Azərbaycan futbolunun 79 yaşlı canlı əfsanəsi

 Noyabrın 13-də "Neftçi”nin canlı əfsanəsi Kazbek Tuayevin 79 yaşı tamam olur.
Kazbek Əlirza oğlu Tuayev 1940-cı il noyabrın 13-də Ələt qəsəbəsində anadan olub. SSRİ idman ustası futbolçu karyerası bir sıra klublarda çıxış edib. O, "Lokomotiv” (Bakı, 1954-1959), "Spartak” (Nalçik, 1959-1960), "Neftçi” (Bakı, 1961-1970), "Spartak” (Orconikidze, 1970), "Neftçi” (Bakı, 1971-1972) komandalarının şərəfini qoruyub. 1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı 1961-1971-ci illər ərzində "Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub.
Göstərdiyi uğurlu çıxışlarına görə SSRİ milli komandasının heyətində 4 oyunda yığmanın formasını geyinib.
Kazbek Tuayevin məşqçi karyerası da uğurlu olub. Belə ki, tanınmış mütəxəssis "Spartak” (Orconikidze, 1973-1977), "Xəzər” (Lənkəran, 1978-1982), "Neftçi” (Bakı, 1983-1984), "Afriken” (Tunis, 1987-1990), "Tərəqqi” (Bakı, 1992), "Azneftyağ” (1993), "Turan” (Tovuz, 1993-1995), "Neftçi” (Bakı, 2004) klublarında və Azərbaycan milli komandasında (1995-1997, 2002) baş məşqçi vəzifəsində işləyib.
1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə "Neftçi”nin baş məşqçisi olmuş Kazbek Tuayev 1996/1997 və 2003/2004 mövsümlərində komandaya ölkə çempionluğunu qazandırıb.
1996-cı ildə "Neftçi” məhz onun baş məşqçi olduğu dövrdə Avrokuboklarda ilk qələbəsin qazanıb. Ölkə çempionu Sofiya "Lokomotiv”inə qalib gəlib - 2:1. Elə həmin il Tuayevin baş məşqçisi olduğu milli komanda İsveçrə yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq, rəsmi oyunlarda ilk qalibiyyətini əldə edib.
Futbolda göstərdiyi xidmətlərə görə 2000-ci ildə "Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.


























Bu yazı

2710 dəfə oxunub

Tarix

2019-11-13 13:20:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev