Avarçəkənimiz dünya çempionatının yarımfinalında



Hollandiyanın paytaxtı Amsterdamda keçirilən akademik avarçəkmə üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Mükafatlar uğrunda mübarizəni davam etdirənlər arasında Azərbaycan təmsilçisi Aleksandr Aleksandrov da var.
1/4 finalda 24 yaşlı avarçəkən 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəni 7 dəqiqə 15,820 saniyəyə qət edərək, yürüşün qalibi olub. O, kanadalı Julyen Bahen (07:19.620), isveçrəli Barnabe Delarze (07:22.450), çinli Qanq Qanq Li (07:24.930), meksikalı Xuan Karlos Kabrera (07:26.900) və argentinalı Brayan Rossonu (07:42.370) üstələyib. Aleksandrov ilk "3-lüy”ə düşən kanadalı və isveçrəli idmançılarla birgə yarımfinala çıxıb. Növbəti mərhələ yürüşləri bu gün olacaq.
1 nəfərlik yüngül çəkili qayıqla (LM1x) 2000 metr məsafəyə 1/4 final yürüşünə qatılan Cavid Əfəndiyev isə əsas yarımfinallara vəsiqə qazana bilməyib. Finişə 7 dəqiqə 25,840 saniyəyə çatan idmançımız 4-cü yeri tutub. İlk "3-lüy”ə düşən almaniyalı Lars Hartiq (07:13.670), irlandiyalı Paul O Donovan (07:14.760) və danimarkalı Steffen Yensen (07:25.840) yarımfinala çıxıblar. Cavid ən yaxşı halda 13-cü yer uğrunda mübarizə apara bilər.
Nəhayət, 2 nəfərlik sükansız qayıqla (M2-) 2000 metr məsafəyə təsəlli yürüşündə İqor Luçiç - Luka Corceviç cütlüyü finişə 7 dəqiqə 16,410 saniyəyə çatıb. Bu nəticə ilə 3-cü olan cütlüyümüz ilk 2 yerdən birini tuta bilmədiyindən mükafatlar uğrunda mübarizədən kənarda qalıb. 13-cü yer uğrunda yarımfinal yürüşündə isə onlar finişə 6 dəqiqə 56,750 saniyəyə çataraq, 1-ci olublar. Təmsilçilərimiz C finalında çıxış edəcəklər.
Qeyd edək ki, dünya çempionatına avqustun 31-də yekun vurulacaq.


Bu yazı

9358 dəfə oxunub

Tarix

2014-08-29 09:24:44

Yazını

Çap et

Yazını

Paylaş