Natiq Abbasov: “I Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq”




Mingəçevirdə 600 nəfərlik Olimpiya şəhərciyi tikilir

Aprelin 18-20-də Mingəçevir şəhərində ənənəvi Beynəlxaq "Prezident kuboku” reqatası keçirildi. Reqatada yerli idmançılarla yanaşı, Türkiyə və Gürcüstan idmançıları da qalib adı uğrunda mübarizə apardılar. Yarışı Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəhbərliyi və gənclər və idman naziri Azad Rəhimov da izləyirdi. Turnirin təşkilati işləri və idmançılarımızın qarşıdakı yarışları barəsində ətraflı məlumat əldə etmək üçün AMAF-ın vitse-prezidenti və Mingəçevir Kür Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasovun fikirlərini öyrəndik. Natiq 2015-ci il I Avropa Oyunlarında kayak və kanoe üzrə mübarizənin təşkil olunacağı mərkəzdə nəzərdə tutulan işlərdən və mötəbər turnirə hazırlıqlar barəsində məlumat verdi.


- Əvvəlcə Beynəlxaq "Prezident kuboku” reqatası barəsində fikirlərinizi bilmək istərdik.

- Bu reqata ənənəvi olaraq 2008-ci ildən təşkil olunur. Hər il olduğu kimi, bu dəfə də yerli idmançılarla yanaşı, xarici ölkələrdən də yarışda iştirak edənlər var. Ötən illərdən fərqli olaraq, bu il Rusiya və Ukrayna yığmaları müəyyən səbəbləri görə, "Prezident kuboku”nda iştirak edə bilmədilər. Ancaq Türkiyənin 12 nəfərdən ibarət gənclər yığması, Gürcüstandan isə 37 avarçəkən budəfəki turnirdə iştirak etdi.

- Adətən, bu turnir martda keçirilirdi. Bu dəfə yarışlara 1 ay gec start verildi. Bu nə ilə baglı idi?

- Bildiyiniz kimi, 2015-ci il I Avropa Oyunlarına hazırlıq mərhələsi başlayıb. Bununla əlaqədar olaraq federasiya rəhbərliyi bu dəfə turnirin aprel ayında keçirilməsini münasib bildi. Bəlkə də yarışın apreldə keçirilməsi daha yaxşı oldu. Çünki mart ayına nisbətən, apreldə havalar daha xoş keçir.

- I Avropa Oyunlarında kayak və kanoe növü üzrə yarışlar ilk dəfə olaraq Mingəçevirdə keçiriləcək. Mötəbər turnirə hazırlıq işləri necə gedir?

- Təbii ki, yeniliklər olacaq. Artıq Bakı Avropa Oyunları Əməliyyat Komitəsi yaradılıb. Bildiyiniz kimi, həmin komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışırlar. Həmin mütəxəssislər Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının təşkilində iştirak ediblər. Onların rəhbərliyi ilə biz artıq hazırlıq mərhələsinə başlamışıq. Demək olar ki, hər gün həmin insanlarla təmasda olur, mötəbər yarışla bağlı söhbət edirik. Onlarla bir yerdə bütün təşkilati işlərdə məsləhətləşir, lazım olan tövsiyələri və tapşırıqları yerinə yetiririk.

- Yarışlar paytaxtdan kənarda keçirilir. Bununla bağlı mötəbər turnirdə komandaları, qonaqları qarşılamaq və yerləşdirmək problem yaratmayacaq ki?

- Qeyd edim ki, bu kompleksdə infrastrukturda çox böyük dəyişiliklər olacaq. Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən yarışların yüksək səviyyədə təşkili üçün əlavə vəsaitlər ayrılıb. Bununla yanaşı, işlərin yüksək səviyyədə qurulması üçün buraya kənardan tanınmış mütəxəssislər də dəvət olunublar. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Artıq Mingəçevir Olimpiya şəhərciyinin tikintisinə start verilib. Gələn ilin yazına kimi tikinti işlərinin yekunlaşması planlaşdırılır. Həmin şəhərcikdə eyni anda 600 idmançı və məşqçini yerləşdirmək mümkün olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni edəcək ki, turnir yüksək səviyyədə keçirilsin. Sizi inandırıram ki, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək I Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq. Hazırda kompleks bütün lazımi avadanlıqlarla təchiz olunmaq üzrədir. Qonaqlara burada yüksək şərait yaradılacaq.

- Gənclər və idman naziri Azad Rəhimovu yarışı izləyənlər arasında gördük...

- Bildiyiniz kimi, Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşürdü. Sonra oradan bizim tədbirimizə dəvət olundu. Azad müəllim həm turniri izləyir, həm də I Avropa Oyunlarının təşkilatı məsələləri ilə yaxından tanış olur.

- Eşitdiyimizə görə, avarçəkmə üzrə paralimpiya komandası yaradılıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bəli artıq bundan sonra avarçəkmə yarışlarında paralimpiyaçı idmançılarımız da olacaq. Azərbaycanda ilk dəfə olaraq akademik avarçəkmə və kayak üzrə komandamız fəaliyyət göstərəcək. Hazırda heyətdə 3 yerli idmançı var. Bununla bağlı komandaya güclü və tanınmış mütəxəssis Aleksandr Barabanov dəvət olunub. Həmin məşqçi vaxtilə Azərbaycan Milli Avarçəkmə Federasiyasında və yığmada çalışıb. Sonra müəyyən səbəblərdən o, Rusiyaya yollanmışdı. Federasiya rəhbərliyi onu yenidən ölkəmizə dəvət etdi.

- Komandanın hansısa turnirdə iştirakı gözlənilir?

- Paralimpiya komandası yeni yaradılıb. Bu komandanın yaradılması və idmançıların seçilməsi bir neçə ay davam etdi. Ona görə də, hazırda bütün diqqəti təlim-məşq toplanışlarına yönəltmişik. Yəqin ki, yaxın vaxtlarda hansı turnirdə iştirak edəcəyimiz bəlli olacaq.

Rahib Səmədov,
Mingəçevir






Bu yazı

47425 dəfə oxunub

Tarix

2014-04-20 10:33:49

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev