Veteran voleybolçumuzun 78 yaşı tamam olur


Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri Qriqoriy Maiseyeviç Frişman 1941-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Anası Tamara Jerebçevskaya respublikamızın tanınmış endekrinoloqu, atası Maisey Frişman isə mərkəzi qəzetlərdə fotomüxbir kimi çalışmışdır.
1965-ci ildə M.F.Axundov adına Dillər İnstitutunu bitirərək əmək fəaliyyətinə Sabirabad rayonunun Qaragünə kənd orta məktəbində müəllim kimi başlamışdır.
O, gənc yaşlarında voleybol idman növünə böyük həvəs göstərmiş, həvəskar komandaların tərkibində müxtəlif yaşlarda iştirak etmişdir. Q.Frişman bir müddətdən sonra Bakı şəhərinə qayıdaraq, "Dinamo” klubunda məşqlərə yazılır.
Tezliklə etimadları doğruldaraq, SSRİ miqyasında tanınmış voleybolçular Oqtay Ağayev, Fazil Rzayev, Yaşar Abbasov və digərləri ilə birlikdə çıxış edib.
Qriqoriy Frişman Azərbaycan Respublikası Milli Aviasiya İdarəsində İdman təlimatçısı vəzifəsində çalışarkən voleybol bölməsi yaratmışdır. Həmin komanda Respublika yarışlarında çıxış etmişdir.
Voleybola olan həvəs və istək onu, nəhayət, 1987-ci ildə böyük idmana gətirir. Tanınmış mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi "Neftçi” voleybol klubunda menecer vəzifəsində çalışmağa başlayır.
O, Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilə 1989-cu ildə SSRİ birinciliyində bürünc, 1991-ci ildə isə SSRİ kubokunun qalibi olmuşdur.
Qazanılan uğurların nəticəsində 1989-cu ildə Qriqoriy Maiseyeviç Frişman Respublikanın Əməkdar məşqçisi adına layiq görülmüşdür.
Müstəqilliyimiz dövründə "Azərreyl” klubunda, voleybol üzrə qadınlardan ibarət milli komandada çalışarkən, top-komandalar kubokunun qalibi olmuş, dəfələrlə Avropa və dünya çempionatı yarışlarının iştirakçısı olmuşdur.
Qeyd edək ki, Qriqoriy Frişman yaşının ahıl çağına baxmayaraq, bu gün də voleybolumuzun inkişafına xidmət edir. O, Azərbaycan Voleybol Federasiyasının fəal üzvü, aparıcı mütəxəssisi kimi voleybol ictimaiyyətinin arasındadır. Yeni yaranmış "Mübariz” komandasında öz təcrübəsini paylaşır.
Noyabr ayında 78 yaşını qeyd edən Qriqoriy Frişmanı Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi və bütün voleybol ictimaiyyəti təbrik edir, ona cansağlığı arzulayır.
Azərbaycan Voleybol Federasiyası


Bu yazı

1997 dəfə oxunub

Tarix

2019-11-19 12:51:05

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev