Yeni idman növündə ilk medal




Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumata görə, Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni Olimpiya idman növü kimi inkişaf etdirməyə başladığı kanoe-slalom növündə ölkəmiz ilk medalını qazanıb. Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqatada təmsilçimiz Yure Meqliç gümüş medala sahib olub.
O, yubiley reqatasında kişilər arasında fərdi kayak (K1M) növündə mübarizə aparıb. 30 yaşlı kanoe-slalomçumuz yarışın ilk günündə birinci keçiddə 97,58 saniyə nəticə göstərərək, polşalı Dariuş Popieladan 0,46 saniyə geri qalıb. İkinci keçiddə isə Meqliç 96,33 saniyə nəticə ilə rusiyalı Pavel Eygelə 0,45 saniyə uduzub. Slalomçumuz hər iki keçidi cəriməsiz başa vurduğu halda, Eygel birinci keçiddə 2, Popiele isə 4 cəriməyə yol verib. Amma qaydalara əsasən, iki keçiddən hər hansı birində ən yaxşı nəticə göstərən idmançı qalib sayılıb. Bu səbəbdən, Eygel (95,88) qızıl, Meqliç (96,33) gümüş, Popiela (97,12) isə bürünc medala layiq görülüblər.
İkinci yarış günündə təmsilçimiz nəzərdə tutulan məsafəni ilk keçiddə 106,54 saniyəyə və 4 cərimə ilə, növbəti keçiddə isə 105,88 saniyəyə və 2 cərimə ilə qət edib. Cərimələr Meqliçin göstərdiyi nəticələrlə toplanılıb və son sıralamada onun ən yaxşı göstəricisi 107,88 bal olub. Bununla da idmançımız 6-cı yeri tutub. Rusiya təmsilçiləri Pavel Eygel (101,65) və Yevgeni Doronin (106,11) qızıl və gümüş, polşalı Qrjeqorj Polaçik (106,86) bürünc medala yiyələnib. Slovakiyalı Yan Şaybidar (107,45) 4-cü, Matuş Huysa (107,77) 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, yubiley reqatasında Azərbaycanın yeganə kanoe-slalomçusundan əlavə, Slovakiya, Polşa, Rusiya, Çexiya, Ukrayna və Sloveniyanın 80-dən çox idmançısı mübarizə aparıb.




Bu yazı

8075 dəfə oxunub

Tarix

2014-04-24 10:27:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev