Novruz bayramında Azərbaycanın xalq oyunları



Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir. İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir. "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam”. Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əlbiruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyrd edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.)”.
Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.
Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:
Üzərriksən havasan
Cəmi dərdə davasan.
Hər yerdə sən yanarsan.

"Motal-motal” oyunu
Uşaqlar dairəvi oturub, əllərini açıq şəkildə yerə qoyurlar. Uşaqlardan biri sayçı olur.Sayçı aşağıdakı sözləri arxayın və xüsusi ahənglə oxuyur, hər kəlməni deyəndə öz şəhadət barmağını uşaqların əlləri üstə qoyur və deyir: "Motal- motal, dərzi motal, ellər atar, quymaq tutar, əmim oğlu burnu qara, dur mağara, çıx qırağa”. "Çıx qırağa” sözünü deyəndə kimin əlinə toxunsa, o uşaq əlini geri çəkir. Beləliklə, oyun davam edir, uşaqlar bir-bir əllərini çəkirlər. Axıra kimin əli qalarsa onu üzü üstə ortaya yıxır, digər uşaqlar yumruqlarını onun kürəyində üst-üstə qoyub soruşurlar: "əl üstə kimin əli?” Uzanan uşaq düz deyə bilməsə qalanlar hamısı birdən "Qaldırın, qoyun, yalandır”, - deyib onu didişdirirlər. Yerdə uzanan uşaq əl üstdə kimin əli olduğunu tapandan sonra onun özü sayçı olur və bu sözləri söyləyir:
İynə-iynə
Ucu düymə
Bal ballaca
Ballı keçi
Şam ağacı
Şatır keçi
Qoz ağacı
Qotur keçi
Ağ quşum-ağarçınım
Göy quşum-göyərçinim
Vur nağara
Çıx qırağa.
Mətnin sonundakı "çıx qırağa” sözləri hər kəsin ayağının üstündə deyilsə, o, ayağını geri çəkir. Sonra həmin sözlər yenidən oxunur və uşaqlar bir-bir ayaqlarını geri çəkirlər. Hər kəsin ayağı axıra qalsa, onu üzü üstə yerə uzadır, yumruqlarını onun arxasına qoyub soruşurlar:
- Əl üstə kimin əli?
Əgər tapsa, onu ayağa qaldırırlar. Cavabı tapmasa, "götürün, vurun, yalandır”, - deyib bir neçə dəfə astadan vururlar və yenə soruşurlar:
- Əl üstə kimin əli?
Həmin uşaq doğru cavab verənə qədər onu astaca yumruqlayırlar.




"Qələndər, ay qələndər” oyunu
Digər tərəfdə toplaşmış uşaqlar "qələndər, ay qələndər” oynayırdılar. Bu oyunun qaydası belə idi: uşaqlardan biri oyun başçısı olardı. O, əlindəki turnanı uşaqlara verərək aşağıdakı tapmacanı söyləyərdi:
Dimdiyi var buxartana
Qələndər, ay qələndər
Su içər buxartana
Qələndər, ay qələndər
Gözləri var buxartana
Qələndər, ay qələndər
Qanadları buxartana
Qələndər, ay qələndər
Başı mənim, ayağı sənin, tap görək.

"Sino” oyunu
Novruz bayramında daha çox sevilən oyunlarından biri də "sino” oyunu idi. Oyunda iştirak edənlər cərgə ilə "süfrə”nin içində üzüqoylu uzanıb, ayaqlarını divara dayayardılar. Sonra iki əllərinin üstündə yerdən bir qarşı yuxarı qalxar, əvvəl sağa, sonra sola, ən axırda isə aşağı enər, yerə çatar-çatmaz təkrar qalxardılar. Lakin onların sinələri yerə dəyməməli idi. Hərəkət 120 dəfə təkrar olunardı. Hər kəs bu rəqəmi yerinə yetirsə idi, bədəni sağlam hesab olunardı. Yaxşı, məşhur oyunçular sino oyunu zamanı kürəyində xırda bir uşaq oturdardı. Bu, adamın qüvvətli olduğunu göstərərdi. Zorxanaya kim yazılsa idi, o, hər gün məşqə gələrdi. Cavanlar təkcə daş oyunu ilə kifayətlənməyib, mil oyunu da oynayardılar.
"Mil” oyunu
Novruz bayramında pəhləvanlar hər əlinə bir mil alıb başının üstünə qaldırardı. Bu zaman dumbul çalmağa başlardı. Dumbul əvvəlcə lap ahəstə, sonra get-gedə sürətlə çalınardı. Mil oynadan adam da həmin templə başının üstə milləri hərləyərdi. Oyun qurtardıqdan sonra camaat oyunçuları alqışlayardı. Bəziləri camaatın xahişi ilə mili tək əllə yuxarı atıb dəstəyindən tutardı. Yaxşı mil oynadanlar mili ayağının altından da atıb-tutardı. Axırda qurşaq (güləşmə) tutardılar. Güləşmədə iştirak edənlər - Şonu oğlu Həsən, Məmməd Hüseyn, Şah İsmayıl, Pəhləvan Məhəmməd Hənifə, Cəro Süleyman, Altıaylıq Əbdüləli, Xiləli pəhləvan (Əli Hümmət), Zorba Rzaqulu, Hapış Məhəmmədəli, Qatırçı Mirzə, Axmaq nəvəsi İsrafil, Çopur Sayad oğlu, Məmməd Hənifə, Tarta nəvəsi Kəbləhüseyn, Balabançı oğlu Məmməd, Xəlifə Süleyman (adamlara ləqəb qoymaq keçmişin adətlərindən idi) dövrünün tanınmış pəhləvanları sayılardılar.
Bu adamlar hər gün məşğələdən sonra hamama getməli idilər. Oyunun axırına bir qədər qalmış camaat pəhləvanların birindən xahiş edərdi ki, gənclərlə güləşsin. Bu zaman Altıaylıq Əbdüləli papağını başından yerə qoyar, sarı ipək qurşağını açar, ipək köynəyini çıxardar, sonra onun qabağına bir tünükə qoyardılar. Gənc həvəskarlar da soyunardılar. Altıaylıq "süfrəyə” tullanardı. Onu hər tərəfdən tamaşaçılar alqışlayardılar. Məşhur musiqişünas, xanəndə Hacı Zeynal oğlu Ağa Kərim Altıaylığın şəninə pişro deyərdi.
Altıaylıq ləqəbi ilə tanınan adam nazik, uzun qara bığlı, hündürboylu, enlikürəkli, üzügülər bir pəhləvan idi. Dodaqaltı gülə-gülə əllərini sinəsinə qoyub camaata baş əyərdi. Əliaçıq tamaşaçılar ona "üçlük”, "beşlik”, "onluq” əskinas (kağız pul) bağışlayardılar. Hərdən İrandan, Ərdəbildən, Sarabdan nüfuzlu, adlı-sanlı qurşaq tutanlar da gələrdi. Novruz bayramında həmin pəhləvanlar da zorxanada iştirak edirdilər. Bakıda yaşayan iranlı pəhləvanlar - Şatır Məmməd, Kankan Rza, Qənnatı Kərim, Pinəçi Məmi və digərləri Novruz bayramında qurşaq tutardılar. Yığılan pullardan zorxanaya xərc çəkilər və iştirak edənlərə hamam pulu verilərdi.



"Qəpəq” oyunu
Qəpəq adlanan altı metrlik uzun ağacın başına alma, qarpız və ya qızıl sikkə ilə doldurulmuş bardaq bərkidilirdi. Onu meydanın ortasında yerə sancırdılar. 5-6 atlı meydanın kənarından qəpəyə doğru çaparaq ox atırdılar. Nişanı vuran süvari qalib hesab edilirdi. Qeyd edək ki, bu oyun Səfəvilər dövründə geniş yayılmış oyunlardan olmuşdur. Şah İsmayılın qəpəq oyununda iştirakını təsvir edən avropalı müəlliflərdən biri yazır: "Şah İsmayıl əmr etdi ki, meydanın ortasında hündür bir dirək basdırsınlar və onun başına qızıl alma qoysunlar. Kim çaparaq onu oxla vurub salarsa qızıllar onun olsun. Oyun başlandı. Şahın iştirak etdiyi bu oyunda dirəyin başına on qızıl, on gümüş alma sancıldı. Şah da oyunda iştirak edirdi. Burada 30 minə yaxın tamaşaçı var idi”.

Qada, bala apararsan
Bayram günlərində cavanların və uşaqların ən çox sevdiyi və geniş yayılmış oyunlardan biri də "Kosa-kosa”dır. Cavanlar bir yerə toplaşaraq, bir nəfər zirək və hazırcavab oğlana tərsinə kürk geyindirir, üzünü möhkəm-möhkəm unlayır, başına uzun motal papaq qoyur, ayaqlarının altına ayaq formasında ağac sarıyırlar. Boynuna zınqrov salır, paltarlarının altından qarnına yastıq bağlayır, qırmızı bəzənmiş bir çömçə götürən kosanı qapı-qapı gəzdirib oynadaraq pay toplayırdılar. Kosanı gəzdirənlər bu mahnını oxuyurdular:
A kosa-kosa gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldursana,
Kosanı yola salsana.
Novruz bayramında evlərin üstünə çıxıb torba sallamaq adəti də vardır. Qədimdə evlərin əksəriyəti alçaq, birmərtəbəli olduğundan küçədən onların üstünə çıxmaq asan idi. Evin üstünə çıxan adam uzun ipin ucuna kiçik bir toba bağlar, onu evin damındakı bacadan içəriyə sallayar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla səs çıxarıb ev yiyəsini xəbərdar edərdi. İçəriyə atılan torbaları qətiyyən boş qaytarmaq olmazdı. Torbanın içinə hökmən novruz payı qoymaq lazım idi.
Novruz şənliklərində milli xalq oyunları xüsusi yer tutur. Asudə vaxtlarda oynanılan bir çox oyunlar bayram günlərində daha təntənəli keçirilərdi. Uşaqlar və böyüklər məhəllərdə, kəndlərdə, həyətlərdə, dalanlarda Novruzun gəlişinə sevinər, nəğmə oxuyaraq şənlənərdilər.
Xalq arasında çox qədimdən yaranan "Qurd oyunu”, "Motal-motal”, "Qurd basdı”, "Qurdlar səni yeyər”, "Çövkən”, "Cızıq turnası oyunu”, "Gizlənpaç” (gizlən, qaç), "Oğru-oğru”, "Şuma qədər”, "Aşıq-aşıq”, "Qoz-qoz”, "Pula-pula”, "Zorxna”, "Sino”, "Mil”, "Qəpəq”, "Fincan-fincan” oyunlarında həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər. Novruz bayramının ən yaxşı və yadda qalan atributlarından biri, ən çox tamaşaçı cəlb edən hissəsi milli xalq oyunlarıdır. Bayram günlərində keçirilən oyunlardan biri - "Çövkən” oyunu yaşıl çəməndə, yaxud xüsusi meydançada at üstündə oynanılır. Oyunçular yerə atılan kiçik topu xüsusi düzəldilmiş ağacla rəqibin qapısına vurmağa çalışırlar. "Çövkən”in özünəməxsus qaydaları vardır: Atdan düşmək, topa əl ilə toxunmaq olmaz və s. Orta əsrin atüstü oyunları içərisində ən şöhrətlisi və geniş yayılanı məhz bu oyundur.



"Qurd” oyunu
Qurd cildinə düşən bir nəfər ovçunun qızını oğurlayıb aparır. Ovçu bir neçə ildən sonra xəbər tutur ki, onun qızını qurd oğurlayıb. O, qurdu vurmaq qərarına gəlir. Qurdu vurur,qarnını yarır, lakin qızı qurdun qarnından tapmır. Soruşur ki, qız hanı?
Qurd deyir:
- Qız mağarada bacılarımın yanındadır. Ancaq sən məni öldürüb mağaraya getsən, bacılarım səni parçalayar.
Ovçu deyir:
- Bəs mən neyləməliyəm?
Qurda deyir:
- Sübh tezdən suların dəyişən günüdür. Əgər sən mənim yaralarımın üstünə təzə su töksən, yaralarım sağalar.
Ovçu deyir:
- Sən suyun yerini de. Mən o sudan tapıb gətirərəm.
Qurd deyir;
- Elə bu arxdan sübh vaxtı su götürsən kifayət eləyər.
Ovçu səhəri gözləyir. Təzə sudan götürüb qurdun yaralarına tökür. Qurd sağalır və gözəl bir qız cildinə düşür. Ovçu onunla evlənir və qardaşlarını da götürüb mağaraya gedir. Görürlər ki, qurdun bacıları da gözəl qızlara dönüblər. Qardaşlar həmin qızlarla evlənirlər. Ovçu qızını evinə aparır. Oğlanların arvadları dönüb yenidən qurd olurlar.
Vaxt keçir, qurd-gəlinlər hərəsi yeddi oğlan uşağı doğur. Ovçu onları böyüdür, yeddi ölkədən qız gətirir, onlara toy edir. Ovçunun kiçik nəvəsinin toy gününü bayram edirlər. Deyirlər ki, qədim türklərin babaları həmin günə Novruz demiş, hər il həmin gün şənlik keçirməyi övladlarına vəsiyyət etmişlər.
Novruz bayramından söhbət açan bəzi müəlliflər "kosa-kosa”, "kəndirbaz”, "sim pəhləvan”, "masqara”, "gözbağlıca”, "cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq yarışları, bənövşə, və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyini göstərmişlər. Sadaladığımız bu xalq oyunları uzun yol keçərək bu günümüzədək gəlib çatmışdır.
Bir məsələni qeyd etmək yerinə düşər ki, bu oyunların bəziləri artıq müasir beynəlxalq idman növünə çevrilmişdir. Məsələn: güləş, atçılıq, atıcılıq, ağırlıqqaldırma, qaçış və digər idman növləri məhz xalq oyunlarının kökləri əsasında yaradılmışdır. Sevindirici haldır ki, beynəlxalq aləmdə fərqlənən idmançılarımz xalqımızın keçmiş adət ənənələrindən xalq oyunlarından bəhrələnərək bu gün dünyada şöhrət qazanmışlar. İnanırıq ki, bu tendesiya bundan sonra da davam edəcək, idmançılarımız ən nüfuzlu beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, başqa mötəbər idman tədbirlərində əldə etdikləri qələbələrlə xalqımızı sevindirəcəklər.




Qurşaqtutma
Qurşaqtutma Azərbaycanda geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Novruz bayramı və digər el şənliklərində qurşaqtutma yarışı keçirilir. Bu, zorxana idman oyunlarında güləş yarışının ən qədim ənənəvi adlarından biridir. Tamaşa ünsürləri ilə zəngin olan bu güləş növündə olan oyun və yaxud da yarış, adətən Novruz bayramı və digər el şənliklərində oynanılır. Adi günlərdə kiçik yaşlı uşaqlar arasında oyun halında keçirilir.
Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar:
- Mənəm nərlərin nəri,
Ay oğlan.
Mənəm ərlərin əri,
Ay oğlan.
Əl qolunu çatdadaram,
Ay oğlan.
Bağrını partladıram,
Ay oğlan.

Qılınc oynatmaq
Bu oyunda meydana çıxan gənclər bir-birlərinin əllərindən qılınc düşənə qədər döyüşməlidirlər. Qılıncoynatma bəzən at üstündə də baş verə bilər. Bu oyundan qalib çıxana Novruz hədiyyəsi verilərdi.

Cıdır oyunu
Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biridir. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud” boylarından, Nizami Gəncəvinin "Xosrov və Şirin” poemasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir.
Oyunun qaydaları:
Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar.
Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o, yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşayət edir. Bir adət olaraq cıdır meydanları üçün elə yer seçilir ki, əhali cıdıra çıxanları görə bilsin. Cıdır sözün əsil mənasında, gənclərin sınaq meydanına çevrilir, elin çevik, mərd, mahir çaparları burada müəyyən edilir. Cıdır ötəri yarış, sadəcə at oynatmaqla məhdudlaşan əyləncə deyil. Burada pərəstişin, inamın, sehr və ovsunun izləri də vardı.

"Papaq” və "Güc sınağı”oyunu
Oyunun iştirakçısı müəyyən vaxt ərzində öz papağını başında saxlamağa çalışmalı, həm də rəqib komandadan iki papaq götürməlidir. "Güc sınağı” oyunu da çox maraqlıdır. Bu zaman atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırmalıdır. Bu oyunun da müxtəlif variantları var. Ümumiyyətlə, bütün xalq oyunlarımız gənclərə cəldlik, sərrastlıq, dəqiqlik, özünəinamlılıq aşılayır.
At üstündə keçirilən idman oyunlarından ən çox yayılanı cıdırdır. Cıdır oyunlarına qatılan çaparların əsas məqsədləri finişə birinci çatmaqdır.

"Sürpapaq” və "Piyalə və ox”
"Sürpapaq” oyununda isə oyunçular top-papaq uğrunda mübarizə aparır, sonda onu qapı dairəsindən keçirirlər. Oyun zamanı iştirakçıları cəmi üç dəfə atdan düşməyə icazə verilir. Bu oyun bir qədər müasir basketbola da oxşayır. Atüstü idman növlərindən "Piyalə və ox” oyunu da çox maraqlıdır. Oyunda məqsəd xüsusi dirəyin üzərindəki piyaləni atı çaparaq oxla vurmaqdır. Bu oyun bir neçə variantda oynanılır. "Piyalə və ox” oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq lazım idi.

Papaqqapdı
Papaqqapdı ilaxır çərşənbə və novruz günlərində uşaqların və yeniyetmələrin oynadıqları oyunlardan biridir. Oyunun qaydalarına görə
iştirakçıların hamısının başında papaq olur, onlar çəkilmiş dairənin içərisində dairəvi şəkildə otururlar. Püşklə seçilmiş başçı əlində çubuq dairənin ortasında dayanır. O, papaqsız olur. Başçı çubuğu yerə vurub oyunçuları qorxudur. Onlar əl çala-çala: "Tağı-tağı tağbatağ başında yoxdu papaq” sözlərini beş dəfə təkrar deyirlər. Bu vaxt başçı oyunçulardan birinin papağını qapıb öz başına qoyur. Papağı götürülmüş oyunçu da sağ tərəfində oturan yoldaşının papağını qapıb öz başına qoyur. Belə-belə papaqqapma dövrə sona çatana qədər davam edir. Oyun bu yolla dörd-beş dəfə təkrar olunur. Papaqsız qalan oyunçu başçını əvəz eləyir. O, dairənin içində hərlənib oyunçulardan kiminsə papağını qapmağa çalışır.
Oyunçular yenə də "Tağı-tağı tağbatağ başında yoxdu papaq”, - deyib onu ələ salırlar. Bu sözlər papaqsızın papaq qapmasına qədər təkrar olunur. Oyun beləcə davam edir. Oyunçuların dəyirman daşının hərlənməsi istiqamətində papaq qapıb oyunu davam etdikləri üçün bəzi yerlərdə bu oyuna "Dəyirman oyunu” adı da verilib.
"Novruz” bayramında bütün bunlarla yanaşı, at çapma və güləşmə yarışları təşkil edilir, meydanlarda kütləvi oyunlar, rəqslər, yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər.
Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.




Bu yazı

141109 dəfə oxunub

Tarix

2014-03-18 13:25:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook