Fazil Hadıbəyov: “Həyatda heç nə asan əldə olunmur”



Müdriklərdən biri deyib ki, həyatda çətinliklərlə qarşılaşarkən hər zaman iki seçimin olur. Bunlardan birində ya çətinlikləri, digərində isə çətinlikləri dəf etmək üçün özünü dəyişdirməlisən. Məhz belə olan halda insan şəxsiyyət kimi formalaşır, digərlərinə örnək göstərilir. Həyatda heç də hamı belə vəziyyəti öz xeyirinə dəyişə bilmir. Lakin haqqında bəhs etdiyimiz insan çoxsaylı çətinlikləri dəf edərək, müdrikliyə gedən yolda böyük uğurlara sahib olub. Söhbət, "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Fazil Hadıbəyovdan gedir. Tanınmış mütəxəssis bu yaxınlarda 65 yaşını qeyd etdi. Hər zaman Azərbaycan idmanının və Olimpiya Hərəkatının inkişafında müstəsna rolu olan idmançıları, məşqçi və mütəxəssisləri diqqətdə saxlayan "Olimpiya dünyası” qəzeti Fazil müəllimlə müsahibəni çoxsaylı oxucularımıza təqdim edir.

- Fazil müəllim, eşitdiyimizə görə, maraqlı həyat yolunuz olub. Həyatın hər sınağı ilə rastlaşmısınız. İstərdik ki, həmin yola bir qədər nəzər salaq.
- 1954-cü il noyabrın 1-də Qazaxıstan Respublikasının Cambul vilayətinin Çu şəhərinin yaxınlığındakı Yeniyol kəndində anadan olmuşam. Bunun da əsas səbəbi 1937-ci ildə ailəmizin, babamın, nənəmin, atamın Qazaxıstana sürgün olunmasıdır. Babam və atam danışırdılar ki, 1937-ci ildə bizi ailə üzvlərimizlə birlikdə, Masallıdan Bakıya gətirdilər. Hamımızı Bayıl həbsxanasına saldılar. Həmin vaxt NKVD-də və Bayıl həbsxanasında bizə olmazın zülmləri verdilər. Babam və atam danışırdılar ki, yalandan boynumuza qoymaq istəyirdilər ki, guya biz, Sovetlər Birliyini devirmək, ixtişaşlar yaratmaq istəmişik. Bu yalanların heç birini boynumuza qoya bilməsələr də, bizi Sovet ölkəsinin "düşməni” kimi, mühakimə etdilər. Sonra bizi Dəniz vağzalına gətirib, gəmiyə mindirdilər. Burada hər bölgədən olan çoxlu insanlar vardı. Elə fikirləşirdik ki, bizi dənizdə batırmaq istəyirlər. Yolda çox dəhşətli hadisələr oldu. Dəfələrlə az qaldı ki, gəmilər Xəzər dənizində batsın. Heç bir şəraiti olmayan gəmidə, çətinliyə, aclığa, susuzluğa, səfalətə dözə bilməyən adamlar dünyalarını dəyişirdilər. Ölənlərin meyidlərini əsgərlər dənizə atırdılar. Bizi Türkmənistan Respublikasının Krasnavodsk şəhərinə gətirdilər. Krasnovodskda insanları mal daşıyan vaqonlara doldurdular. Bizi gətirib, səhra kimi bir yerdə düşürtdülər. Orada at və mal-qara tövlələri vardı. Dedilər ki, siz bundan sonra burada yaşayacaqsınız. Öyrəndik ki, bu yerlər Qazaxıstan Respublikasının Cambul vilayətinin Çu deyilən ərazisidir. Sağ olsunlar qazaxlar, burada özümüzə şərait yaratmaq üçün bizə, sağ qalan insanlara əllərindən gələn köməklikləri etdilər. Təbii ki, bunlar babamın və atamın danışdıqlarıdır. Bir sözlə, böyük keşməkeşli, çətin məqamlar, məşəqqətli, faciəli illər olub. 1962-ci ildə sürgün olunan insanlara bəraət verilsə də, bir çox insan elə orada qalıb, yaşayası oldu. Lakin bəzi ailələr yenidən Azərbaycana qayıtdılar. Bizim ailə də doğma yurda, Masallıya qayıtdı.
Mənim babam Mikayıl kişi, atam Məmmədəli kişi orada böyük hörmət qazanmışdılar. Babam savadlı insan idi. Atam Məmmədəli kişi Böyük Vətən müharibəsində, Kursk ətrafındakı döyüşlərdə yaralanıb 2-ci qrup əlil kimi Yeniyol kəndinə qayıdandan sonra hətta uzun illər Özbəkistan respublikasının, Sırdərya vilayətində ticarət sistemində işləyib və böyük ad-san qazanıb. Soyuducu Kombinatının uzun illər direktoru olub. Üç dəfə Sırdərya vilayətinin deputatı seçilib. Azərbayandan ora təhsil almağa gedənlərə də çoxlu köməkliklər edib. O, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda Azərbayanın böyük təəssübkeşi idi.

- Bəraət veriləndən sonra vətənə qayıtdınız. Həyatınızı yenidən qurmaq yəqin ki, çətin oldu.
- Bəli. Babam Mikayıl kişi çox istəyirdi ki, biz doğma yerlərə qayıdaq. Ona görə də, Masallıya qayıtdıq. Həmin vaxtlar, yəni 1937- ci ildə bizim Masallıda iki mərtəbəli evimiz var idi. Həmin evi baxça, sonradan isə yaşayış evi etmişdilər. Amma babam həmin evə getmədi. Özümüzçün ayrıca ev tikdik. Orta təhsilimi Masallı şəhərindəki 1 saylı tam orta məktəbdə almışam. Məktəbdə də yaxşı oxumuşam. Həmin vaxtlar Masallıda idmanın futbol, voleybol, güləş növləri çox inkişaf etmişdi. Dərslərimi yaxşı oxumaqla yanaşı, həm də futbolla məşğul olurdum. Hətta rayonun yığma futbol komandasında da oynamışam. Bizə futbola, ümumiyyətlə, idmana maraq yaradan, Masallıda idman sahəsində böyük işlər görən müəllimimiz, Əməkdar məşqçi Məhbub Ağayev olub. O, çox yaxşı qapıçı idi. Sonra yunan-Roma güləşi ilə məşğul olmuşam. Məşqçimiz Azərbaycanın Əməkdar məşqçisi Nadir Ağayev olub. O da Masallıda güləşin bu növü üzrə böyük işlər görüb. Respublika və beynəlxalq arenalarda öz sözünü demiş idmançılar yetişdirib. Məktəbdə atletika və güllə atıçılığı üzrə də məşğul olmuşam. Bu sahələri də bizə müəllimimiz Sücaət Hüseynov sevdirib. Masallıdakı məşhur "Viləş” futbol komandasının baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Çingiz Həşimov da bizə futbolu çox sevdirib. Özü də çox yaxşı futbolçu olub. İdmana bağlı olduğuma görə, orta məktəbi bitirəndən sonra 1972-ci ildə sənədlərimi böyük həvəslə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna verdim. 1977-ci ildən bu günə kimi ali təhsilli mütəxəssis kimi idman sahələrində çalışıram. Əvvəlcə, Bakı şəhər Xalq Maarif şöbəsində işə başlamışam. "Məhsul” İdman Cəmiyyətində baş təlimatçı kimi öz işimi davam etdirmişəm. Sonra da "Neftçi” İdman Cəmiyyətində idman idarəsinin rəisi olmuşam. 1993-cü ildə də "Zenit” İdman Cəmiyyəti Respublika Şurasının sədri seçilmişəm. 2007-ci ilin aprel ayının 18-də idman sahəsindəki xidmətlərimə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə mənə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adı verilib. Milli Olimpiya Komitəsinin üzvüyəm.


- "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yaradılan gündən böyük uğurlara sahib olub. Bu uğur görülən işin bəhrəsidir. Yəqin ki, heç nə asan başa gəlməyib?!
- Hər bir işin çətinlikləri var, eləcə də bizim. Amma heç vaxt ruhdan düşməmişik. Qazandığım təcrübələrin sayəsində, işlərimizi qura bilmişik. "Zenit” İdman Cəmiyyətinin Sumqayıtda və Gəncədə şəhər şuraları fəaliyyət göstərir. Hər iki şəhərdə idmanın sərbəst, yunan-Roma güləşi, cüdo və boks idman növləri inkişaf edir. Bizim qurumumuz kütləviliyə xidmət edən təşkilatdır. Görülən işlərin məntiqi nəticəsi olaraq idmançılarımız respublikadaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də nəticələr qazanırlar. İşlədiyim dövrdə 6 nəfər Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq görülüb. Bundan başqa "Tərəqqi” medalı, Əməkdar məşqçi və bir sıra fəxri adlar və diplomlar alan mütəxəssislərimiz də olub.
Bu gün biz fəxr edirik ki, dünya çempionatının mükafatçısı, Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov "Zenit” İdman Cəmiyyətinin yetirməsidir. Bundan başqa Əfqan Xaşalov, Turan Bayramov, Elmira Qurbanova və bu kimi bir sıra titullu idmançılarımız var. Bütün bu işlər kollektiv işin məhsuludur. Əgər məşqçi-müəllimlərimiz işlərini düzgün qurmasalar, sözsüz ki, bu gün bu nəticələr, belə istedadlı idmançılarımız olmazdı. Mən məşqçilərimizdən razıyam. Biz heç bir klubun və cəmiyyətin idmançıları ilə heyətimizi gücləndirmək fikrində deyilik. Lakin "Zenit”dən müxtəlif klublara gedən idmançılarımız az olmayıb. Onlardan bir neçəsi vaxtilə bizim sıralarımızı tərk edib, digər klublara keçiblər. Amma məşqçilərimiz həmin idmançıların üzərində illərlə zəhmət çəkiblər. Hazırda yeni perspektivli idmançılarımız var. Çalışırıq ki, idmançılarımızın beynəlxalq yarışlarda iştirakını təmin edək.

- Ömrünü idmana sərf edən bir mütəxəssis kimi Azərbaycan idmanının bugünkü inkişafını necə xarakterizə edərdiniz?
- Hər bir məsələ haqqında danışmaq üçün, gərək, fakt olsun. 10 milyon əhalisi olan Azərbaycan xalqının idman sahəsində bu gün dünyada böyük nəticələri var. Azərbaycan idmançıları dünya və Avropa miqyaslı beynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında uğurla çıxış edirlər. Ölkəmiz I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər idman yarışlarına, habelə müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına uğurla ev sahibliyi edir. Əgər Azərbaycan təşkilatçı ölkə kimi bu nüfuzu qazanmasa idi, belə bir mötəbər yarışlar ölkəmizdə keçirilməzdi. Bir sözlə, bu gün ölkəmizdə idmana və idmançılara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Düşünürəm ki, idmançılarımız da onlara olan etimadı layiqincə doğruldurlar. İnanıram ki, Azərbaycan idmanı bundan sonra da dünyada böyük uğurlar əldə edəcək.

- Bir neçə gün əvvəl 65 yaşınızı qeyd etdiniz. Hiss olunur ki, belə əlamətdar günləri təmtəraqla qarşılamırsınız.
- Bəli. Təmtəraqlı ad günlərini sevimirəm. Sonuncu dəfə 50 yaşımı təntənəli keçirmişəm. Lakin ailə üzvlərim və mənə yaxın olan dostlarım doğum günümü daim diqqətdə saxlayırlar. Hətta hərdən təkid edirlər ki, hər hansı bir məclis qurub, ad günümü onlarla birlikdə qeyd edim. İnanın ki, bunun tərəfdarı deyiləm. Tanrıdan hər zaman hər şeyin yaxşısını diləmişəm. Uca Tanrıdan təkcə özüm üçün heç nə istəmirəm. Süfrədəki ruzi-bərəkət Tanrının bizə yetirdiyidir. Buna görə biz Tanrıya şükür etməliyik. Gözəl ailəm və dostlarım var. Mən onların əhatəsində özümü daha xoşbəxt və gümrah hiss edirəm.

- Deyirlər ki, zəhmətkeş insanların asudə vaxtı olmur. Bu fikirlə razılaşırsınızmı?
- Üç övladım və 9 nəvəm var. Sevda adlı nəvəm Moskva Dövlət Universitetini bitirib. İlham adlı nəvəm isə Rusiya prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında təhsil alır. Fazil, Mətin, Nadir, Aynurə və Səid orta məktəbdə oxuyurlar. Ən kiçik nəvəmin adı Həqiqətdir. O da həkim olmaq arzusu ilə yaşayır. Mən istirahətimi nəvələrimlə edirəm. Çalışıram ki, boş vaxtlarım olan kimi nəvələrimlə oynayım, onlarla xoş vaxt keçirim. Fürsət düşən kimi dəyərli dostlarımla görüşüb, bir-birimizlə hal-əhval tuturuq. Naşükür insan deyiləm, həyatımdan razıyam. Hər birimiz bu həyatda müvəqqəti qonağıq. Onsuz da bir gün bu həyatdan gedəcəyik. Gərək dünyadan köçəndə də özümüzlə yalnız xoş əməllər aparaq.

- Fazil müəllim, ilk baxışdan çətin xarakterli bir insan təsiri bağışlayırsınız. Lakin Sizinlə ilk təmasdan sonra səmimiyyətiniz bütün bu fikirləri tamamilə alt-üst edir.
- Sözün əsl mənasında heç nəyə güzəştə getmirəm. Xasiyyətim çətindir. Övladlarıma heç bir güzəşt etməmişəm. Yaxın bildiyim insanların yalançı, riyakar olmasına göz yuma bilmərəm. Sözümün sahibiyəm, belə insanlara da böyük hörmətim var. Əgər belə halla rastlaşsam, onlardan uzaqlaşıram. Ailəmi də möhkəm təməl üzərində qurmuşam. Övladlarım mənim istədiyim kimi, yetişiblər. Onlar vaxtilə idmanla məşğul olublar.
Böyük oğlum Fizuli həvəskar şəkildə olsa da cüdoya maraq göstərib. Ortancıl oğlum İlqar sərbəst güləş, kiçik oğlum Vüqar isə peşəkar şəkildə cüdo ilə məşğul olublar. Həm İlqar, həm də Vüqar idman ustasıdırlar. Hazırda isə müxtəlif sahələrdə çalışırlar. Bir sözlə, tələblərim və istəklərim yerinə yetirilməlidir. Bunların hamısı aldığım tərbiyədən irəli gəlir. Hər zaman gənc nəsilin təlim və tərbiyəsi diqqətimi çəkib. İstərdim cəmiyyətimizdə sağlam düşüncəli bir gələcək nəsil yetişsin. Hər birimiz bunun üçün əlimizdən gələni əsirgəməməliyik.

- Arzular insanı yaşadan stimuldur. Hər bir istəksə insan həyatını daha maraqlı edir. Fazil müəllim həyatda daha hansı arzusunun həyata keçməsini qarşıya məqsəd qoyub?
- 65 yaşıma qədər arzularla yaşamışam. Onların həyata keçməsi üçün çox çarpışmışam. Çətinliklərə və uğursuzluqlara baxmayaraq, ruhdan düşməmişəm. Əksinə belə vəziyyətdə daha da mübariz olub, hadisələrə soyuqqanlı yanaşmışam. Həyatda heç nə asan əldə olunmur. Asan qazanılan nailiyyətlər müvəqqəti olur. Arzularım təkcə ətrafımdakılara aid deyil. İstəyirəm ki, ölkəmiz təkcə idman sahəsində deyil, digər sahələrdə də daim inkişafda olsun. Arzular heç vaxt tükənmir. Həmişə Allaha dua edirəm ki, xalqımıza, dövlətimizə əmin-amanlıq bəxş etsin, millətimiz xoş günlər yaşasın.

- Fazil müəllim, Sizi əlamətdar yubiley münasibətilə "Olimpiya dünyası” qəzetinin və çoxsaylı oxucularımız adından təbrik edirik.
- Sizin qəzetiniz çoxsaylı oxucu kütləsinə malikdir. Redaksiya heyətinin hər bir üzvünə böyük hörmətim var. Təşəkkür edirəm ki, belə bir xoş gündə məni unutmamısınız. Hər zaman var olun!



Anar Əhmədov,
Azər Əlizadə






Bu yazı

1367 dəfə oxunub

Tarix

2019-11-05 12:56:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev