Patrik Hikki: “Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi mühüm hadisədir”


"Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi mühüm hadisədir. Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək”.
Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki həmkaralarmıza verdiyi müsahibədə deyib.
Azərbaycana səfərindən hər dəfə məmnunluq duyduğunu dilə gətirən Patrik Hikki ölkəmizdə bütün sahələrdə böyük inkişafın müşahidə olunduğunu xüsusi vurğulayıb.
Mütəmadi şəkildə idman komitələrinin rəhbərləri, eləcə də Azərbaycanın gənclər və idman naziri ilə görüşlərin keçirildiyini bildirən AOK-un prezidenti Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə oyunlara hazırlıqla bağlı həyata keçirilən işləri yüksək qiymətləndirib.
Patrik Hikki Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu bildirərək deyib: "Düşünürəm ki, Bakı-2015 ilk Avropa Oyunları artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın bu sahədə nüfuzunu daha da artıracaq. Azərbaycan "Eurovision 2012” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bakıda təşkil olunacaq Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Səkkiz idman növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay Olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq. Maliyyə və texniki məsələlərlə bağlı işlər də yüksək səviyyədə həyata keçirilir. Qısa müddətdə oyunlara hazırlıqla bağlı bir çox uğurlar əldə edilib”.
AOK prezidenti Azərbaycan hökumətinə verdiyi dəstəyə görə təşəkkür etmiş, indiyə qədər görülən işlərin ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaratdığını bildirib. O, Atletlər Kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edərək, burada güclü və peşəkarlardan təşkil olunmuş komandanın çalışdığını xüsusi vurğulayıb.




Bu yazı

21280 dəfə oxunub

Tarix

2014-04-11 12:17:25

Yazını

Çap et

Yazını

Paylaş