Beynəlxalq “Prezident Kuboku-2014” reqatası başa çatdı




Mingəçevirdəki "Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq "Prezident Kuboku-2014” reqatasına aprelin 20-də yekun vurulub.
Ənənəvi reqatanın təşkilində məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişaf etdirilməsi, əhali arasında bu idman növünün populyarlığının artırılması və avarçəkənlərin hazırlıqlarının yoxlanılmasından ibarət idi. Turnirdə Azərbaycan, Gürcüstan və Türkiyənin 150-dən çox idmançısı iştirak edirdi. Azərbaycan və Gürcüstan hər iki növdə, Türkiyə isə kayak və kanoedə təmsil olunurdu. Əksər yürüşlərdə qalib adını ölkəmizin təmsilçiləri əldə etdilər.
Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X) və sükansız (2), eləcə də 4 nəfərlik qoşa (4X) və 4 nəfərlik sükansız (4-) qayıqlarda mübarizə apardılar. Bu növdə böyüklər, 23 yaşınadək və 18 yaşınadək avarçəkənlər 2000 metr, 1997-1998-ci illər təvəllüdlülər 1500 metr, 1999 - 2001-ci illər təvəllüdlülər isə 1000 metr məsafəyə yürüş etdilər. Yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil olundu. Eyni yaş kateqoriyasında çıxış edən kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqlarda 200, 500, 1000 və 5000 məsəfələrə yürüşdə qüvvələrini sınadılar.
Beynəlxalq "Prezident Kuboku-2014”də kanoe üzrə 4 qat dünya və Avropa çempionu Valentin Demyanenko və Mirnazim Cavadov çıxış etmədilər. Hər iki idmançı zədələndikləri üçün azarkeş kimi reqatanı kənardan izləməli oldular.
Əvəzində 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanmış akademik avarçəkən Boris Yotovun bu mövsüm il ilk sınağı məhz bu yarışa təsadüf etdi. Millinin bolqarıstanlı legionerinin bu yarışdakı çıxışını həm mütəxəssislər, həm də azarkeşlər maraqla gözləyirdilər. 18 yaşlı təmsilçimizin 1 nəfərlik qayıqda (M1X) 2000 metr məsafəyə final yürüşündə əsas rəqibləri 23 yaşınadək avarçəkənlər arasında dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarında 5-ci yeri tutmuş Aleksandr Aleksandrov, bir çox beynəlxalq reqatanın mükafatçısı Cavid Əfəndiyev idi. Eyni zamanda, gürcüstanlı Arçil Bayaşvili də rəqabətə qoşulmuşdu. Yotov yürüşün sonunadək liderliyi əldən verməyərək, beynəlxalq "Prezident kuboku”nun qalibi oldu. O, finişə 7 dəqiqə 53 saniyəyə çatdı. İkinci yeri tutan Aleksandrov qalibdən cəmi 7 saniyə, Əfəndiyev 21 saniyə, gürcüstanlı Arçil Bayaşvili isə 42 saniyə geri qaldı. Bununla da, B. Yotov birinci yeri tutaraq, olimpiada öncəsi ilk sınağından üzüağ çıxdı.

Bu yürüşü izləyən akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Yuliana Stoyeva turnirlə bağlı "Olimpiya dünyası” qəzetinə fikirlərini bildirdi. O, Yotovun çıxışından da razı qaldığını vurğuladı. "Bu reqatada Borisi bir daha izlədik. Aleksandrovun zədəsi var idi. Buna görə də uzun müddət məşqlərdən kənarda qalmışdı. Qeydə alınan nəticəni qənaətbəxş hesab etmək olar. Amma bu yürüşün nəticəsinə birmənalı qiymət vermək çətindir. Hələ bir neçə yarışda da iştirak etməliyik. 3 həftədən sonra Avropa çempionatı olacaq. Bundan sonra nə isə fikir yürütmək olar. Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında akademik avarçəkənlər qaydalara əsasən 1000 metr məsafəyə yürüş etməlidirlər. Burada isə onlar 2000 metrdə yarışdılar. Bunlar tam fərqli məsafələrdir. Ümid edirəm ki, Yotov həmin məsafədə də ümidləri doğruldacaq. Yotovun durumu normal olsa da, Aleksandrov hələ 2-3 həftə öncə hazırlıqlara başlayıb. Onun ciddi zədəsi var idi. Buna görə də təcrübəli avarçəkənimiz haqda optimist fikir bildirmək çətindir. Buyaxınlarda Bolqarıstanda təlim-məşq toplanışı keçirdik. İdmançıların fiziki durumu qaydasındadır. Hazırlığın bu mərhələsindən də razı qaldım”, - deyə Stoyeva əlavə etdi.
Digər avarçəkənlərin yarışında da azarkeşlər maraqlı mübarizənin şahidi oldular. Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko zədə üzündən iştirak etmədiyi üçün diqqətlər London olimpiadasının finalçısı Sergey Bezuqlıya yönəldi. Bezuqlı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 41,22 saniyəyə çataraq, qalib oldu. O, ən yaxın izləyicisi Aleksey Kupini 0,50 saniyə qabaqladı. Nikolay Matviyçuk isə finişə 42,4 saniyəyə çataraq, üçüncü yeri tutdu. Təcrübəli kanoeçimiz daha bir medalı 500 metr məsafəyə yürüşdə əldə etdi. O, həmin məsafəni 2 dəqiqə 7 saniyəyə qət edərək, üçüncü yerə çıxdı. Aleksey Kupin 2 dəqiqə 5 saniyə nəticə ilə birinci, Nikolay Matviyçuk 2 dəqiqə 6 saniyə göstərici ilə ikinci oldu.
Amma 1000 metr məsafəyə yürüşdə Bezuqlı finişə 4 dəqiqə 37 saniyəyə çataraq, 4-cü yeri tutdu. Qalib adını 4 dəqiqə 15,33 saniyə nəticə ilə Tarak Matviyçuk qazandı. Onun qardaşı Nikolay Matviyçuk cəmi 0,55 saniyə geri qalaraq, ikinci oldu. Üçüncü yeri isə 4 dəqiqə 24 saniyə göstərici ilə Aleksey Kupin tutdu.
Kayakçıların mübarizəsinə isə bayaq dediyimiz kimi, Mirnazim Cavadov zədə üzündən qatılmadı. 1 nəfərlik qayıqda (K-1) 500 metr məsafəyə yürüşdə Aleksandr Piçugin 1 dəqiqə 54 saniyə nəticə ilə qalib oldu. Türkiyəli Safa Köşe (1:57.57) ikinci, Tamerlan Mustafayev (1:57.98) üçüncü yerlə kifayətləndi. T. Mustafayev 200 metr məsafəyə yürüşdə isə finişə 38 saniyəyə çataraq, qalib adını qazandı. Amil Hüseynli (39,34) ikinci, gürcüstanlı Badri Kavelaşvili (39,67) üçüncü oldu.

Rahib Səmədov,
Mingəçevir






Bu yazı

7587 dəfə oxunub

Tarix

2014-04-22 12:38:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev