Avropa Olimpiya Komitəsi (AOK) necə yaranıb?


Avropa Olimpiya Komitələri Assosiasiyası (AOKA) 1959-cu ildə Fransada yaranıb. Assosiasiyanın üzvləri Culio Onesti (İtaliya), Raul Mollet (Belçika) və Raymond Kafner (İsveçrə) 1965-ci ildə Avropa Olimpiya Komitələri arasındakı birliyin dəyişdirilərək yeni formatını yaratmaq təklifi ilə çıxış ediblər. 1967-ci ildə AOKA-nın Tehranda keçirilən iclasında Milli Olimpiya Komitələri Assambleyası təsis edilib. 1968-ci ildə isə təşkilatın prezidenti seçilib. Avropa Milli Olimpiya Komitələri Assosiasiyasının ilk prezidenti Kount Cin de Beamont olub. Beynəlxalq idman təşkilatının ilk nizamnaməsi isə 1975-ci ildə Lissabonda qəbul edilib və AOKA-nın adı dəyişdirilərək Avropa Milli Olimpiya Komitələri Assosiasiyası (AMOKA) adlandırılıb.
AMOKA-nın 1980-cı ildə keçirilən Baş məclisində Franko Karraro prezident seçilib. 1989-cu ildə isə təşkilatın rəhbəri vəzifəsinə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) indiki prezidenti Jak Roqq (Belçika) layiq görülüb. Mario Peskante (İtaliya) isə baş katib təsdiq olunub.
1991-ci ildən sonra 15 Milli Olimpiya Komitəsi AOK-a üzv olub. Avropa idman təşkilatının adı 1995-ci ildə ikinci dəfə dəyişdirilərək Avropa Olimpiya Komitəsi adlandırılıb. Hazırda bu təşkilatın 48 üzvü var.
AOK-un iqamətgahı Lozannada, Beynəlxalq Olimpiya Komitəsinin yanında yerləşir. Təşkilatın inzibati iqamətgahı isə Romada, İtaliya Olimpiya Komitəsinin binasının yaxınlığındadır.


AOK-un məqsəd və vəzifələri

Olimpiya Xartiyasının prinsiplərini rəhbər tutan Avropa Olimpiya Komitəsi öz məqsəd və vəzifələrini Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) və digər qitə Olimpiya Komitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Bundan başqa AOK Avropa İdman Konvensiyası, Avropa Birliyi Forumu, və Avropa Şurası ilə əlaqələrini daim genişləndirir.
Avropa Olimpiya Komitəsinmn əsas mətbu orqanı iki aydan bir çıxan «Sport Europe» jurnalıdır.

Avropa Olimpiya Komitəsinin əsas məqsədi aşağıdakılardır:

Olimpiya ideallarının Avropada yayılması və təbliğ olunması;
Olimpiya Hərəkatının inkişafına dəstək və yardımın göstərilməsi;
İdmanın köməyi ilə uşaqların və gənclərin dostluq, qardaşlıq, sülh və əminamanlığın bərqərar olacağı dünya qurulması, ətraf mühitin mühafizəsi ruhunda tərbiyə edilməsi;
Ümumi marağa xidmət edən elmi tədqiqatlar, təhsil, və qabaqcıl təcrübənin mübadiləsi sahəsində Avropa milli olimpiya komitələri arasında sıx əməkdaşlığın yaradılması.
Avropa Olimpiya Komitəsi idman və Olimpiya Hərəkatı sahəsində müxtəlif problem məsələlərin, o cümlədən qadın və idman, dopinqə qarşı mübarizə, idmanın hüquqi aspektləri və sair kimi məsələlərin həlli məsələlərində geniş planda işlər aparır.


Azərbaycan və Avropa Olimpiya Komitəsi


Azərbaycanla Avropa Milli Olimpiya Komitəsi arasında münasibətlərin yaranması 90-cı illərin sonlarına təsadüf edir. Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildən AOK-un üzvüdür. Tərəflər arasında əsas əməkdaşlıq əlaqələri 1997-ci idən mövcuddur. Həmin ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin səlahiyyətli nümayəndələri Avropa Olimpiya Komitəsinin bütün baş məclislərində, həmçinin seminarlarda iştirak edirlər.
1998-ci il noyabrın 13-14-də Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Olimpiya Komitəsinin XXVII Baş Məclisi keçirilib. Məclisdə 48 ölkədən Milli Olimpiya Komitələrinin nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsinin 25 üzvü iştirak edib. Azərbaycanı bu məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev təmsil ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev müvafiq olaraq AOK-un "Olimpiya Oyunlarına hazırlıq”, "Texniki əməkdaşlıq” komissiyalarına üzv seçiliblər. AOK-un "Texniki Əməkdaşlıq” Komissiyasının əsas vəzifələri Olimpiya oyunlarında iştirak istisna olmaqla, Olimpiya Həmrəyliyi çərçivəsində istedadlı idmançıların aşkara çıxarılması, onların normal məşq etmə imkanları, məşqçilərin hazırlanması və təkmilləşdirilməsi, beynəlxalq federasiyalarla əlaqələr, gənclərin Avropa Olimpiya Günlərində iştirakı ilə bağlı texniki məsələlərin həlli üçün sənədlər, tövsiyələr hazırlamağı əhatə edir.
"Olimpiya oyunlarına hazırlıq” komissiyasının əsas vəzifələri aşağıdakıları özündə birləşdirir:
Olimpiya oyunlarına hazırlıq və onun təşkilinə aid olan bütün məsələlər - (akkreditasiya, daşıma və ya nəqliyyat), Olimpiya şəhərciyi, maliyyə məsələləri şef-de missionların seminarlarını təşkil etmək və s.,
-Olimpiya oyunlarının keçirilməsinə namizəd şəhərlərin imkanlarının qiymətləndirməsi və əlaqələndirilməsi komissiyalarının işinin təşkili;
-Olimpiya oyunlarında iştirakla bağlı bütün məsələlərdə beynəlxalq federasiyalarla əlaqələr (paltar, avadanlıq, lisenziya yarışları, normalar, dəvətlər);
-Olimpiya proqramı.




AOK nümayəndələrinin ölkəmizə səfəri

Bir çox sahələrdə olduğu kimi, idmanda da beynəlxalq səviyyədə yüksək əlaqələr qurmaq, əməkdaşlıq yaratmaq mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq əlaqələrin düzgün qurulması nəinki ölkədə idmanın kütləviləşməsinə şərait yaradır, həmçinin ölkənin dünyada nüfuzunun artmasına səbəb olur. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində görülən işlərlə yanaşı, yüksək səviyyəli beynəlxalq əlaqələrin qurulması qurumun fəaliyyətində ön plana keçməyə başlayıb. Həmin ilin noyabrında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin (AOK) Stokholmda təşkil edilən 26-cı Assambleyasında iştirak edib. 48 ölkənin nümayəndəsinin iştirak etdiyi bu toplantıda AOK rəhbərliyinin və İcraiyyə Komitəsinin yeni üzvlərinin seçilməsi məsələsi müzakirə olunub. Stokholma səfəri zamanı Avropa Olimpiya Komitəsinin ovaxtkı prezidenti Jak Roqqun Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı tərəflər arasında əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Stokholmda həm də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla ilk görüşü olub. Görüşdə Respublika Milli Olimpiya Komitəsinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq əlaqələr, gələcək planları müzakirə edilib. Beləliklə, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Stokholma səfəri ilə MOK-un beynəlxalq əlaqələri öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
2000-ci il oktyabrın 20-də Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roq və baş katib Mario Peskante Bakıya səfər ediblər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev avropalı qonaqları qəbul edib. Səmimi keçən görüşdə Azərbaycan və Avropa Olimpiya Komitələri arasında hərtərəfli əməkdaşlıq barədə müzakirələr olub.
Azərbaycan Bədən tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə Jak Roqqa fəxri doktor adı verilib. AOK-un prezidenti buradakı çıxışında baş katib Mario Peskante ilə birlikdə Azərbaycana gəlişlərinin səbəbini ölkədə idmanın və Olimpiya Hərəkatının vəziyyətini yaxından öyrənmək, Azərbaycan Milli Olimpiya Komitəsi və AOK arasında əlaqə və əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə izah edib. Qonaqlar oktyabrın 21-də yeni Olimpiya kompleksinin açılış mərasimində iştirak ediblər.
Sevindirici haldır ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci ildə ilk iclası aprelin 6-da Bakıda keçirilib. Bir gün sonra AOK İcraiyyə Komitəsinin üzvləri Azərbaycan Bədən tərbiyəsi və İdman Akademiyasının 70 illik yubileyində olublar. 2001-ci il fevralın 21-də Bakıda, «Hyatt Regent» otelində isə AOK-un Texniki Komissiyasının iclası keçirilib.
Jak Roqqun Bakıya növbəti səfəri 2008-ci ilə təsadüf edir. Bu zaman o artıq Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə BOK-un prezidenti Azərbaycanda bütün sahələrdə dinamik inkişafdan məmnun qaldığını bildirib və idman sahəsində görülən işləri, Olimpiya Hərəkatının geniş vüsət aldığını xüsusi vurğulayıb. Jak Roqq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Heydər Əliyev Fondu, H.Əliyev adına İdman Konsert Kompleksi, «Musado» Taekvondo Mərkəzi və Otüstü Hokkey Kompleksi ilə tanış olub. Sonra Jak Roqq MOK-un inzibvti binasında KİV nümayəndələri ilə mətbuat konfransı keçirib.
2010-cu ildə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikey və Avropa Şurasına üzv ölkələrin idman nazirləri paytaxtımıza səfər ediblər. Qeyd edək ki, bu, 2006-cı ildən Avropa Olimpiya Komitəsinin prezidenti olan Patrik Hikeyin Azərbaycana 3-cü səfəri idi. Xatırladaq ki, Beynəlxalq qurum rəhbəri 2001, 2007-ci illərdə də ölkəmizdə rəsmi səfərdə olub. O, səfər çərçivəsində Milli Olimpiya Komitəsinin rəsmi nümayəndələri, eyni zamanda, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Patrik Hikeyi qəbul edib. Qonaq ölkə Prezidenti ilə görüşdə Azərbaycanda idmana, Olimpiya Hərəkatına və bədən tərbiyəsinin inkişafına, maddi-texniki bazanın möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən yüksək qayğıdan mənun qaldığını bildirib. Azərbaycana səfəri çərçivəsində Patrik Hikey ölkəmizdə inşa olunan Masallı Olimpiya İdman Kompleksinin açılış mərasimində də iştirak edib. AOK rəsmisinə böyük etimad göstərilərək ona Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adı verilib.
2010-cu il sentyabrın 21-də Milli Olimpiya Komitəsinin inzibati binasında Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə mətbuat konfransı keçirilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyini qeyd edib: «Yenidən Azərbaycanda olmağımdan böyük məmnuniyyət hissi duyuram və şadam ki, yenidən sizlərlə görüşürəm. Azərbaycana olan münasibətim Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə neçə illər ərzində yaranmış dostluq münasibətimdən irəli gəlir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə 20 ildir ki, dostluq edirəm. Bundan əvvəl 2007-ci ildə Azərbaycanda olmuşam və Masallı Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişəm. Ümumiyyətlə, ilk dəfə on il bundan əvvəl Azərbaycana səfər etmişəm. Ötən müddət ərzində ölkənizdə çox müsbət dəyişikliklər baş verib. 2007-ci ildə Bakıda olarkən Çingiz Hüseynzadə dənizkənarı parkda həyata keçiriləcək layihələr barədə məlumat vermişdi. Dünən dənizkənarı parkda olarkən görülmüş işlər, müsbət dəyişikliklər məni məmnun etdi.
Qeyd edim ki, budəfəki səfərim çərçivəsində mən Beynəlxalq Olimpiya Komitəsini, eyni zamanda AOK-un prezidenti olaraq bu qurumu təmsil edirəm.
Ötən illər ərzində Azərbaycan idmançıları böyük nailiyyətlər əldə ediblər. Sinqapur Olimpiadasında Azərbaycan idmançılarının uğurunu xüsusilə qeyd etmək istərdim. Olimpiadada respublika idmançılarının 8 medal əldə etməsi böyük nailiyyətdir».
Həmin vaxtdan 15 il ötür. Bu gün fərəh hissi ilə demək olar ki, Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə böyük nüfuza sahibdir. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində idman inkişaf edir. Paytaxtımız dünya idman yarışlarının mərkəzinə çevrilib, təmsilçilərimiz ən mötəbər yarışlarda möhtəşəm uğurlar qazanırlar. Respublikamızda idmanın və Olimpiya Hərəkatının inkişafını Azərbaycana müxtəlif vaxtlarda işgüzar səfərlər edən beynəlxalq idman təşkilatlarının rəhbərləri və nümayəndələri də yüksək qiymətləndiriblər. İdmanın yüksək inkişafı üçün Azərbaycan beynəlxalq qurumlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.



Bu yazı

27764 dəfə oxunub

Tarix

2013-03-12 16:58:25

Yazını

Çap et

Yazını

Paylaş