DİN İdman Cəmiyyətinin təmsilçisi dünya çempionatına hazırlaşır


Ölkəmizdə bütün idman növlərinə, o cümlədən zorxana idmanına qayğı ilə yanaşılır. Bu növ Azərbaycanda inkişaf mərhələsindədir. Zorxanaçılarımız iştirak etdikləri beynəlxalq yarışlarda hər zaman medal qazanırlar. Məlumat üçün bildirək ki, zorxana idmanı dünyanın 66 ölkəsində geniş yayılıb. Azərbaycan, İran, Türkiyə, Almaniya, Belarus və Gürcüstan zorxana üzrə aparıcı ölkələrdən hesab olunurlar.

Ölkəmizdə zorxananın pəhləvan güləşi növü daha çox inkişaf edib. Pəhləvan güləşində hər zaman fərqlənən idmançılarımızdan biri Tural Əliyevdir. 1986-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olan bacarıqlı və istedadlı atletin idman karyerası 1996-cı ildə sərbəst güləşlə başlayıb. Bu növ üzrə keçirilən respublika çempionatında (2007-ci il) çiynindən aldığı zədə onun bir il ərzində idmandan kənarda qalmasına səbəb olub. Müalicəsi başa çatdıqdan sonra isə o, zorxananın pəhləvan güləşinə həvəs göstərib. Turalın bu növdə ilk yarışı (2009-cu ilin Azərbaycan çempionatı) ona qızıl medal qazandırıb. Bu uğurlu nəticədən sonra məşqçilər Turalı elə həmin il Bakıda keçirilən Dünya kubokunda sınamaq qərarına gəliblər. İstedadlı pəhləvan ona göstərilən etimadı doğruldub. Final mərhələsinə qədər bütün rəqiblərinə asanlıqla qalib gələn idmançımız həlledici mərhələdə çıxış edə bilməyib. Zədələndiyi üçün güləşə bilməyən pəhləvanımız Dünya kubokunun gümüş medalı ilə mükafatlandırılıb. 2009-cu il dekabrın 13-17-də Almaniyanın Frankfurt şəhərində təşkil olunan Avropa çempionatı da təmsilçimiz üçün uğurlu olub. Belə ki, bu yarışda 90 kq çəkidə mübarizə aparan idmançımız qızıl medal qazanıb. Turnirdə ölkəmiz komanda hesabında 1-ci olub. 2010-cu ilin mart ayında keçirilən Azərbaycan çempionatında Tural Əliyev öz çəkisində hamıdan güclü olduğunu bir daha sübut edib. Həmin il iyun ayında Tacikistanın paytaxtı Düşənbə şəhərində "Firdovsi kuboku” adlı beynəlxalq turnir təşkil edilib. Qeyd edək ki, 70 kq, 80 kq, 90 kq və +90 kq çəki dərəcəsi üzrə keçirilən bu turnirdə dünyanın hər qitəsi bir güləşçi ilə təmsil olunub. Dairəvi üsulla keçirilən beynəlxalq turnirdə pəhləvanımız 90 kq çəki dərəcəsində Avropa qitəsi adından çıxış edib. Keçirdiyi 5 görüşün hamısında qalib gələn Tural Əliyev vətənə "Firdovsi kuboku”nun sahibi kimi qayıdıb. Həmin ilin oktyabr ayında Türkiyənin Konya şəhərində pəhləvan güləşi üzrə növbəti Dünya kuboku təşkil olunub. Pəhləvanımız bu dəfə də rəqiblərindən güclü olduğunu göstərib. O, birinci yerə layiq görülüb. Bu turnir pəhləvanımıza ikiqat sevinc bəxş edib. Belə ki, yarış başa çatdıqdan sonra Beynəlxalq Zorxana İdmanı Federasiyası Tural Əliyevin 2010-cu ilin ən yaxşı idmançısı seçildiyini açıqlayıb. Təcrübəli və güclü pəhləvan 2011-ci ildə də bir sıra uğurlar əldə edib. O, Azərbaycan çempionatında növbəti qələbəsini qazandıqdan sonra Avropa çempionatında gücünü sınayıb. Litvanın Şaulyay şəhərində təşkil olunan bu yarışda təmsilçimiz çempion titulunu qazanıb. Pəhləvan güləşi üzrə millimiz də komanda hesabında birinci yeri tutub. Tural növbəti qıızıl medalını həmin ilin dekabr ayında Belarusun paytaxtı Minsk şəhərində keçirilən Dünya kubokunda əldə edib. İlin yekunlarına görə, təmsilçimiz 2011-ci ilin ən yaxşı idmançısı adına layiq görülüb. Beynəlxalq Zorxana İdmanı Federasiyası idmançımızı xüsusi kubok və diplomla mükafatlandırıb. Minskdə milli komandamız İran yığmasını arxada qoyaraq, kuboka sahib çıxıb. Qeyd edək ki, İranın pəhləvan güləşi üzrə milli komandası dünyada liderdir.
Təəssüf ki, iştirak etdiyi bütün yarışlarda yüksək nəticə göstərən pəhləvanımız ötən il heç bir yarışa çıxmayıb. Dünya kubokunda aldığı zədə onu bir il idmandan kənarda qoyub. Nəhayət, bu ilin əvvəllərində güləşçimiz yenidən mübarizəyə qoşulub. Milli komandamız fevralın 17-dən martın 1-nə qədər İranda təlim-məşq toplanışı keçirib. Heyətdə Tural Əliyev də yer alıb. Təlim-məşqin son günlərində dünyanın 6 ölkəsini təmsil edən 10 komanda arasında turnir təşkil olunub. Bu ilin aprel ayının sonlarında keçiriləcək dünya çempionatına lisenziya qazandıran həmin turnirdə millimiz ikinci yerə çıxıb və dünya çempionatına vəsiqə əldə edib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi, milli komandamızın baş məşqçisi Seyid Hadi Ərəbi hesab edir ki, Turalın nailiyyətləri onun məşqlərə ciddi yanaşmasından bəhrələnir. "Ölkəmiz zorxana idmanında ad-san qazanıb. Güləşçilərimiz iştirak etdikləri bütün turnirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər. Onların arasında güclü perspektivli güləşçilər yetərincədir. Tural özünün istedadı, bacarığı ilə fərqlənən idmançılarımızdandır. Dəfələrlə zədələnməsinə, yarışlardan kənarda qalmasına baxmayaraq, o, gərgin məşqlər sayəsində mükafatalayiq yerlər qazanıb. Əminəm ki, bu idmançı qarşıdakı turnirlərə də ciddi hazırlaşacaq”, - deyə o bildirdi.

Tural Əliyev əldə etdiyi nailiyyətlərin onlara göstərilən qayğıdan qaynaqlandığını dedi: "Ölkəmizdə bütün idman növləri sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idmançılarımız beynəlxalq arenalarda yüksək nəticələr qazanırlar. Zorxananın inkişafına da xüsusi yanaşılır. Məhz bunun nəticəsidir ki, zorxanaçılarımız liderlər cərgəsində yer alıblar. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Xanlar Qurbanov bizə xüsusi diqqət göstərir, qarşıya çıxan problemlərimizi həll edir. Qeyd edim ki, mən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıyam. Təlim-məşqlərdə və yarışlarda iştirakıma şərait yaratdığına görə idarənin rəisi Sahib Mirzəyevə minnətdarlıq edirəm. Qarşıda bizi dünya çempionatı gözləyir. İranın paytaxtı Tehran şəhərində keçiriləcək bu yarışda komandamızın birinci olacağına inanıram”.
Martın 9-11-də zorxananın pəhləvan güləşi üzrə ölkə çempionatı keçirilib. Tural Əliyev növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb.
Hürrü Abdullayev




Bu yazı

32198 dəfə oxunub

Tarix

2013-03-12 15:17:13

Yazını

Çap et

Yazını

Paylaş