Dünya kubokunun sahibləri bəllidir


Qəbələ Stend və Ox atıcılığı Kompleksində Olimpiya atıcılıq növləri üzrə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsi davam edir.
"Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışların final mərhələsində atıcılıq növləri üzrə dünya reytinq cədvəlində xüsusi yer tutan 280 idmançı iştirak edir.
Oktyabrın 25-də atıcılığın 5 növü - 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma, 50 kubmetr mövqedən tüfənglə atəşaçma, tapançadan 25 metr məsafəyə sürətli atəşaçma, səngər və qoşa səngər stendi üzrə atəşaçma üzrə yarışlar keçirilib. Bu yarışlarda ABŞ, Çin, İtaliya, Serbiya, Slovakiya, Fransa, Hindistan, Almaniya, İtaliya, Rusiya idmançıları mükafat uğrunda mübarizə aparıblar.
Səngər stend atıcılığı üzrə kişilərin yarışında Massimo Fabrizi (İtaliya) birinci, Giovanni Pellielo (İtaliya) ikinci, Alberto Fernandez (İspaniya) üçüncü yeri tutub.
Tapançadan 25 metr məsafəyə sürətli atəşaçma yarışında kişilər arasında Leonid Yekimov (Rusiya) birinci, Aleksey Klimov (Rusiya) ikinci, Yuhong Li (Çin) üçüncü, 50 kubmetr mövqedən tüfənglə atəşaçma yarışında kişilərdən Sergey Kamens (Rusiya) birinci, Daniel Brodmeyer (Almaniya) ikinci, Kristian Ole Brayn (Norveç) üçüncü olublar.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Sergey Çeryakovski (Rusiya) birinci, Pablo Karrera (İspaniya) ikinci, Vey Pang (Çin) üçüncü, qoşa səngər stendi üzrə Jefrey Holgun (ABŞ) birinci, Hao Vang (Çin) ikinci, Binyuan Hu (Çin) üçüncü yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən əvvəl il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab edilir. Qəbələdə keçirilən final yarışlarına dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq qatılıb.
Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edirlər.
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışları Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin də izləyib.
Yarışlar oktyabrın bu gün başa çatacaq.



Bu yazı

6152 dəfə oxunub

Tarix

2014-10-27 13:08:31

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook