Ölkənin ən güclü ağırlıqqaldıranları müəyyənləşdi



Fevralın 13-dən 15-nə qədər Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçrildi. Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti İsmayıl İsmayılov çıxış edərək Azərbaycan idmanının, xüsusilə də ağırlıqqaldırmanın son illərdəki uğurlarından danışdı. "İdmançılarımız 2013-cü ildə müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazandılar. Qazanılar bu medallarda ağırlıqqaldıranların da payı var. Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı həmişəki kimi yüksək səviyyədə keçirilir. İnanıram ki, dövlət qayğısı və AAAF-ın yaratdığı ən yaxşı şərait sayəsində ağırlıqqaldıranlarımız 2014-cü ildə də bu uğurlarının davamını gətirəcəklər”, - deyən İsmayıl İsmayılov bildirib.
Daha sonra Azərbaycan Respublikasının himni səsləndirildi və çempionata start verildi.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elmar Alıyev (MOİK) 56 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emin Mirzəyev ("Zirvə”-Lerik) ikinci, Sahil Mirzəyev isə ("Təhsil”) üçüncü yeri tutdular.
Çəkisi 62 kq olan idmançıların mübarizəsində Rüstəm İmanzadə (AZAL - "Zirvə”) birinci yerə layiq görüldü. Orxan Həsənli ("Zirvə” - Abşeron) və Məhəmməd Məmmədli (AZAL - "Zirvə”), müvafiq olaraq, ikinci, üçüncü yerlərə layiq görüldülər.
London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Valentin Xristov (AZAL) 69 kq çəki dərəcəsində Azərbaycan çempionatının qalibi adını qazandı. Bu çəki dərəcəsində çıxış edən Zülfüqar Süleymanov (AZAL-”Zirvə”) gümüş medala layiq görüldü. Yuri Dudoqlo (AZAL) isə üçüncü yerlə kifayətləndi.
Çəkisi 77 kq olan ağırlıqqaldıranların mübarizəsində Firudin Quliyev (AZAL- "Sərhədçi”) birinciliyi əldən vermədi.
Sərdar Həsənov (AZAL-”Neftçi”) ikinci, Elşad Şərifov (AZAL-”Zirvə”) isə üçüncü yerə sahib çıxdılar.
85 kq çəkili idmançıların yarışında Elxan Əliquluzadə (AZAL-”Zirvə”) birinci yeri tutdu. Bu çəki dərəcəsində ikinci yerə Əfqan Bayramov (AZAL-”Təhsil”), üçüncü yerə isə Kamran İsmayılov ("Zirvə”-Sumqayıt) layiq görüldü.
94 kq çəki dərəcəli atletlərin çıxışı da maraqlı alındı.
İntiqam Zairov (AZAL-”Neftçi”) bu dəfə də respublikanın ən güclüsü olduğunu sübut etdi. Orxan Əliquluzadə ("Zirvə” - Lənkəran) və Ağazaman Əliyev (AZAL-”Təhsil”) II, III yerləri tutdular.
Çəkisi 105 kiloqram olan ağırlıqqaldıranların yarışında Dadaş Dadaşbəyli (AZAL-”Zirvə”) I, Nailxan Nəbiyev (AZAL-”Spartak”) II, Əli Əliyev ("Təhsil”) isə üçüncü oldu.
+105 kq səki dərəcəsində isə Aluda Manaqadze (AZAL) birinci yeri tutdu. Xosrov Əhmədov ("Neftçi”) ikinci, Əziz Nurməmmədov (AZAL) isə üçüncü yerə sahib çıxdı.
Qadınların mübarizəsi də maraqlı nəticələrlə yadda qaldı. Belə ki, Səbinə Əzimova (48 kq, "Zirvə”-Lənkəran), Silviya Angelova (53 kq, AZAL), Kristina Yovu (58 kq, AZAL), Elnarə Abbasova (63 kq, "Zirvə” - Qazax), Kseniya Vişnitskaya (69 kq, AZAL), Günel Əlizadə ("Zirvə” - Qazax), Anastasiya İbrahimli (75 kq, AZAL) və Tatyana Varlamova (+75 kq, AZAL) birinci yerə layiq görüldülər.
Veteranların mübarizəsində qaliblər sinkleyr cədvəlinə əsasən müəyyənləşdi. Veteranlar arasında Vladimir Jilyayev (AZAL) birinci oldu - 383,9 kq.
Vaqif Musadiq ("Neftçi”) ikinci yeri tutdu - 357,9 kq. MOİK təmsilçisi Akif Alıyev isə (349,7 kq) üçüncü yerlə kifayətləndi.




Bu yazı

5885 dəfə oxunub

Tarix

2014-02-17 21:51:32

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook