vitse-prezidenti təyin edilib.
Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, WKF-in prezidenti Antonio Espinosun göstərişi ilə təyin edilən rəhbərlik heyətinə Türkiyə Karate Federasiyasının (TKF) prezidenti Esed Delihasan başçılıq edəcək. A.Espinos, E.Delihasan və Y.Bəşirovun iştirakı ilə yığıncaqda 2009-cu ildə yaradılan WSF-nin yeni İdarə heyətinin üzvləri seçilib.
Rumıniya Karate Federasiyasının prezidenti Adrian Popesku WSF başçısının köməkçisi, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basiliya 2-ci vitse-prezident, TKF-in rəsmilərindən Hayrettin Hamurçu 3-cü vitse-prezident, Ercumənt Taşdəmir isə Baş katib təyin edilib. Təşkilatın İdarə heyətinin üzvləri arasında Bolqarıstan Karate Federasiyasının vitse-prezidenti Rossalin Rossalinov, Cənubi Afrika Respublikası Karate Federasiyasının prezidenti Sonni Pillay (CAR), həmçinin ölkələrində bu təşkilatın rəhbərləri olan Keyvan Gazi (Yunanıstan) və Erol Gülal Vesef (İsveçrə) yer alıb.

1-3 noyabrda Şimali Makedoniyanın paytaxtı Skopyedə populyarlaşmqda olan WSF-nin növbəti Avropa çempionatı keçiriləcək. Yarışda 30-dək ölkədən 2500-dən artıq karateçi iştirak edəcək. Yarış ərəfəsində təşkilatın İdarə heyətinə yeni üzvlərin qəbul olunması nəzərdə tutulub. Yığıncaqda WSF-i inkişaf etdirmək məsələləri gündəmə gətiriləcək.
WSF təşkilatının WKF tərəfindən tannınması ilə bağlı görüşdən sonra Antonio Espinos Yaşar Bəşirovla söhbətində 2020-ci ilin martında Bakıda 55-ci Avropa çempionatına hazırlıq işlərindən, eləcə də nəzərdə tutulan başqa planlar barədə danışıblar.
Y.Bəşirov Moskvada digər görüşlərində Rusiya Karate Federasiyasının prezidenti Sergey Çoya, vitse-prezident Viktor Xana, keçmiş Sovetlər Birliyində karatenin banisi Aleksey Şturminə və üç qat SSRİ çempionu Venyamin Paka, eləcə də Qazaxıstan Karate Federasiyasının vitse-prezidenti Jastalap Sanaupova AMKF-in 25 illik xatirə medallarını və fəxri diplom təqdim edib. Federasiya rəsmiləri arasında qarşılıqlı əməkdaşlıqla bağlı növbəti müzakirələr aparılıb.


Bu yazı

1848 dəfə oxunub

Tarix

2019-10-09 18:13:14

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev