Aikido Federasiyasının nümayəndəsi 2-ci Budo Festivalında iştirak edib


Rusiyanın paytaxtı Moskvada tanınmış Hollivud ulduzu və aikido üzrə yeddinci dan qara kəmər sahibi Stiven Siqalın rəhbərliyi ilə 2-ci Beynəlxalq Budo Festivalı keçirilib. Festivalda ABŞ, Rusiya, Belçika, Niderland, İtaliya, Finlandiya, Polşa, Qazaxıstan, Belarus və digər ölkələri təmsil edən aikido ustaları iştirak ediblər. Ölkəmizi festivalda Azərbaycan Aikido Federasiyasının nümayəndəsi, 1-ci dan qara kəmər sahibi Ramin Məmmədzadə təmsil edib. 3 gün davam edən festivalda iştirakçılara aikido idman növünün incəlikləri barədə məlumatlar verilib. Tədbirdə müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verilməklə yanaşı, həmçinin aikido idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub. Seminar başa çatdıqdan sonra Ramin Məmmədzadə və Stiven Siqal arasında danışıqlar olub. Danışıqlar zamanı Hollivud ulduzunun gələn il Azerbaycanda aikido üzrə ustad dərsləri keçməsi barədə razılıq əldə olunub.
Stiven Siqalın Azərbaycandakı nümayəndəsi olan Ramin Məmmədzadə tədbir haqqında "olimpiyadunyasi.com” saytına məlumat verərək tanınmış döyüş ustasının ölkəmizdə ikigünlük ustad dərsləri keçəcəyini qeyd edib. "Moskvada təşkil olunan tədbir sayca ikinci Budo Festivalı idi. Ötən il keçirilən festivalda 4 nəfərlik heyətlə təmsil olunmuşduq. Bu ilki festivalda isə ölkəmizi yalnız mən təmsil edirdim. Festival çərçivəsində iştirakçılara budo haqqında məlumatlar verildi, həmçinin aikido idman növü üzrə fəndlərin icrası əyani olaraq göstərildi. Festivaldan sonra Stiven Siqalla danışıqlar apardım. Məlumat üçün qeyd edim ki, mənim Stiven Siqalla dostluq əlaqələrim var. Mən həmçinin Stiven Siqalın Azərbaycandakı nümayəndəsiyəm. Seminardan sonra Hollivud aktyorunun Bakıya dəvəti ilə bağlı danışıqlar apardıq. Yəqin ki, biz gələn il Hollivud ulduzunu yenidən Bakıda görəcəyik. Onun paytaxtımızda ikigünlük ustad dərsləri keçəcəyi gözlənilir. İnanıram ki, bu tədbir yeniyetmə və gənc idmançılarımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, azərbaycanlı məşqçilər və idmançılar üçün də faydalı olacaq”, - deyə Ramin Məmmədzadə bildirib.
Məlumat üçün qeyd edək ki, tanınmış Hollivud ulduzu Stiven Siqal dəfələrlə Bakıda qonaq olub.
























Bu yazı

3248 dəfə oxunub

Tarix

2019-10-16 10:33:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev