Qəbələ Dünya Kubokuna ev sahibliyi edəcək



Qəbələ oktyabrın 22-dən 27-dək Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə (ISSF World Cup Final 2014) ev sahibliyi edəcək.
"Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışların final mərhələsində Olimpiya atıcılıq növləri üzrə dünya reytinq cədvəlində xüsusi yer tutan 280 idmançı iştirak edəcək.
Il ərzində dünya kuboku uğrunda yarışlar müxtəlif şəhərlərdə 7 mərhələdə keçirilib. Həmin turnirlərdə xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçiriləcək yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq, Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab edilir.
Qəbələdə keçiriləcək final yarışlarında Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanın və baş katibi Frans Şrayberin və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin, eləcə də idmançılar və qonaqlar olmaqla ümumilikdə 40-a yaxın ölkədən 500-dən artıq nümayəndənin iştirakı gözlənilir.
Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edəcək.
Turnirin rəsmi açılış mərasimi oktyabrın 22-də Qəbələdəki Heydər Əliyev adına Konqres Mərkəzində təşkil olunacaq. Yarışlara isə oktyabrın 23-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Oktyabrın 23-dən 27-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı "ISSF TV” ilə birbaşa yayımlanacaq.



Bu yazı

5741 dəfə oxunub

Tarix

2014-10-21 10:53:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook