“Olimpə doğru” jurnalı ilin ən yaxşılarını mükafatlandırdı



Dekabrın 25-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Olimpə doğru” jurnalının ilin yekunları ilə bağlı təsis etdiyi nominasiyalar üzrə qaliblərin mükafatlandırılma mərasimi keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, MOK-un baş məsləhətçi Nazir Rəhimov, "Təhsil” RİM-in direktoru Cəfər Hümbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, MOK-un aparıçı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.


Tədbiri giriş sözü ilə açan MOK-un aparıcı məsləhətçisi "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev belə bir tədbirin təşkil olunmasında əsas məqsədin il ərzində idman sahəsində fərqlənən insanların əməyinin qiymətləndirilməsi olduğunu dedi. O, bu mükafatların müxtəlif nominasiyalar üzrə qalib olan idmançıların gələcəkdə daha da böyük uğurlar qazanmasına stimul verəcəyini bildirdi: "Bilirsiniz ki, "Olimpiya dünyası” qəzeti və onun təsisçiliyi ilə nəşr olunan "Olimpə doğru” jurnalı ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yüksək səviyyədə təbliğ olunması üçün fəaliyyət göstərir. Bu illər ərzində həm qəzet, həm də jurnal Azərbaycanın idman mediası arasında öz nüfuzunu qoruyub saxlayıb, idmançılarla sıx təmasda olub. "Olimpə doğru” jurnalının ilin yekunları ilə bağlı təsis etdiyi nominasiyaların təqdim olunması mərasiminin keçirilməsi artıq ənənə halını alıb.


Adətən, ilin yekununda ən yaxşıların seçimi müxtəlif sorğular vasitəsilə müəyyənləşdirilir. Bu sorğularda daha çox səs toplayanlar müxtəlif nominasiyalar üzrə təltif olunurlar. Lakin biz bu ənənəni sözün yaxşı mənasında pozduq. Çünki, bəzən sorğuların yekunu o qədər də obyektiv sonluqla nəticələnmir. Çünki bu sorğularla müraciət olunan təşkilatlar, idman federasiyaları, klub və cəmiyyətlər öz idmançılarına, məşqçilərinə və s. daha çox üstünlük verirlər. "Olimpə doğru” jurnalı mükafatlarını yaradıcı kollektivlərin müşahidələrinə əsasən müəyyənləşdirib. Qəzetin və jurnalın kollektivi müxtəlif idman təşkilatları və idmançılarla sıx əməkdaşlıq edirlər. Bu insanlar ömürlərini idman jurnalistikasına həsr etdikləri üçün idmançıları da, idman sahəsində çalışanları da daha yaxından tanıyırlar.


Onların bu sahədəki təcrübəsi ilin yekununda ən yaxşıların seçimində mühüm rol oynayır. Yəqin ki, seçilən mükafatçılar arasında indiyədək müxtəlif nominasiyalarda fərqlənmiş insanlar var. Amma onların arasında ilk dəfə ilin yekununda mükafat alan idmançılar da az deyil. Sözsüz ki, ilk uğur həmişə yadda qalan olur və bu, gələcək uğurların davamlı olmasına stimul verir. Maraqlıdır ki, vaxtilə ilk uğurlarını işıqlandırdığımız Fərid Mansurov, Elnur Məmmədli, Murad Bazarov və adlarını qeyd etmədiyim digər idmançılar sonradan ən yüksək mükafatlara layiq görülüblər. Burada fərqələnən insanlar haqqında qəzetimizdə müxtəlif səpkili yazılar dərc ediləcək və "Olimpnews.az” saytında da onların uğurları lazımi səviyyədə işıqlandırılacaq”, - deyə o əlavə etdi.


Sonra çıxış üçün söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevə verildi. Tədbir iştirakçılarını salamlayan Xəzər İsayev Azərbaycan idmanında və Olimpiya Hərəkatında əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə bağlı olduğunu diqqətə çatdırdı. Xəzər İsayev respublikamızda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açdı. "Doğrudan da, cənab Prezidentimiz biz idmançılar üçün gözəl şərait yaradıb. Azərbaycan idmanında qazanılan hər bir uğur dövlətimizin başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, bu gün biz ilin yekunları ilə bağlı daha bir tədbirə toplaşmışıq. Murad müəllimin nominasiyaların seçimi ilə bağlı aparılan sorğu haqqında səsləndirdiyi fikirlərə mən də qoşuluram. Doğrudan da, bu cür sorğular zamanı obyektivlik tam təmin olunmur. Fürsətdən istifadə edərək önə çəkmək istədiyim daha bir məqam odur ki, nominasiyaların seçimi zamanı bölgə təmsilçiləri diqqətdən kənarda qalmasınlar. Çünki Azərbaycan idmanı yalnız paytaxtla məhdudlaşmır. Ümumiyyətlə, biz təkcə ilin yekununda deyil, ilboyu bölgələrdə idmanın inkişafını diqqətdə saxlamalı, regionların fəaliyyəti ilə daha yaxından maraqlanmalıyıq. Qeyd edim ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının nominasiyalarının seçimi zamanı da bölgələrə xüsusi diqqət yetiririk. Hər birinizi təbrik edirəm və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə o bildirdi. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında zala toplaşanları salamladı və belə bir tədbirin təşkil olunmasından məmnunluğunu ifadə etdi. O qeyd etdi ki, bu gün bu zalda Azərbaycanın idman ictimaiyyətinin aparıcı simaları - idmançılar, məşqçilər, cəmiyyət sədrləri, hakimlər, idman yazarları əyləşiblər. İdmançıların cəmiyyətin seçilən üzvü olduqlarını deyən Raqif müəllim 2013-cü ilin Azərbaycan idmanı üçün əlamətdar illərdən olduğunu diqqətə çatdırdı: "Zala toplaşan tədbir iştirakçılarının hər birinin ölkə idmanında qazanılan uğurlarda payı var. Biz birlikdə güclüyük. İdmançılar cəmiyyətin ən sevilən nümayəndələrindəndir. Ona görə ki, bu insanlardan daim örnək götürürlər. Bu gün burada təltif olunanlar il ərzində idman sahəsində əməyi olan insanlardır. Bu insanlar müxtəlif ölkədaxili və beynəlxalq yarışlarda, tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. 2013-ci il idmançılarımızın nəticələri, ev sahibliyi etdiyimiz yarışlar, paytaxt və bölgələrdə idmanın inkişafı baxımından uğurlu oldu. Arzu edirik ki, 2014-cü il nailiyyətlər baxımından bundan da uğurlu il olsun. "Olimpə doğru” jurnalının mükafatlarının qaliblərinin bundan sonrakı vəzifəsi daha böyük uğurlar qazanmaq olmalıdır. Mən "Olimpə doğru” jurnalına daha böyük auditoriya, oxucu kütləsi arzu edirəm. Çox istərdim ki, Azərbaycanın bayrağının yüksəlməsinin, himninin səslənməsinin əks-sədaları bu jurnalın da səhifələrindən eşidilsin. Yaşasın Azərbaycan idmanı! Yaşasın Azərbaycan!” Çıxışların ardınca "Olimpə doğru” jurnalının mükafatlarını təqdimetmə mərasimi oldu. Mükafatlandırma mərasimindən sonra müxtəlif nominasiyaların qalibləri öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər. Çıxış edən əməkdar jurnalist Tofiq Gülməmmədov idman ictimaiyyətinin nümayəndələrini bir araya gətirən bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. "Belə tədbirlərdə il ərzində idman sahəsində əməyi olan insanlar fərqləndirilirlər.

Bizi yaddan çıxarmadıqlarına görə "Olimpə doğru” jurnalının kollektivinə minnətdarlığımı bildirirəm. İdman jurnalistikası sayılıb və seçilən peşələrdən hesab olunur. Bu peşəni şərəflə yerinə yetirdiklərinə görə "Olimpə doğru” jurnalının kollektivinə "Neftçi” İSM-ın rəhbərliyi adından minnətdarlığımı bildirirəm. Əlbəttə ki, bu cür nominasiyalara layiq olan idmançılarımız çoxdur. İstərdik ki, bu nominasiyaların əhatə dairəsini növbəti illərdə daha da genişləndirəsiniz. Peyman Gülməmmədovun atası Səbuhi Gülməmmədov tədbir barədə öz fikirlərini belə ifadə etdi: "Burada bir valideyn olaraq iştirak edirəm. "Araz” idman klubu adından təşkilatçılara öz təşəkkürümü bildirirəm. Biz idmana ailəvi maraq göstəririk. Bu cür ədalətli və şəffaf seçim etməyiniz bizi çox sevindirir. Arzu edirəm ki, 2014-cü il bütün Azərbaycan xalqı üçün uğurlu olsun. Burada mükafat alan bütün idmançıları təbrik edir və onlara uğurlar arzulayıram”.


"Olimpə Doğru” jurnalının nominasiyalar üzrə qalibləri



1. İlin idman yarışı - Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Tour
d’Azerbaidjan 2013 veloturu
2. İlin İdman Mərkəzi - "Neftçi” İSM
3. İlin idman təşkilatı - Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi
4. Qeyri-olimpiya idman növləri üzrə ilin federasiyası - Azərbaycan Universal Döyüş Federasiyası
5. İlin ən yaxşı Olimpiya İdman Kompleksi - İsmayıllı Olimpiya İdman Kompleksi
6. Qeyri-olimpiya idman növü üzrə ilin idmançısı - Muradxan Fərzəliyev
7. İlin ən yaxşı peşəkar döyüşlərini təşkil edən federasiya - Azərbaycan Kikboksinq Federasiyası
8. İlin məşqçisi - Kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hikmət Hacıyev
9. İlin ən fəal idman cəmiyyəti - "Zenit” İdman Cəmiyyəti
10. Olimpiya idman növləri üzrə ilin klubu - "Cəngi” İdman Klubu
11. Kikboksinqin inkişafında göstərdiyi xidmətlərinə görə - Həsən Hüseynov
12. İlin ən yaxşı şahmat məktəbi - 2 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi
13. İlin ən yaxşı gənclər və idman idarəsi - Xəzər rayon gənclər və idman idarəsi
14. İlin ən yaxşı klub rəhbəri - "Araz” İK-nın direktoru Siyavuş Bayramov
15. Beynəlxalq yarışların ən çox keçirildiyi idman kompleksi - Qusar Olimpiya İdman Kompleksi
16. Qeyri-olimpiya idman növləri üzrə ilin idman klubu - "Qartal”PİK
17. İlin peşəkar idmançısı - Nofəl Nəsibov
18. İlin ən texnikalı idmançısı - Orxan Qurbanov
19. İlin ən gənc dünya və Avropa çempionu - Nicat Əliyev
20. İlin ən gənc idman mütəxəssisi - Xəyal Əliyev
21. Beynəlxalq federasiya ilə ölkəmizdə əməkdaşlığa görə - Beynəlxalq Simmey-do karate
Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Süleyman Sabir
22. İlin ən fəal federasiyası - Azərbaycan Qol Güləşi Federasiyası
23. Bölgələr üzrə ilin ən yaxşı idman idarəsi - Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi
24. İlin ən yaxşı idman mərkəzi - "Təhsil” RİM-in Sumqayıt filialı
25. İlin ən yaxşı futbol məktəbi - "Təhsil” Uşaq Gənclər Futbol Məktəbi
26. İlin ən yaxşı olimpiyaçılar yetişdirən məktəbi - 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
27. İlin ən yaxşı idman həkimi - Azər Səhlikov
28. İlin idman məktəbi - 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
29. İlin nümunəvi çıxışlarda fərqlənən idmançısı - Peyman Gülməmmədov
30. İlin perspektivli idmançısı - Elşən Nağıyev









Bu yazı

39603 dəfə oxunub

Tarix

2014-04-30 15:13:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook