Zəka oyunlarının şahı bütün dünyanı fəth edib



Stolüstü idman növləri arasında miqyasına görə böyük rəğbət qazanan şahmat artıq dünyada milyonların sevimli məşğuliyyətinə çevrilib. Ən güclü zəka sahibləri qüvvələrini müxtəlif miqyaslı yarışlarda sınayırlar. Artıq şahmat üzrə keçirilən yarışlar dünyanın ən bahalı idman növləri siyahısına daxil edilib.
Özünəməxsus xüsusiyyətləri ilə diqqət çəkən şahmatın çox qədim tarixi var. Bizə məlum olan tarixi mənbələrdə bu intellektual idman növünün yaranması barəsində maraqlı faktlar var. Dünya ədəbiyyatının ən məşhur inciləri arasında bu barədə bu növ haqqında müxtəlif rəvayətlər yer alıb.

Belə ki, bizim dövrümüzə qədər gəlib çatan rəvayətlərdən birindən məlum olur ki, şahmatın vətəni Hindistandır.
Şahmatın yaranması qədim dövrlərdə yaşamış brahmanlardan birinin adı ilə bağlıdır. Əfsanədə deyilir ki, o, bu icadına görə racadan (hökmdar) ilk baxışdan çox cüzi görünən mükafat - buğda istəyir. Şərtə görə, raca şahmat xanalarının hər damasının üzərinə həndəsi silsilə qaydası ilə buğda qoymalı və onların cəmini verməli idi: 1-ci damaya 1, 2-ci damaya 2, 3-cü dama 4 və s.
Bu cür hesablamalardan sonra ortaya maraqlı bir fakt çıxıb: Bəlli olub ki, bu sayda buğda hələ yer kürəsində yetişdirilməyib. (264 -1≈1, 845 x 1019 buğdaya bərabərdir ki, onları da saxlamaq üçün180 km3 həcmdə anbar lazım idi). Bu məntiqi məsələnin nə qədər doğru olub-olmamasını söyləmək çətindir.

Kiçik Asiyadan dünyaya
Rəsmi mənbələrdə də Hindistanın bu zəka oyununun vətəni olması təsdiq edilir. XVI əsrdə şimal-qərbi Hindistanda hamıya məlum olan ilk şahmat oyunu, çaturanqa meydana gəlib. Bu növün müasir şahmatla oxşar və fərqli cəhətləri olub. Onların arasında əsas iki fərq ondan ibarət idi ki, çaturanqada 4 nəfər iki cütlükdə mübarizə aparırdılar. Oyundakı gedişlər oyun zərləri hesabına müəyyənləşirdi. Hər oyunçu 4 fiqurla (top, at, fil və şah) və 4 piyada ilə oynayırdı. At və şah müasir oyunda olduğu kimi hərəkət edirdilər. Topla filin gedişləri isə indikindən zəif idi. Vəzir isə, ümumiyyətlə yox idi. Partiyada qələbə qazanmaq üçün rəqibin bütün "ordusunu" məğlub etmək lazım idi. Qədim hindlilər şahmatı bu cür oynayırdılar.

Şətrənc yerini şahmata verdi
Dünya tarixində böyük ənənələrə malik olan ərəblər də şahmatın formalaşmasına öz töhvələrini veriblər. Təxminən 6-7-ci əsrlərdə şahmatın bir növü olan şətrənc ərəblər tərəfindən mənimsənilməyə başlanıldı. Bu oyun ərəblərdə şətrənc, farslarda isə şatranq adı altında oynanılıb. Bu oyun Şərqi Ərəbistanda bəzi mütəxəssislərin vasitəsilə bir qədər də mükəmməlləşib. Qeyd edək ki, şətrəncdə iki nəfər iştirakçı bir-birinə qarşı mübarizə aparırdılar. Oyunçular görüşdə 2 fiqurdan istifadə edib. Sonralar oyunda istifadə olunan şahlardan biri vəzirlə əvəzlənib (bir sahədə dioqanal üzrə). Bəzi ixtisarlardan sonra gedişləri müəyyən edən zərlərdən tamamilə imtina edildi, gedişlər növbələşməyə başladı. Qalib bütün fiqurların məhvinə görə deyil, mat və pata görə, həmçinin şahla dueldə üstün olmaqla müəyyən edildi. Qeyd olunan son iki variant məcburi idi. Çaturanqanın qaydalarındakı kimi, zəif fiqurla rəqibi mat etmək hər zaman alınmırdı.
Tədricən bütün dünyanı özünə cəlb edən bu oyun bir müddət sonra taciklərə gəlib çatır. Asiyalılar ələ keçirdikləri şətrənci hökmranlıq etdikləri ərazilərdə şahmat ("Hökmdar məğlub edildi") adı altında təbliğ etməyə başladılar. Şətrənc adı altında bu intellektual oyun təxminən 550-ci ilə qədər yaşayıb. Bizim eranın 600-cü ilində farsların ədəbiyyat nümunəsi olan "Karnamuk" da şətrəncin adına rast gəlinir. Tarix öz səhifələrini dəyişdikcə, şahmat da öz yayılma arealını artırmağa başladı. Bu oyun şah saraylarında əsas əyləncə vasitəsinə çevrildi. 819-cu ildə Xorasanda (İran) Əlmamun xəlifəsinin sarayında o dövrün ən güclü 3 oyunçusu arasında qeyri-rəsmi turnir təşkil edilib. Həmin dövrün ən güclü zəka sahibləri - Cabir əl-Kufi, Əbülcəfər Ənsəri və Zəyrab Kətan öz bacarıqlarını nümayiş etdiriblər. Lakin təəssüf ki, onların arasında kimin qalib olması barəsində məlumat dövrümüzə gəlib çatmayıb. Qeyd edək ki, İranda şətrənc daha geniş təbliğ olunub. Bunun nəticəsidir ki, 847-ci ildə xəlifənin göstərişi ilə dövrün tanınmış alimlərindən biri Əl Əlli tərəfindən şahmat haqqında ilk kitab yazılıb.



Rusiyaya şahmatı taciklər gətirib?!
Təqribən 820-ci ildən etibarən ərəb variantlı şahmat Rusiyaya axın etməyə başlayıb. Bəs hansı istiqamətdə? Bu barədə iki cür fərziyyə yürüdülür. Birinciyə görə, Xəzər dənizi vasitəsilə Qafqaza gətirilib. İkinciyə görə isə bu oyun Orta Asiya xalqlarından Xarəzm istiqamətində Rusiyaya yol açıb. Rusiyaya gəlişi ilə şimal qonşularımız bu oyunu öz dillərində "şahmatı" adı altında təbliğ etməyə müvəffəq oldular. Adın dəyişdirilməsinə baxmayaraq, hər halda, şahmatın rus variantı tacik, fiqurların adları isə ərəb variantından götürülüb. Zaman keçməsinə baxmayaraq Rusiyada bu oyunun təkmilləşməsi istiqamətində elə bir ciddi iş görülmürdü. Halbuki, həmin dövrdə avropalılar bu oyunun qaydalarında xeyli dəyişikliklər etmişdilər. Çar Rusiyasında isə bu yeniliklərdən xəbərsiz idilər. Buna görə də, şahmat Rusiyada köhnə qaydalarla oynanılırdı. Lakin vaxt keçdikcə, şahmatdakı köhnə qaydalar Rusiyada da tədricən yenilənməyə məruz qaldı.

Ərəblər Avropanın zəka sahiblərini üzə çıxardı
Qeyd edildiyi kimi, Avropanın müxtəlif yerlərində şahmat yeni bir məşğuliyyət növü kimi vüsət almağa başlamışdı. "Köhnə dünya"nın əksər ərazilərində şahmat xüsusi qaydalarla oynanılırdı. Köhnə İtaliya qaydalarına görə, oyunda qara fiqurların f1 piyadası heç bir rəng və fiqur baxımından dəyişikliyə məruz qalmalı deyildi. Lakin ağların 1.F:b7x gedişində f1 piyadası birbaşa olaraq qara vəzirə dönərək, bir gediş hesabına rəqibin hər iki şah fiqurunu mat etməyə qadir idi.
7-9-cu əsrlərdə Ərəb xilafətinin İspaniyanı işğal etməsi nəticəsində şətrənc bu əraziyə də yayılmağa başladı. İspaniyadan sonra şahmatla Portuqaliya, İtaliya və Fransada da tanış olanlara rast gəlinirdi. Tez bir zaman ərzində Avropada şahmat böyük rəğbət qazana bilmişdi. 9-cu əsrdən etibarən bu oyunun varlığından Skandinaviya xalqları da xəbərdar idi. Ərəb şətrənci Avropada o qədər vüsət qazandı ki, yerli ustalar qaydaları daha mükəmmələşdirərək köhnə şətrənci hazırkı şahmat halına gətirdilər. Bu yenilik 6 əsr ərzində reallaşdı. Nəhayət, XV əsrdə şahmat vahid qaydalar sistemində təkmilləşdi və bugünkü vəziyyətinə qovuşdu. Yenilikləri qəbul etməyənlər də oldu. Qaydaların dəyişilməsi ilə razılaşmayan bəzi ölkələr bir neçə əsr boyu özünəməxsus qaydalarla oynayırdılar. Məsələn, İtaliyada XIX əsrə qədər horizontalın sonuncu damasına çatan piyada rəqibin ilk udulmuş fiquruna çevrilə bilərdi. Bununla belə, piyada olduğu kimi qalırdı. Avropada şahmat oyunun yayılması ilə bərabər, oyun haqqında elmi və bədii əsərlər külliyatı da yaranırdı. Belə ki, Erzoyun müəllifliyi ilə 1160-cı ildə şahmat haqqında ilk poema yazıldı. 1283-cü ildə isə "köhnə qitə"də şahmat haqqında ilk elmi kitab işıq üzü gördü. Bu, X Alfonsun (Müdrik) traktatı idi. Kitab şahmatsevərlərin böyük marağına səbəb oldu. Əsərdə yeni Avropa şahmatı ilə yanaşı, şətrəncin yaranması haqqında məlumatlar da yer almışdı.

Kilsə şahmata qarşı
Avropada milyonların sevimli məşğuliyyətinə çevrilən şahmatın qısa zaman ərzində bütün sahələri bürüməsi bəzi strukturlar tərəfindən heç də bəyənilməyib. Şahmatın yayılmasından və təbliğindən qorxan kilsə bu oyuna öz narazılığını bildirməyə başladı. Belə ki, dini mərkəzlər bu oyunu qumar və əyyaşlıqla eyni səviyyədə tuturdu. Qeyd etmək lazımdır ki, xristian dininin müxtəlif qolları (cərəyan) bu məsələ ilə razılaşırdılar. 1161-ci ildə kardinal Damiani şahmatın ruhanilər tərəfindən oynanılmasına rəsmi qadağa qoydu. Kardinalın papa II Aleksandra yazdığı məktubda deyilir ki, şahmat "şeytan əməlidir", "ədəbsiz və qəbul edilməzdir". 1178-ci ildə Tamplyer ordeninin banisi Bermar şahmata aludə olanlarla kəskin mübarizə aparacağını elan etmişdi. Fransanın yepiskopu Aid Syulli (1208-ci il) şahmatı nəinki evdə saxlamaq, hətta ona əl vurmağı belə rahiblərə qadağan etmişdi. Xristian dininin protestant qolunun islahatçı cərəyanının başçısı Yan Qus da şahmata qarşı çıxanlardan biri idi. Kilsənin təsirinə məruz qalan Polşa kralı II Kazimir, Fransa kralı IX Lüdoviq (Müqəddəs), İngiltərə kralı IV Eduard şahmatı öz əyalətlərində qadağan etmişdi. Rusiyada da kilsə intellektual oyunu ləğv edə bilmişdi. Pravoslav kilsəsi rus çarına onu kilsədən məhrum etmək hədəsi ilə şahmatın bütün Rusiyada qadağan edilməsini əmr etmişdi. Bu fakt, öz əksini 1262-ci ildə nəşr olunan xüsusi kitabda tapıb. Kilsənin qadağalarına baxmayaraq, şahmat Avropa və Rusiyada sürətlə yayılırdı. Hətta ruhanilər xəlvətcə öz aralarında kiçik yarışlar da keçirirdilər. Tezliklə bəzi dini qurumlar bu qadağaları tədricən ləğv etməyi lazım bildilər. Avropada ilk olaraq Reqenbur kilsəsi bu addımı atdı.
Dövrün ən tanınmış şəxsləri artıq şahmatı özlərini əsas məşğuliyyətlərinə çevirmişdilər. Tarixin ən güclü tiranı olan çar İvan Qroznı belə, günün əsas hissəsini şahmata həsr edirdi. Çar Alekseyin hakimiyyəti zamanı şahmat zadəganlar arasında çox yayıldı və hətta bu oyunu oynamağa bacaranları ağıllı və düşüncəli insan hesab edirdilər. Şahmat ölkənini müqəddaratını həll edən diplomatlar arasında da yayılmışdı. Avropaya rəsmi səfərə gələn rus səfirləri həmkarları ilə şahmat oynayırdılar. Bu ecaskar oyunla çariça Sofiya da maraqlanırmış



Bu yazı

29774 dəfə oxunub

Tarix

2014-10-21 16:25:47

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev