Zəka sahiblərimiz Avropa çempionatında beş medal qazanıblar



Gürcüstanın Batumi şəhərində 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycanın gənc şahmatçıları hər il olduğu kimi bu çempionatda da medallar uğrunda mübarizədə əsas namizədlərdən biri olub. Çempionatın nəticələrinə görə ölkəmizin gənc şahmatçıları 5 medal (2 qızıl, 1 gümüş və 2 bürünc) qazanıblar.
On səkkiz yaşlı qızlar arasında 9 oyundan 8 xal toplayan Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva çempionatın qurtarmasına 1 tur qalmış qızıl medalı özünə təmin edib. On yaşlı qızlar arasında sumqayıtlı Mələk İsmayıl çempion olmaq üçün son turda 1-ci yerdə gedən Estoniya şahmatçısına qalib gəlməli idi, o, gərgin mübarizədə buna nail olub.
Son turda 12 yaşlı qızlar arasında Bakı şahmatçısı Gövhər Beydullayeva gərgin mübarizədə qalib gələrək gümüş medal qazanıb.
Eyni vəziyyət 16 yaşlı qızların yarışında da yaşanıb. Şahmatçımız Aydan Höccətova son turda tanınmış Rusiya şahmatçısı əmsala görə çox üstün olan beynəlxalq usta Dvodzieva ilə qara fiqurlarla oynayıb. Əzmkarlıq nümayiş etdirən Aydan parlaq qələbə qazanaraq bürünc medala sahib olub.
Nəhayət, 14 yaşlı oğlanların yarışında Naxçıvan şahmat məktəbinin nümayəndəsi Pərviz Qasımov son turda əmsala görə özündən 350 bal üstün olan belaruslu Nikitenkonu məğlub edərək muxtar respublikaya Avropa çempionatından bürünc medal gətirən ilk şahmatçı olub. Bu qələbə ilə o, ermənistanlı Martivosyanı 3-cü yerdən məhrum edib.
Azərbaycan komandası ümumi komanda hesabında 45 ölkə arasında Rusiyadan sonra 2-ci olub.


Bu yazı

7385 dəfə oxunub

Tarix

2014-10-31 14:51:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev