Atıcılıq üzrə Dünya Kuboku yarışlarına start verilib


Oktyabrın 22-də Qəbələ rayonunda Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin (ISSF World Cup Final 2014) rəsmi açılış mərasimi keçirilib.
Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mərasimdə çıxış edən "Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber çıxış ediblər. Onlar Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkə Prezidenti İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd edək ki, "Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend Olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edir. Bu il ərzində dünya kuboku uğrunda yarışlar müxtəlif ölkələrdə 7 mərhələdə keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur.
Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.
Qeyd edək ki, yarışlara oktyabrın 23-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Oktyabrın 23-dən 27-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan "ISSF TV” vasitəsilə canlı yayımlanacaq.



Bu yazı

11427 dəfə oxunub

Tarix

2014-10-23 12:19:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook