Fərhad Rəcəbli 9-cu dəfə dünya çempionu oldu



Oktyabrın 10-da Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı start götürüb. Turnirdə 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) usta cüdoçu qalib adı uğrunda mübarizə aparır. Rekord sayda idmançının iştirak etdiyi yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələrini sınayırlar. Komandamızı yarışda "Judo Club 2012”nin 12 cüdoçusu təmsil edir. Veteran cüdoçularımız Babək Hacıyev, Mehman Koroğluyev (hər ikisi 60 kq), Müşfiq Cəfərov, Məmməd Məmmədov (hər ikisi 73 kq), Mübariz Cəfərov, Firudin Kərimov (hər ikisi 81 kq), Fərhad Rəcəbli, Vüsal Cəfərov, Mahir Ağamirzəyev (hər üçü 90 kq), Elxan Rəcəbli, Yaman Fətiyev, Azər Əsgərov (hər üçü 100 kq) medallar uğrunda mübarizə aparırlar.
Çempionatın ilk günündə M-6, M-7, M-8 və M-9 kateqoriyaları üzrə yarışlar keçirilib. M-7 kateqoriyasında 90 kq çəki dərəcəsində Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli də tatami üzərinə çıxıb. Çempionata 1/8 finaldan başlayan F.Rəcəbli ilk mərhələdə fransalı Alain Dayezi mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə almaniyalı rəqibi Volfqanq Hinterleitnerə 39 saniyəyə qalib gələn veteran cüdoçumuz yarımfinala yüksəlib. Təmsilçimiz bu mərhələdə daha bir fransalı cüdoçu Didier Salleni üstələyərək finala çıxıb. Həlledici qarşılaşmada almaniyalı Andreas Bartşa qalib gələn Fərhad Rəcəbli 9-cu dəfə usta cüdoçular arasında dünya çempionatının qalibi adını qazanıb.
Məlumat üçün qeyd edək ki, Fərhad Rəcəbli həmçinin, veteran cüdoçular arasında keçirilən Avropa çempionatının yeddiqat qalibidir.
Dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.


Bu yazı

3713 dəfə oxunub

Tarix

2019-10-11 11:24:50

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev