Qılıncoynadanlarımız ümumrusiya açıq turnirində iştirak ediblər


Azərbaycanın kişi qılıncoynadanları şpaqa üzrə Rusiyanın Smolensk şəhərində keçirilən Ümumrusiya açıq turnirində iştirak ediblər.
Şpaqaçılarımızdan ən yaxşı nəticəni Kənan Əliyev göstərib. Qrup mərhələsini 5 qələbə ilə başa vuran K.Əliyev pley-off mərhələsinin ilk görüşündə Roman Fyodorova 15:6 hesabı ilə qalib gəlib. Azərbaycan qılıncoynadanı Pavel Buzinovla görüşün əsas vaxtını 13:13 hesabı ilə bitdiyindən görüş ilk zərbəyədək edib. Burada isə 1 dəqiqə ərzində rəqibinə ilk zərbəni endirən təmsilçimiz 14:13 hesablı qələbə sayəsində ən güclü 16 şpaqaçı sırasına yüksəlib. Onaltıdabir finalda Oleq Knışa 9:15 hesabı ilə uduzan idmançımız təsəlliverici görüşlərə qatılıb. İlk təsəlliverici görüşündə İvan Limarevə 15:8 hesabı ilə qalib gələn millimizin üzvü ardınca Yeqor Lomaqanı 15:7 hesabı ilə məğlub edib. Bu qələbələr sayəsində ən güclü 8 şpaqaçı sırasına yüksələn K.Əliyev dörddəbir finalda Avropa çempionu Pavel Suxova 8:15 hesabı ilə məğlub olub. Kənan Əliyev yekun sıralamada 112 iştirakçı arasında 7-ci olub.
Digər şpaqaçılarımızdan qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov 1/64 finalda qrup mərhələsini 3 qələbə ilə bitirən digər idmançımız Xalid Əliyevlə üz-üzə gəlib. Şpaqaçılarımızın dueli Ruslanın 15:10 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti mərhələdə Nikita Qlazkovu 15:9 hesabı ilə məğlub edən qılıncoynadanımız onaltıdabir finalda Georgiy Bruyevə 11:15 hesabı ilə uduzub.
Şpaqaçılarımızdan Kənan Məlikzadə qrup mərhələsində 2 qələbə qazansa da, zərbələrin fərqinə görə pley-offa adlamağı bacarıb. K.Məlikzadə bu mərhələdə Aleksey Rossolova 7:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 2 qələbəsi olan Barat Quliyev və turniri qələbəsiz başa vuran Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb. Turnirdə Rusiya, Azərbaycan və Estoniyanı təmsil edən şpaqaçılar yarışıblar.



Bu yazı

2247 dəfə oxunub

Tarix

2019-11-01 10:12:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev