Avropa çempionatının ilk günündə 3 final


Almaniyanın Brandenburq şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürüb. Nüfuzlu reqataya 39 ölkədən 569 idmançı qatılıb. Yarışda Azərbaycanı 4 kanoeçi və 1 kayakçı təmsil edir.
Çempionatın ilk günündə 1000 metr və 500 metr məsafələrə seçmə və yarımfinal yürüşləri keçirilib. Kanoeçilərimizdən Sergey Bezuqlıy - Aleksey Kupin cütlüyü həm 1000 metr, həm də 500 metr, Nikolay Matviyçuk isə 1000 metr məsafəyə yürüşdə əsas finala yüksəlib. Bezuqlıy - Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yürüşündə 3 dəqiqə 39,030 saniyə nəticə ilə 5-ci yeri tutaraq, yarımfinala çıxıb. Növbəti mərhələdə isə onlar ilk "3-lüy”ə düşərək finala vəsiqə əldə ediblər.
Bezuqlıy - Kupin cütlüyü 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 49,305 saniyə nəticə ilə 4-cü, yarımfinal yürüşünü 1 dəqiqə 43,349 saniyə nəticə ilə 2-ci pillədə başa vurub. Məhz yarımfinalda ilk "3-lüy”ə düşdükləri üçün onlar həlledici yürüşdə iştirak hüququna yiyələniblər. Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşdə finişə 1 dəqiqə 51,864 saniyə nəticə ilə 3-cü çatıb. Nəticədə o, birbaşa əsas finala yüksəlib. Təmsilçimiz 1000 metr məsafəyə yürüşdə seçmə mərhələni 4 dəqiqə 0,827 saniyə göstərici ilə 5-ci yerdə tamamlasa da, yarımfinalda finişə çata bilməyib və əsas finaldan kənarda qalıb.
Yeganə kayakçımız Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 41,460 saniyə nəticə ilə 3-cü yeri tutub. Yarımfinalda isə o, finişə 1 dəqiqə 45,722 saniyəyə çataraq, 4-cü olub və əsas finala yüksələ bilməyib. Cavadov B finalında (10 - 18-ci yerlər) çıxış etmək imkanı qazanıb. Yeganə kayakçımız həm də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə başlayacaq.
Nəhayət, kanoe üzrə 4 qat dünya və Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) start xəttinə çıxaraq 200 metr məsafəyə yürüşə başlayacaq.
Qeyd edək ki, Brandenburqdakı qitə çempionatı 2015-ci il Avropa Oyunlarına lisenziya xarakteri daşıyır. Mingəçevirdə keçiriləcək kayakçı və kanoeçilərin mübarizəsində ölkəmiz ev sahibi kimi müəyyən güzəştlərə malikdir. Kişi kayak və kanoeçilərimiz 1 nəfərlik qayıqla 1000 metr, qadın kayakçımız isə 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlərdə birbaşa iştirak hüququna yiyələnib. Qalan yürüşlərə vəsiqələri təmsilçilərimiz məhz Avropa çempionatında əldə etməlidirlər.


Bu yazı

7118 dəfə oxunub

Tarix

2014-07-15 15:18:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev